“COP29 ən əhəmiyyətli və tarixi iqlim konfranslarından biri kimi tanınıb”


BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) əldə edilmiş nəticələr sayəsində ən vacib və tarixi iqlim konfranslarından birinə çevrilib. SİA xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev 30-cu Yubiley Bakı Enerji Forumu çərçivəsində bildirib.

“COP29-un keçirildiyi konteksti, eyni zamanda geosiyasi çətinlikləri, danışıqlar prosesinin özünün çağırışlarını nəzərə alsaq bunu iddia etməyə haqqımız var. Ötən il 60-dan çox ölkədə seçkilər keçirilib və bir sıra hallarda bu, əhəmiyyətli siyasi dəyişikliklərə səbəb olub. Hakimiyyətə gələn bəzi hökumətlər iqlim dəyişikliyi və onun nəticələri ilə mübarizə məsələlərində başqa, bəzən isə radikal şəkildə fərqlənən mövqe tutublar”, – Y.Rəfiyev qeyd edib.

Onun sözlərinə görə, bu amillər danışıqları və tərəflər arasında konsensusa nail olmağı əhəmiyyətli dərəcədə çətinləşdirib.

“COP prosesinin institusional strukturunu da anlamaq vacibdir. Paris Sazişi çərçivəsində üç əsas istiqamət fəaliyyət göstərir: təsirlərin yumşaldılması, uyğunlaşma və maliyyələşdirmə. Hər bir COP konfransı rotasiya prinsipi ilə əsasən bu sahələrdən birinə fokuslanır. Bakıdan iqlim maliyyələşdirməsi sahəsində irəliləyiş gözlənilirdi”, – Y.Rəfiyev vurğulayıb.

COP29-un baş danışıqçısı bildirib ki, maliyyələşdirmə ön plana çıxır: “Ölkələrin öz iqlim öhdəliklərini və ambisiyalarını həyata keçirə bilməsi üçün həm texnoloji həllər, həm də potensialın artırılması üzrə tədbirlərin həyata keçirilməsi zəruridir”.

Əlaqəli Xəbərlər