Türkiyədə zəlzələ nəticəsində yaralanan 46 nəfərin müalicəsi davam edir


Ötən gecə Aralıq dənizində baş verən, Türkiyənin Muğla vilayətində və ətraf bölgələrdə hiss edilən zəlzələ ilə bağlı ölkə rəsmiləri açıqlama veriblər. SİA xəbər verir ki, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum zəlzələdən sonra başladılan zərərin müəyyənləşdirilməsi işlərinin davam etdiyini, lakin indiyə qədər heç bir dağıntının qeydə alınmadığını bildirib.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya deyib ki, ilkin müəyyənləşdirmələrə görə yaşayış binalarında dağıntı yoxdur. Lakin Muğla vilayətinin Fethiyə rayonunda 14 yaşlı qız zəlzələ zamanı təşviş keçirərək həyatını itirib. Muğla və ətraf bölgələrdə təşviş və yüksəkdən tullanma nəticəsində 69 nəfər yaralanıb, onlardan 46-nın müalicəsi davam edir.

Qeyd edək ki, iyunun 3-ü gecə Aralıq dənizinin Türkiyənin Muğla vilayətinin Marmaris rayonu sahillərinə yaxın bölgəsində 5,8 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar yerli vaxtla saat 02:17-də qeydə alınıb.

Əlaqəli Xəbərlər