Yayda yanacaq sərfiyyatını necə azaltmaq olar?


”Yanacaq sərfiyyatını artıran bir çox amil var ki, sürücülərin çoxu bunlara diqqət yetirmir. Məsələn, kondisioner mühərrikin əlavə güc sərf etməsinə səbəb olur və bu da yanacaq xərclərini artırır. Yay aylarında bu təsir daha da hiss olunur”. Bu sözləri SİA-ya açıqlamasında Performance Center Satış sonrası xidmət departamentinin rəhbəri Razil Nağıyev deyib.

Razil Nağıyev sözlərinə belə davam edib: “Təkərlərin təzyiqi də mühüm rol oynayır. Əgər təkərlərdə hava azdırsa, yol ilə sürtünmə artır və nəticədə avtomobil daha çox yanacaq sərf edir. Yayın isti günlərində hava təzyiqi dəyişkən olur, buna görə də təkərləri vaxtaşırı yoxlamaq vacibdir. İstehsalçının tövsiyə etdiyi təzyiq səviyyəsini qorumaq həm təhlükəsizlik, həm də yanacağa qənaət baxımından faydalıdır.

Çirkli hava filtri mühərrikin səmərəli işləməsinə mane olur. Hava axını zəiflədiyi üçün mühərrik daha çox işləməli, bununla da daha çox yanacaq sərf etməli olur.

Avtomobildə daşınan artıq yüklər də mühərrikin yükünü artırır. Xüsusilə dam üstü yük qutuları — hətta boş olduqda belə — aerodinamik müqaviməti artıraraq yanacaq sərfini 10–20 faizə qədər artıra bilər.

Sürmə tərzi də yanacaq sərfiyyatına təsir edir. Qəfil sürətlənmələr və ani əyləclər sərfiyyatı artırır. Əvəzində, sabit və orta sürətlə hərəkət etmək daha qənaətlidir. Əgər avtomobil kruiz kontrol (cruise control) sistemi ilə təchiz olunubsa, magistral yollarda ondan istifadə etmək yanacağa qənaət edə bilər.

Sonda bir kiçik məsləhət də: yanacağı səhər və ya axşam saatlarında doldurmaq daha məqsədəuyğundur. Hava sərin olduqda yanacaq buxarlanması azalır, bu da itkisiz və daha səmərəli dolumu təmin edir”.

Ayşən Vəli

Əlaqəli Xəbərlər