Beynəlxalq konfransın birinci günü yekunlaşıb…


Azərbaycanın paytaxtında Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda beynəlxalq elmi konfransın birinci günü yekunlaşıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir BMT-nin müxtəlif strukturlarında dekolonizasiya sahəsində çalışan, eləcə də bu sahə üzrə ixtisaslaşmış alimlərin ilk beynəlxalq konfransıdır.

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov dünyada dekolonizasiya prosesinə dəstək verən qlobal platformaya və kolonializmdən əziyyət çəkən xalqlar üçün ümid mənbəyinə çevrilmiş BTQ-nin təşkilatçılığı ilə keçirilən konfransda müstəmləkəçilik probleminin elmi cəhətdən müzakirə ediləcəyini və onun beynəlxalq təşkilatların prizmasından nəzərdən keçiriləcəyini diqqətə çatdırıb.

Bu xüsusda, kolonializmdən əziyyət çəkən xalqların öz müstəqilliyi uğrunda mübarizə aparan siyasi partiyaların, QHT-lərin, hüquq müdafiəçilərinin BTQ-nin yaratdığı platformadan öz haqlı səslərini beynəlxalq ictimaiyyətinin diqqətinə çatdırmaq üçün istifadə etdiklərini vurğulayan A.Abbasov artıq növbənin elmi dairələrin təmsilçilərində olduğunu bildirib. Qonaqlar sırasında BMT-nin institutlarında təmsil olunan və BMT qurumları ilə sıx çalışan ekspertlərin yer aldığı xüsusi vurğulanıb.

A.Abbasov dünyanın bəzi bölgələrində müstəmləkəçiliyin müxtəlif təzahürlərinin şahidi olunduğunu qeyd edərək, onların müxtəlif vasitələrlə gizli şəkildə – siyasi, iqtisadi, maliyyə, mədəni və qanunvericilik strukturları vasitəsilə əbədiləşdirilməsinə çalışıldığını bildirib.

Məhz bu kontekstdə BTQ tərəfindən dekolonizasiya səylərinə dəstək göstərmək məqsədilə son iki ildə Qvadelup, Mayot, Kanaki (Yeni Kaledoniya), Fransız Qvianası, Reyunyon, Korsika, Martinik, Mao hi Nui (Fransız Polineziyası) və müstəmləkəçilikdən əziyyət çəkən digər ərazilərə həsr edilmiş konfranslar təşkil olunub.

Kolonializmin bütün müasir təzahürlərinin beynəlxalq hüquqi mexanizmlər, ictimaiyyətin məlumatlılığının artırılması və çoxtərəfli əməkdaşlıq vasitəsilə həll edilməli olduğunu vurğulayan A.Abbasov kolonializmin davam etməsinin BMT Nizamnaməsinə, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə və BMT Baş Assambleyasının digər çoxsaylı qətnamələrinə zidd olduğunu vurğulayıb.

O, tədbirin məqsədinin öz müqəddaratını təyin etmək hüququna hörmət edən dünya naminə intellektual bazanın dəstəklənməsi olduğunu bildirib.

Konfrans çərçivəsində “Müstəmləkəçiliyin ideoloji əsasları”, “Müqavimət və dekolonizasiya” mövzusunda panel iclaslarında BMT-nin Afrika Əsilli Xalqların Daimi Forumunun (PFPAD) üzvü (Sent-Lüsiya) xanım June Christine Marie Soomer, ABŞ-ı təmsil edən İdarəçilik üzrə beynəlxalq məsləhətçi Carlyle Corbin, PFPAD üzvü, kolumbiyalı pastor Elias Murillo Martinez, Əlcəzair Universitetinin elmi-tədqiqat işləri üzrə rəhbəri professor Chakib Benhafri, Cənub Sakit Okeanı Universitetində baş müəllim Lorenz Rudolf Gonschor, Əlcəzairdən olan elmi tədqiqatçı Hichem Daoud və ADA Universitetinin dosenti Murat Özkale çıxış ediblər.

Natiqlər qeyd ediblər ki, müstəmləkəçilik təkcə siyasi və iqtisadi təzyiq vasitəsi deyil, eyni zamanda, ideoloji əsaslarla bəraət qazandırılmış və uzun müddət davam etdirilmiş idarəetmə sistemidir. Tarix boyu imperiyalar tərəfindən tətbiq edilən müstəmləkəçilik siyasəti, əsasən, üstün irq, sivilizasiyanın yayılması və modernləşmə kimi anlayışlarla əsaslandırılıb.

