Fransada artan irqçilik və anti-İslam əhvali-ruhiyyəsi daha bir faciəyə səbəb olub.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Puget-sur-Argens (Var) kommunasında 46 yaşlı Tunis əsilli bərbər İşem Miraui qonşusu tərəfindən irqçi motivlərlə qətlə yetirilib. Qatil əvvəllər sosial şəbəkələrdə xarici əsilli insanlara qarşı zorakılığa çağıran və irqçi ifadələr səsləndirən videolar yayırmış.
Qurbanın ailəsinin vəkili M.Battix cinayətdən sonra verdiyi açıqlamada Fransada hökm sürən siyasi və ictimai mühiti sərt tənqid edib. O, irqçiliyin dövlət strukturlarında susqunluqla qarşılanmasını qınayaraq deyib: “Yanğınsöndürənlər özləri törətdikləri yanğını söndürməyə gəlirlər”. Vəkilin sözlərinə görə, İşem Mirauinin ölümü son illərdə ölkədə dərinləşən irqçi və anti-İslam mühitin nəticəsidir.
Cinayətin irqçi motivlərlə əvvəlcədən planlaşdırıldığı, əcnəbilərə qarşı nifrət zəminində törədildiyi və terror elementi daşıdığı bildirilir.
Vəkil Battix daha əvvəl də bu təhlükə barədə xəbərdarlıq etdiyini xatırladıb. O, Qard departamentindəki məsciddə onlarla bıçaq zərbəsi ilə öldürülən Mali əsilli 22 yaşlı Əbubakar Sissenin faciəsindən sonra səlahiyyətli orqanlara müraciət etdiyini vurğulayıb. Vəkil həmin vaxt Milli Terrorla Mübarizə Prokurorluğuna bunun tək hadisə olmadığını və tədbir görülməsinin vacibliyini bildirmişdi.
Baş verən son olaydan sonra Tünisin daxili işlər naziri Xalid Nuri fransız həmkarı Brüno Rötyo ilə telefon danışığı apararaq Fransadakı Tunis icmasının təhlükəsizliyinin təmin olunmasını tələb edib.