“Azərbaycan Bakı Enerji Forumunu artıq 30 ildir təşkil edir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Nigar Məmmədova deyib.
O bildirib ki, bu uğurlu yolun başlanğıcı isə 1994-cü ildən start götürüb: “Belə ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində qlobal enerji səhnəsində ilk cəsarətli addımlarını atan Azərbaycan sabit siyasi sistemi, inkişaf edən iqtisadiyyatı olan ölkəyə çevrilib. Yubiley münasibətilə göndərilən təbrik məktublarında da Azərbaycanla əməkdaşlıqda enerji müstəqilliyinin dayanıqlılığı əsas prioritet kimi vurğulanır, ölkəmizin enerji gündəliyi davamlı olaraq dəstəklənir. “Əsrin müqaviləsi”ndən Cənub Qaz Dəhlizinə qədər Azərbaycanın həqiqətən də enerji təhlükəsizliyinin regionda və daha geniş coğrafiyada həlledici oyunçu olduğunu sübut etdiyi qeyd olunur.
Beləliklə, “Bakı Enerji Həftəsi” enerjinin gələcəyini formalaşdırmaq üçün hökumətləri, qlobal şirkətləri və sənaye ekspertlərini bir araya gətirir. 30 ölkədən 200-dən çox şirkəti qəbul edən builki forumun açılış məsamində dövlət başçımız da vurğuladı ki, “bizim enerji siyasətimiz iqtisadi və siyasi uğurumuzun aparıcı qüvvəsidir”.
Azərbaycan regionda yeni mühit formalaşdırır, Avropanın enerji təhlükəsizliyinin təminatçısına, Avrasiyanın vacib nəqliyyat qovşaqlarının birinə çevrilib. Bir il əvvəl Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı 8 idisə, bu gün artıq bu rəqəm 12-yə çatıb. İxrac coğrafiyasının genişlənməsi Azərbaycanın geosiyasi əhəmiyyətinin ilbəil artdığını təsdiqləyir”.
“Azərbaycan həm də enerji resurslarının düzgün idarə edilməsi, hər zaman istehsalçılar, tranzit ölkələr və istehlakçılar arasında maraqlar balansına diqqət yetirilməsi nümunəsi sərgiləyir.
Dünyada qazıntı yanacağı növləri ilə yaşıl enerji arasında olan balansın nəzərə alınmadığı bir vaxtda ölkəmiz həm də yaşıl gündəliyini zənginləşdirməkdədir. Belə ki, Azərbaycan 2030-cu ilədək 6,5 giqavat həcmində istehsal edilə biləcək bərpaolunan enerji gücünə malik olacaq.
Təsadüfi deyil ki, məh zötən il “Bakı Enerji Həftəsi” çərçivəsində 1000 meqavat yaşıl enerji həcmində müqavilələr imzalandı. Budəfəki tədbir çərçivəsində də yeni sazişlər imzalandı.
COP29-un ev sahibi kimi Azərbaycan enerji bazarında məsuliyyətli aktor, hər zaman real hədəfləri qarşısına qoyan və müxtəlif oyunçuları bir araya gətirən etibarlı tərəfdaş kimi yadda qaldı.
Bir sözlə, Azərbaycan enerji sahəsində dünya miqyaslı mühüm aktora çevrilib. Bütün tərəfdaşlar Azərbaycanın enerji sektorunda liderliyini və qlobal enerji təhlükəsizliyini təqdir edir” – deyə o, əlavə edib.