İlahiyyatçı, publisist Hacı Rahim İsmayılovun SİA-ya müsahibəsini təqdim edirik:
– Qurbanı niyə kəsirik?
– İslamda qurban ibadətinin hökmü fərqli durumlara görə dəyişir. Əsasən iki qrup insana aiddir:
1. Həcc ziyarətinə gedənlər üçün qurban kəsmək vacibdir. Həcc əməlləri tamamlandıqdan, yəni Zilhiccə ayının 10-da “təqsir” (baş tükünü kəsmə) əməli yerinə yetirildikdən sonra qurban kəsilir. Bu, Həcc ziyarətinin bir hissəsidir və imkanı olanlar üçün vacibdir. İmkanı olmayanlar isə üç gün Həccdə, yeddi gün evlərinə qayıtdıqdan sonra olmaqla ümumilikdə on gün oruc tutmaqla bu vacib əməldən azad olurlar.
2. Həccə getməyən müsəlmanlar üçün qurban kəsmək vacib deyil, müstəhəb – yəni savab qazandıran gözəl bir əməldir. Bu qurban da yalnız və yalnız Allah rizası üçün, İsmail (ə) qissəsinin təcəssümü olaraq kəsilir. Qurani-Kərimdə qurban haqqında müxtəlif ayələr mövcuddur. Xüsusilə Kövsər surəsinin 2-ci ayəsində Allah belə buyurur: “Rəbbin üçün namaz qıl və (Onun yolunda) qurban kəs!” Bu ayə təkcə qurban ibadətini əmr etmir, eyni zamanda onun məqsədini göstərir: namaz və qurban – Allah’a təslimiyyətin rəmzidir. Qurbanın Allah qatında qəbul olmasının ölçüsü heyvanın əti və qanı deyil, qurban kəsənin ixlası və niyyətidir. Bu, Həcc surəsinin 37-ci ayəsində açıq şəkildə bəyan olunur. Qurban kəsmək bir ibadətdir, lakin sadəcə qan axıtmaq və ya ət paylamaq deyil. O, insanın Allaha yaxınlaşmaq arzusu, təslimiyyət nişanəsi, qəlbi və ruhi tərbiyəsi və sosial yardımlaşma vasitəsidir. Hz. İbrahimin (ə) oğlunu Allah yolunda qurban etməyə hazır olmasından qaynaqlanır. Bu, insanın Allah qarşısında öz istəklərini, sevgilərini, hətta övladını belə qurban verməyə hazır olmasının timsalıdır. Qurban fədakarlığın, təslimiyyətin, imanın simvoludur. “Qurban” sözünün öz kökü “qərib” – yəni “yaxın” sözündəndir. Bu ibadət, insanın Allaha daha çox yaxınlaşmaq üçün etdiyi səmimi bir təqdimdir. Qurban yalnız ibadət deyil, həm də ictimai paylaşma və mərhəmət ibadətidir. Əti kasıblara, ehtiyac sahiblərinə paylamaqla cəmiyyətin zəif təbəqəsi unudulmur, paylaşma ruhu güclənir. Əgər bir insan ailəsinin əsas ehtiyaclarını – uşağının geyimini, evinin ehtiyacını, həyat yoldaşının zəruri xərclərini qarşılamadan, təmtəraq üçün qurban kəsirsə, bu, israfdır və dini baxımdan məqbul deyil. Allah heç bir ibadətdə insanı çətinliyə salmaq istəmir. Quran və sünnəyə görə imkanı olan insanlar bu ibadəti yerinə yetirməlidir. Qurban kəsmək sadəcə bir heyvanın boğazlanması deyil, Allah rizası üçün edilən bir təslimiyyət və təqva ibadətidir, eyni zamanda sosial həmrəylik, ictimai ədalət, və qəlb təmizliyi üçün vasitədir. Biz qurban kəsərkən bu ibadəti İbrahim (ə) və İsmail (ə) qissəsini xatırlayaraq, səmimiyyətlə, təkcə formaya deyil, məzmununa yönələrək yerinə yetirməliyik.
