“Son günlərdə “Hörümçək Toru” əməliyyatı kimi tanınan hadisə, həm dünya, həm də Azərbaycanın kütləvi informasiya vasitələrində geniş müzakirə mövzusuna çevrilmişdir. Bu əməliyyatın yalnız görünən deyil, həm də görünməyən geosiyasi və strateji aspektləri mövcuddur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Azad Məsiyev deyib.
O bildirib ki, əməliyyatın yüksək peşəkarlıqla həyata keçirilməsi göstərir ki, Rusiya Federasiyasının xüsusi xidmət orqanları bu proseslərdə passiv iştirakçı və ya səssiz müşahidəçi kimi davranıblar: “Bu, bir daha təsdiqləyir ki, hazırda Rusiya ilə NATO arasında yalnız lokal deyil, qlobal miqyaslı strateji qarşıdurma mövcuddur. Bu qarşıdurma bəzi parametrlərinə görə, artıq İkinci Dünya Müharibəsindən də genişmiqyaslı siyasi və texnoloji bir müstəviyə keçməkdədir.
Hadisə ilə bağlı məsuliyyəti Ukrayna Prezidenti Volodimir Zelenski öz üzərinə götürmüş, bu əməliyyatın bir ildən artıq müddətdə planlaşdırıldığını bildirmişdir. Lakin əməliyyatın hədəfləri və tətbiq olunan texnoloji səviyyə göstərir ki, bu, yalnız Ukraynanın təşəbbüsü deyil. Əməliyyat həm strateji, həm də taktiki baxımdan NATO bloku və xüsusilə ABŞ-ın rəhbərliyi altında uzunmüddətli hazırlıqla həyata keçirilmiş ola bilər.
Zelenskinin öz bəyanatında da vurğuladığı kimi, bu əməliyyatla bağlı ABŞ tərəfi məlumatlandırılmışdır. Xüsusilə, Prezident Baydenin hakimiyyətdə olduğu dövr ərzində planlaşdırıldığı iddia olunan əməliyyat yüksək səviyyəli kəşfiyyat məlumatlarının, peyk və texnoloji vasitələrin, informasiya müharibəsi alətlərinin tətbiq olunduğu mürəkkəb bir hərəkatdır. Əsas məqsəd isə Rusiyanın nüvə doktrinasına zərbə vurmaq, onun strateji imkanlarını zəiflətmək və psixoloji təzyiqlə qarşı tərəfi siyasi güzəştlərə məcbur etməkdir. Ukrayna bu prosesdə birbaşa iştirak etsə də, hadisələrin gedişi onu göstərir ki, bu ölkə daha çox vasitəçi rolundadır. Əməliyyatdan dərhal sonra Qərb mediasında Rusiyanın imicinə yönəlik informasiya hücumları həyata keçirildi. Bu isə əməliyyatın hərbi yox, həm də informasiya müharibəsinin tərkib hissəsi olduğunu təsdiqləyir. Eyni zamanda Böyük Britaniyanın dərhal hərbi təhlükəsizlik səviyyəsini yüksəltməsi, vəziyyətin nə qədər ciddi qəbul edildiyini göstərir. Bütün bu proseslər Rusiyanı zəiflətmək məqsədi daşısa da, unudulmamalıdır ki, Rusiya dünya miqyasında ən böyük nüvə potensialına sahib dövlətdir. Əgər bu kimi əməliyyatlar davamlı xarakter alarsa, Rusiya bu hücumları öz nüvə doktrinasına qarşı təhdid kimi dəyərləndirib adekvat cavab verə bilər. Bu isə yalnız Avropa üçün deyil, bütün bəşəriyyət üçün son dərəcə təhlükəli nəticələrə gətirib çıxara bilər.
Nəticə etibarilə, Rusiya-Ukrayna münaqişəsi fonunda həyata keçirilən bu cür strateji əməliyyatlar sadəcə regional qarşıdurma deyil, qlobal güc balansının dəyişdirilməsinə yönəlmiş böyük bir oyunun parçasıdır. Beynəlxalq ictimaiyyət bu gərginliyin nəticələrinin miqyasını düzgün qiymətləndirməli və daha rasional diplomatik həll yolları axtarmalıdır”.