Bu gün “Şahdəniz” konsorsiumu Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən nəhəng “Şahdəniz” qaz yatağının işlənməsinin növbəti mərhələsi olan yeni “Şahdəniz Kompressiya” (ŞDK) layihəsi üçün yekun investisiya qərarını elan edib. SİA bp-nin yaydığı məlumata istinadən xəbər verir ki, dəyəri 2,9 milyard dollar olan ŞDK layihəsi yatağın işlənməsinin əvvəlki iki mərhələsinin davamıdır. Bu layihədə məqsəd yataqdakı aşağı təzyiqli qaz ehtiyatlarını əlçatan etməklə onların hasilatını təmin etmək və beləliklə yataqdan maksimum qazvermə əmsalına nail olmaqdır. Layihənin yataqdan təxminən 50 milyard kubmetr əlavə qaz və 25 milyon barelə yaxın əlavə kondensat hasilatına və ixracına imkan yaradacağı gözlənilir.
ŞDK layihəsi üzrə yekun investisiya qərarının rəsmi imzalanması bu gün Bakı Enerji Həftəsi çərçivəsində baş tutub.
SOCAR-ın prezidenti Rövşən Nəcəf deyib: ““Şahdəniz Kompressiya” layihəsi Azərbaycanın enerji tarixində yeni və mühüm bir səhifədir. Bu layihə resursların uzunmüddətli işlənməsi, texnoloji irəliləyiş və beynəlxalq tərəfdaşlığa sadiqliyimizi əks etdirir. Bu investisiya “Şahdəniz”in regionda və ondan kənarda mühüm enerji mənbəyi kimi rolunu daha da gücləndirəcək və eyni zamanda yerli iqtisadiyyatımız və işçi qüvvəsi üçün yeni imkanlar yaradacaq. Elektriklə işləyən, heyətsiz kompressiya platforması texnologiyasının tətbiqi regionda dəniz işlənmələri sahəsində müasir və səmərəli bir yanaşmadır. Bununla yanaşı layihənin yerli tikinti resurslarından və təcrübədən istifadəyə üstünlük verməsi ölkənin potensialının qurulmasına və iqtisadi artımın dəstəklənməsinə olan sadiqliyimizi göstərir. Bütün tərəfdaşlarımıza davamlı etimadlarına və əməkdaşlığa görə təşəkkür edirik. SOCAR bu layihənin təhlükəsiz və səmərəli, həmçinin Azərbaycan və tərəfdaşlarımız üçün maksimum fayda gətirəcək şəkildə həyata keçirilməsi üçün çalışacaq”.
“Şahdəniz” yatağının operatoru olan bp şirkətinin regional prezidenti Qəri Counz deyib: “Bu mühüm layihə dünyanın ən böyük və mürəkkəb qaz yataqlarından biri olan “Şahdəniz”in qarşıdan gələn onilliklər ərzində qlobal iri enerji təchizatçısı kimi qalmasına və bu nəhəng yataqdan maksimum ümumi hasilat əldə etməyə imkan yaradacaq. Bu uğur yolumuzda göstərdikləri dəstəyə və əməkdaşlığa görə Azərbaycan hökumətinə, SOCAR-a və “Şahdəniz” layihəsindəki tərəfdaşlarımıza təşəkkür edirik”.
Layihə çərçivəsində yeni kompressiya obyektinin – elektriklə işləyən, heyətsiz kompressiya platformasının (və ya Əsasən Heyətsiz Qurğu (eNUI)) inşası nəzərdə tutulur. Platforma suyun 85 metr dərinliyində, mövcud “Şahdəniz Bravo” (ŞDB) platformasından təxminən 3 kilometr məsafədə quraşdırılacaq.
Üzərində dörd ədəd 11 meqavatlıq kompressor quraşdırılacaq ŞDK platforması həm “Şahdəniz Alfa” (ŞDA), həm də ŞDB platformalarından hasil edilən qazın kompressiyası üçün ana qurğu kimi xidmət göstərəcək. Bu o deməkdir ki, hər iki platformadan hasil edilən ixrac qazı qurudakı Səngəçal terminalına göndərilməzdən əvvəl ŞDK-də kompressiya olunacaq.
Layihə həmçinin “Şahdəniz” müqavilə sahəsində quraşdırılacaq bir sıra əlaqədar obyektləri də əhatə edir. Bunlara daxildir:
• Mövcud ŞDA və ŞDB platformalarının qaz ixrac xətlərinə birləşən yataqdaxili sualtı qaz boru kəmərləri.
• ŞDK platformasını enerji ilə təchiz etmək üçün Səngəçal terminalından çəkilən birləşdirilmiş elektrik və fiber-optik kabel xətti.
• ŞDB-dən ŞDK platformasına birləşdirici ehtiyat elektrik və fiber-optik kabel xətti.
Bundan əlavə, layihə ŞDA, ŞDB və Səngəçal terminalında mövcud infrastruktur üzərində aparılacaq bir sıra işləri də əhatə edir.
Tikinti işlərinin 2025-ci ilin sonlarında başlanacağı planlaşdırılır. Tikintinin 2029-cu ildə başa çatması ilə ŞDK platformasının həmin ildə ŞDA-dan, 2030-cu ildə isə ŞDB platformasından hasil edilən qaz həcmlərini kompressiya etmək üçün qəbul etməyə hazır olacağı planlaşdırılır. Tikinti işləri ölkə daxilində yerli resurslardan istifadə etməklə həyata keçiriləcək və 4000-ə qədər iş yeri yaradacaq.
“Şahdəniz”də iştirak payları belədir: bp (operator – 29,99 faiz), LUKOYL (19,99 faiz), TPAO (19,00 faiz), Cənub Qaz Dəhlizi (16,02 faiz), NİKO (10,00 faiz) və MVM (5,00 faiz).