– Qurban kəsərkən nələrə diqqət edilməlidir? Qurbanlıq necə seçilməlidir?
– Qurban kəsmək məsələsində ilk öncə bunu başa düşməliyik ki, bu ibadət sadəcə bir heyvanın kəsilməsi deyil. Bu, Allah’a yaxınlaşmaq üçün bir vəsilədir, bir təslimiyyət, bir itaət nümunəsidir. Allah bizim nə kəsdiyimiz heyvanın ətinə, nə də qanına möhtacdır. Qurani-Kərim açıq şəkildə buyurur ki: “Onların nə ətləri, nə də qanları Allaha çatmaz. Allaha yalnız sizin təqvanız çatar.” Bu ibadətin kökü çox dərindir, hələ İbrahim peyğəmbərin öz oğlunu Allah yolunda qurban verməyə hazır olduğu sınaqla başlamışdı. O gündən bəri qurban Allaha təslimiyyətin və sevginin simvoluna çevrilib. Qurban kəsərkən heyvan seçiminə xüsusi diqqət yetirilməlidir. Qurani-Kərim Həcc surəsinin 34-cü ayəsində buyurur ki, biz hər bir ümmətə qurban ayini təyin etdik ki, onlara verilən dördayaqlı heyvanlar üzərindən Allahın adını zikr etsinlər. Yəni bu ibadətə ancaq qoyun, keçi, inək, camış və dəvə aiddir. Başqa heyvanlar, məsələn, toyuq, xoruz və ya digər ikiayaqlı heyvanlarla qurban olmaz. Yaş məsələsinə də diqqət yetirilməlidir:
• Qoyun və keçi – ən azı bir yaşında olmalıdır.
• İnək və camış – iki yaşını tamamlamış olmalıdır.
• Dəvə – beş yaşını bitirməlidir.
Qoyun və keçi yalnız bir nəfərin adından qurban kəsilə bilər. Lakin böyük heyvanlar – inək, camış və dəvə – ən çox yeddi nəfərin niyyəti ilə kəsilə bilər. Bəzən insanlar dost-tanışla bir yerə yığışıb böyük heyvan alırlar, bu, tamamilə doğrudur. Amma hər kəsin niyyəti qurban olmalıdır, sadəcə ət almaq üçün belə bir işə girişmək olmaz. Qurbanlıq heyvanın fiziki durumu da vacibdir. Kəsiləcək heyvan kor, topal, açıq-aşkar xəstə, qulağı və ya buynuzu ciddi zədələnmiş, çox zəif olmamalıdır. Bu heyvanlardan qurban olmaz. Allah’a edilən bir ibadətdə keyfiyyətli və sağlam olan seçilməlidir. Qurbanı kəsmək işini mümkün qədər ailə başçısı özü etməlidir. Əgər bacarmırsa, etibarlı bir şəxsə vəkil verə bilər. Lakin niyyət özündə olmalı, ruhən bu ibadətin içində olmalıdır. Uşaqların, ailənin bu anı yaşaması da bir tərbiyədir. Qurban ətini necə bölmək lazımdır? Bu da mühüm bir məsələdir. Ən gözəl yanaşma budur:
• Bir hissəsi kasıblara – yəni ehtiyacı olanlara.
• Bir hissəsi qohum-qonşuya – sevinc paylaşmaq üçün.
• Bir hissəsi isə öz evinə – ailə ilə birlikdə bu ibadətin ləzzətini yaşamaq üçün.
Bir başqa bölgü də var: 7 pay sistemi. Bu yanaşmada:
Bir hissə kasıblara verilir, bir hissə qohum-qonşuya hədiyyə olunur, bir hissə isə öz evinə saxlanılır. Əsas məsələ paylamaqda deyil, niyyətin saflığında, paylaşma ruhunda, rəhmət duyğusunda və Allaha yaxınlaşma niyyətindədir. Əgər kimsə ailəsinin ehtiyacını ödəmədən, borc içində olarkən qurban kəsirsə, bu artıq ibadətdən çox formalığa çevrilir. Allah bizdən ilk növbədə əxlaq və ədalət istəyir. Qurbanın fəlsəfəsi budur: maldan, canından, ehtiyaclarından bir parça verərək Allah’a yaxınlaşmaq. Bu, bir sadə kəsmə əməli deyil, bu, təqvanın bədən dilidir. Biz qurban kəsdiyimizdə əslində Allah’a “Sənin yolunda hər şeyimdən keçməyə hazıram” mesajını veririk.