Müstəmləkəçiliyin ideoloji dayaqları bir neçə əsas prinsipə söykənir. Bunlardan “Sivilizasiya missiyası” (“La mission civilisatrice”) – xüsusilə Fransa və Böyük Britaniya tərəfindən geniş istifadə edilən bu anlayış müstəmləkə siyasətinə bəraət qazandırmaq üçün formalaşdırılmışdı. Məqsəd guya “geri qalmış xalqlara” mədəniyyət, təhsil və inkişaf gətirmək idi. XIX əsrin sonlarından etibarən Avropada geniş yayılan sosial darvinizm və irqçi ideologiyalar bəzi xalqları “aşağı”, bəzilərini isə “üstün” irq kimi təqdim edirdi. Bu da müstəmləkələrin idarə olunmasına “elmi” əsas kimi təqdim edilirdi. Bu proses “İrqçi nəzəriyyələr” adını alıb.

Müstəmləkəçilik tez-tez dini missionerliklə birgə həyata keçirilirdi. Xristianlığı yaymaq adı ilə yerli əhali öz mədəni və dini dəyərlərindən uzaqlaşdırılır, Avropa dəyərləri tətbiq edilirdi. Eləcə də “Mədəni assimilyasiya”: müstəmləkə metropolları yerli xalqları öz dillərini, adət-ənənələrini və mədəniyyətlərini itirməyə məcbur edərək onları mərkəzin mədəni mühitinə uyğunlaşdırmağa çalışırdılar.

Bu ideoloji əsaslar təkcə müstəmləkəçilik dövründə deyil, həm də postmüstəmləkə dövrdə siyasi və iqtisadi asılılıq formalarında özünü göstərməyə davam edir. Bu gün bir çox tədqiqatçılar belə ideologiyaların yeni formalarda – neokolonializm adlandırılan siyasətdə hələ də mövcud olduğunu bildirirlər.

Müstəmləkəçiliyin ideoloji əsaslarının ifşası və bu siyasətin nəticələrinin beynəlxalq aləmdə müzakirəyə çıxarılması müasir dövrdə mühüm əhəmiyyət kəsb edir. Bakı Təşəbbüs Qrupu tərəfindən keçirilən beynəlxalq konfranslar da məhz bu istiqamətdə qlobal dialoqun formalaşmasına töhfə verir.

Qeyd olunub ki, müstəmləkəçilik və onunla mübarizə yolları həm də tədris proqramına əlavə edilməli, xüsusilə universitet səviyyəsində tədris edilməlidir.

Elmi konfransda BMT-nin dekolonizasiya sahəsi üzrə təcrübəli ekspertləri, Fransanın keçmiş və hazırkı müstəmləkələrində fəaliyyət göstərən tanınmış alimlər, beynəlxalq hüquq sahəsində tanınmış mütəxəssislər, xarici ölkələrin Azərbaycanda akkreditə olunan səfirləri, eləcə də deputatlar iştirak edirlər.

Tədbirdə müstəmləkəçilik siyasətinin ağır fəsadları, kolonial dövlətlərin əsarət altında saxladıqları xalqlara münasibətdə həyata keçirdikləri siyasət, tətbiq olunan ayrı-seçkilik metodları, habelə neokolonializmin tərkib hissəsi olan tətbiq edilən siyasi, iqtisadi və mədəni məhdudiyyətlər, millik kimliyin məqsədli şəkildə itirilməsi siyasəti elmi və metodoloji yanaşmalar əsasında dərindən təhlil olunur.

Beynəlxalq hüququn, habelə BMT qətnamələrinin tələbi olan dekolonizasiya prosesinin yekunlaşdırılmasının kolonial güclər tərəfindən qarşısının alınması və bu kontekstdə beynəlxalq təşkilatlar çərçivəsində mövcud imkanlardan istifadə, təsirli mexanizmlərin həyata keçirilməsi, həmçinin sistemli bərabərsizliklərin beynəlxalq təşkilatlar səviyyəsində həlli yolları müzakirə olunub.

Konfrans sual-cavab sessiyası ilə davam edib.

Əlaqəli Xəbərlər