– Bəziləri heyvan kəsmir, əvəzində qurbanın pulu ilə yardım edir. Bu, düzdür?
– Ümumiyyətlə, qurban məsələsində müxtəlif yanaşmalar var. Əsas məsələ qurbanın fəlsəfəsini və vacibliyini düzgün anlamaqdadır. Bu ibadəti sadəcə bir heyvan kəsmək kimi başa düşmək olmaz. Xeyr, bu ibadətin dərin bir mənəvi məğzi var, bu, Allaha yaxınlaşma yoludur. İslamda vacib qurban deyəndə, əsasən üç növ ibadət nəzərdə tutulur. Mən sizə bir-bir izah edim:
1. Həcc mövsümündə kəsilən qurban – Həcc qurbanı
Bu birinci növbədə Həcc ziyarətinə gedənlər üçündür. Həcc mövsümündə, Məkkədə, Mina çölündə, bütün həcc əməlləri başa çatdıqdan sonra Zilhiccə ayının 10-da qurban kəsmək vacib olur. Amma burada da imkan məsələsi əsasdır. Əgər insanın imkanı yoxdursa, yəni qurban almağa pulu çatmırsa, alternativ olaraq oruc tutmaqla bu ibadətin əvəzinə keçə bilər. Bu, Allahın insana olan mərhəmətidir. Amma əgər imkanı varsa, o zaman bu vacib ibadəti yerinə yetirməlidir.
2. Nəzirlə bağlı kəsilən qurban – Nəzir qurbanı
Bu, ikinci vacib növdür. Bəzən insan bir işi üçün Allah’a dua edir, deyir: “İlahi, əgər bu işim düzəlsə, Sənin rizan üçün qurban kəsəcəyəm.” Bu artıq nəzir olur. Nəzir nədir? Bu, Allahla bağlanan mənəvi əhd-peymandır. Söz vermisən, vəd vermisən. O işin yerinə yetdikdən sonra, artıq bu qurban sənin boynunda vacib olur. Yerinə yetirilmədiyi təqdirdə, insan bu sözünə xilaf çıxmış olur. Ona görə də, nəzir ağılla edilməlidir, düşünülmədən “qurban deyirəm” demək doğru deyil.
3. Sədəqə qurbanı – Yəni yardım məqsədli nəzir
Bəzi insanlar heç bir konkret niyyət etmədən, sadəcə deyirlər: “İlahi, Sənin rizan üçün bir qurban kəsəcəyəm və ətini sədəqə verəcəyəm.” Bu da bir nəzir növüdür, və bu da vacib olur, çünki artıq Allahla bir əhd bağlamısan. Əgər bunu söz vermisənsə, artıq yerinə yetirməyə borclusan. Yəni sədəqə məqsədli olsa da, sözdə deyilibsə, bu da boynunda vacib bir məsuliyyətə çevrilir.
Bundan əlavə əqiqə qurbanı da var. Bu, övlad dünyaya gəldikdə kəsilən qurban növüdür. Bəli, bu vacib deyil, müstəhəbdir. Həm uşağa dua, həm də ailəyə bərəkət üçün edilir. Əgər kəsmək imkanın yoxdursa, bəziləri deyir ki, onun pulunu sədəqə kimi vermək olar. Amma yenə də bu, İslamın gözəl ənənələrindəndir. Amma bu məsələlərin bir də milli-mənəvi tərəfi var. Məsələn, necə ki, Novruz Bayramında süfrədə səməni, şəkərbura, paxlava, çörək, yumurta, qoz, alma kimi yeddi nemət qoyulur, – bu, bizim milli dəyərimizdir, eləcə də Qurban Bayramı İslamın dini ənənəsidir. Sadəcə pul verib qurtarmaqla bu dəyəri qorumaq olmaz. Bayram yaşanmalıdır, onun ruhu evlərə, süfrələrə, qəlblərə girməlidir. Əgər Həccə gedə bilməmişiksə də, evimizdə Hz. İbrahim və İsmailin o böyük təslimiyyətini xatırlayaraq, İsmail niyyəti ilə qurban kəsə bilərik. Çünki Qurani-Kərim bizə demir ki, “pul verin”, açıq şəkildə buyurur: “Rəbbin üçün namaz qıl və qurban kəs.” (Kəvsər, 2) Bax bu ruhla, bu niyyətlə kəsilən qurbanların savabı sonsuzdur. Əgər biz Həccə gedə bilməmişiksə, lakin bu niyyətlə evimizdə qurban kəsmişiksə, Allah bəlkə də Həcc savabını belə bizə yaza bilər. Çünki burada əsas məsələ niyyətdir, səmimiyyətdir, təslimiyyətdir.
– Bəziləri qurban kəsmir, ət alır. Bunun qurbana aidiyyəti var?
– Bu gün bəzən sosial şəbəkələrdə, bəzi saytlarda görürük ki, yazırlar: “Qurban əti satılır.” Bu ifadə tamamilə yanlışdır! Təkcə yanlış yox, günahdır, üstəlik insanları aldatmaqdır! Qurban əti nə vaxtdan satış predmeti olub? Qurban ibadətdir, qurban niyyətdir, qurban Allaha yaxınlaşmaqdır! Bu, bazar malı deyil, bu bir rəmzdir! Rəbbimizin adını anaraq, Onun rizasını qazanmaq üçün etdiyimiz müqəddəs bir əməldir. Əgər bir insan, qurban adı ilə bir heyvanı kəsib sonra onu satmaq niyyəti ilə hərəkət edirsə, bu zaman niyyət pozulur! Artıq o əti nə qurban, nə ibadət saymaq mümkün deyil. Bu artıq insanları aldatmaqdır! Bir insanı bilərəkdən aldatmaq haramdır. Bu əti satan da, bilə-bilə alan da bu günahda ortaq olur. Kimsə deyə bilər: “Mən heyvan kəsdim, qurban niyyəti etdim, indi də satıram.” Bu mümkün deyil! Əgər qurban kəsibsənsə, onu ya özün yeməlisən, ya da pay verməlisən. Sən onu pulla dəyişə bilməzsən. Bu artıq ibadətin mənasını dəyişməkdir. Unutmayaq ki, Allah nə bizim kəsdiyimiz heyvana, nə də onun ətinə möhtac deyil. Qurani-Kərimdə açıq şəkildə buyurulur: “Onların nə ətləri, nə qanları Allaha yetişər. Allaha yalnız sizin təqvanız (niyyətiniz) yetişər.” Deməli, Allah əti deyil, səmimi qəlbdən edilən qurban niyyətini qəbul edir. Qurban kəsərkən məqsəd Allaha yaxınlaşmaq, kasıbları sevindirmək, möhtaclara pay vermək olmalıdır. Əti satmaq, artıq bu niyyəti təhrif edir. O artıq qurban olmur, sadəcə bazarda satılan bir ət parçası olur. Əgər o ət pulla alınırsa, o artıq ibadət dəyərini itirir. Bu zaman nə alan savab qazanır, nə satan, əksinə hər ikisi bu məsələni oyun-kuləyə çevirir, halbuki bu iş Allaha yönəlik ciddi bir ibadətdir. Əgər bir insanın imkanı yoxdursa, qurban əti ala bilmirsə, o insana bu əti pay kimi, sədəqə kimi, Allah rizası üçün vermək lazımdır. Allah Quranda buyurur: “Biz göyü, yeri və oradakı bütün nemətləri yaratdıq, sənə verdik. İndi sən də mənim üçün, mənim adımı çəkərək bir qurban kəs.” Burada məqsəd sadəcə heyvan kəsmək deyil, məqsəd Allaha təslim olmaq, Hz. İbrahim və Hz. İsmail kimi bir təslimiyyət nümayiş etdirməkdir. Əgər sən bu ruhu itirirsənsə, o zaman kəsdiyin qurbanın mənası nədir? Unutmayın! Qurban əti satılmaz. Qurban bazar malı deyil. Qurban Allah üçün edilən müqəddəs bir təqdimatdır. Onun ətindən istifadə isə Allaha təqva ilə yaxınlaşmaq üçün bir vasitədir. Kim bunu əməllə, səmimiyyətlə edərsə, Allah da onun niyyətini qəbul edər.
– Bəzi insanlar yas mərasimindən sonra içki içirlər. Bu, günah sayılır?
– İçki içmək İslam dinində tamamilə haramdır. Bəli, bu məsələdə heç bir tərəddüd, heç bir güzəşt yoxdur. Qurani-Kərimdə açıq şəkildə buyurulur: “Ey iman gətirənlər! İçki, qumar, bütlər və fal oxları şeytan əməlindən bir murdarlıqdır. Bunlardan uzaq durun ki, nicat tapasınız!” Amma təəssüf ki, bəzi cəmiyyətlərdə, bəzi günlərdə, bəzi məclislərdə bu haram adətə çevrilib. Deyirlər, “bayramdır, içək”, “toydu, içək”, “əhdi var, içək.” Onun üçün xüsusi gün, bəhanə, vəziyyət yoxdur. Mən özüm bir bölgədənəm, orada görmüşəm, el arasında insanlar bir ay içmirlər, ya 60 gün içmirlər, sonra deyirlər ki, “artıq bu gün içə bilərik.” Sual verirəm: Niyə? Əgər bilirsiniz ki, zərərlidir, niyə içirsiniz? Əgər Allah haram buyurubsa, niyə bu haramı məclis adıyla, bayram adıyla halala çevirməyə çalışırsınız? Baxın, qurban bayramı gəlir. Qurban kəsilir, ehsan verilir. İnsanlar Allah yolunda heyvan kəsir, niyyət edir, dua edir. Amma sonra həmin süfrəyə içki gətirirlər. Bu nə deməkdir? Bir əli ilə ibadət, o biri əli ilə üsyan etmək. Bu, Allaha qarşı sayqısızlıqdır. Bu, elə bil valideynin üzünə ağ olmaq kimidir. Deyək ki, bir uşaq valideyninə hədiyyə verir, amma eyni zamanda onun qadağan etdiyi bir işi qəsdən edir. Bu nədir? Bu, təəssüf ki, minnətsiz bir itaətsizlikdir. Bax, içki ilə ehsanı, içki ilə qurban süfrəsini bir yerə qoymaq da eynilə belədir. Allaha verilən sözü pozmaq, Onun qarşısında üsyankar olmaqdır. İçki nə verir insana? Nə mənəvi rahatlıq, nə cismi sağlamlıq, nə də ailə səadəti. Əksinə: Beyinə ziyan, qalxan təzyiqlər, ailədə münaqişələr, mənəvi düşkünlük, sosial pozuntular verir. Bir sözlə, nə dünyada faydası var, nə axirətdə. Həm dünyanı viran edir, həm axirəti məhv edir. Ona görə də, mən bir vətəndaş, bir müsəlman, bir insan olaraq xahiş edirəm: Gəlin, içkidən uzaq duraq. Xüsusilə də, müqəddəs günlərdə, ibadət məclislərində, ehsan süfrələrində, qurban əti yeyilən məkanlarda içkiyə yer verməyək. Çünki o an əgər içki içilərsə, bu, Allaha yaxınlaşmaq yox, əksinə Allahdan uzaqlaşmaq olur. O an o süfrədə içki olarsa, bu, qurban niyyətinə xəyanət olur. Unutmayaq, içki içmək bir günah deyil sadəcə. O, həm də ibadətlərin qədrini bilə-bilə tapdalamaqdır. Gəlin, Allahın bizə verdiyi sağlamlığı, ağlı, qəlbi içkinin deyil, imanın yolunda istifadə edək.