“Antiterror əməliyyatı şəhidlərinin təbliği” layihəsi çərçivəsində tədbir keçirib


“Şəhid ailələrinə yardım və hüquqlarının müdafiəsi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Antiterror əməliyyatı şəhidlərinin təbliği” layihəsi çərçivəsində tədbir keçirib.

Yeni Azərbaycan Partiyasının Yasamal Rayon Təşkilatında baş tutan tədbirdə YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, təşkilat üzvləri, jurnalist və şəhid ailələri iştirak edib.

Tədbirdə çıxış edən “Şəhid ailələrinə yardım və hüquqlarının müdafiəsi” İctimai Birliyinin sədri Rövşən Ağamalıyev layihə barəsində məlumat verib. Bildirib ki, layihə çərçivəsində Bakı və Sumqayıtda olan 21 antiterror şəhidinin şəkilləri olan ramka hazırlanıb. Hazırlanan ramkalarda şəhid haqqında qısa məlumatlar, aldıqları orden və medallar öz əksini tapıb. R.Ağamalıyev həmçinin onu da bildirib ki, layihə çərçivəsində 3 TV verliş hazırlanacaq. TV verlişlərdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan söhbət açılacaq. Eyni zamanda TV verlişlərin geniş arenada yayımı həyata keçiriləcək.

R.Ağamalıyev onu da qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu ilin “Konstitusiya və Suverenlik İli” olaraq seçilməsi heç də təsadüfi deyildir. Belə ki, məhz 2025-ci il Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 30-cu, eyni zamanda Vətən müharibəsində qazanılmış zəfərin 5-ci ildönümüdür. Onun sözlərinə görə, bu Sərəncam dövlətçilik ənənələrinin gücləndirilməsi, hüquqi dövlət quruculuğunun təkmilləşdirilməsi, Azərbaycan Respublikasının müasir dövlətçiliyinin əsasını təşkil edən konstitusiya dəyərlərinin qorunması, inkişaf etdirilməsi, təbliği, suverenliyin qorunması və möhkəmləndirilməsi istiqamətində atılan əhəmiyyətli addımlardan biridir: “Müstəqillik və suverenlik millətlərin sahib ola biləcəyi ən qiymətli sərvətdir. Hər bir millətin müstəqillik salnaməsi və suverenlik yolu məhz onun malik olduğu dövlətçilik ənənələrindən, azadlıq düşüncəsindən, milli-mənəvi irsindən, tarixi keçmişindən və intellektual potensialından asılı olaraq əldə edilir və yaşadılır. Azərbaycan xalqı tarixboyu müstəqillik uğrunda və öz suverenliyini qorumaq üçün müxtəlif mübarizələr aparmışdır. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət mövcud olmasına baxmayaraq, xalqımızın dövlətçilik iradəsini nümayiş etdirərək öz müqəddəratını təyin etməyə qadir olduğunu sübut etdi. Lakin bolşevik işğalı nəticəsində bu müstəqillik və suverenlik cəmi 23 ay davam etdi və 70 il ərzində Azərbaycan SSRİ-nin tərkibində qaldı. 1991-ci ildə SSRİ-nin süqutundan sonra həmin il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan yenidən öz müstəqilliyini bərpa etsə də, müstəqilliyin ilk illərində ölkəmiz ciddi siyasi böhran, iqtisadi tənəzzül və çətinliklərlə üzləşdi. Ermənistanın hərbi təcavüzü, daxili siyasi qeyri-sabitlik və idarəetmə böhranı Azərbaycan dövlətçiliyi üçün ciddi təhlükə və təhdidlər yaratmışdı. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışı, Azərbaycanın müstəqilliyinin qorunmasında və suveren dövlət kimi formalaşmasında həlledici rol oynadı. Dahi şəxsiyyətin əsasını qoyub həyata keçirdiyi siyasi kurs nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə etibarı gücləndirildi, beynəlxalq əlaqələr möhkəmləndirildi, ölkədə siyasi sabitlik təmin edildi, hüquqi və iqtisadi islahatlar aparıldı, hüquqi dövlət quruculuğu yolunda ən mühüm addımlardan biri atıldı – müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi”.

Tədbirdə çıxış edən YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışdı. Bildirdi ki, bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət şəhidlərimizə, Vətən müharibəsi qəhrəmanlarına, qazi və şəhid ailələrinə sonsuz ehtiramın nümunəsidir. Şəhid ailələnin sosial, məişət və digər problemlərinin daim diqqətdə olduğunu bildirən B.Nəbiyev ölkəmizin 90-cı illərdə keçdiyi ağır və məşəqqətli yolundan danışdı. Bildirdi ki, 90-cı illərdə SSRİ-nin dağılmasından sonra Azərbaycanda hakimiyyətə gələn AXC hakimiyyətinin səriştəsizliyi Azərbaycanı xətirədən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Məhz belə bir zamanda xalqın təkidi ilə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev o zaman həm daxili həm də xarici qüvvələrlə mübarizə aparmalı oldu. Daxildə hakimiyyət çevrilişlərinin qarşısı qətiyyətlə alındı, düşmənlə atəşkəs müqaviləsi imzalandı ki, bu da Azərbaycanın inkiafı baxmınından mühüm sənəd idi.

B.Nəbiyev də çıxışından Konstitusiya və Suverenlik ilinə toxundu. Bildirdi ki, imzalanan sərəncamdan irəli gələrək bu il bir sıra tədbirlər həyata keçirilir. O, Azərbaycan Konstitusiyası barəsində danışarkən bildirdi ki, ümumilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən prosesdə bütün incə məqamlara xüsusi diqqət yetirilib və sənəddə insan haqqlarının qorunması, hüquq və azadlıqların təmini ən ümdə məsələlərdən biridirir.

Tədbirdə çıxış edən ŞAYHM İB-nin nəzarət təftiş komissiyasının sədri Niyaməddin İbrahimov təmsil olunduğu təşkilatın şəhid ailələri ilə bağlı gördüyü işlərdən danışdı. Bildirdi ki, təşkilat təkcə layihə çərçivəsində deyil, il boyu bu kimi tədbirlər həyata keçirir. Şəhid ailələri ilə söhbətlər aparılır. Onlardan gələn təkliflər dəyərləndirilir və aidiyyatı qurumlara göndərilir. N.İbrahimov hazırda şəhid adlarının əbədiləşməsi ilə bağlı təkliflərin təşkilat tərəfindən hazırlanaraq Nazirlər Kabinetinə göndərildiyini də diqqətə çatdırdı.

Tədbirdə çıxış edən təşkilatın qadınlar şurasının sədri Nəcibə Ağamalıyeva da qeyd etdi ki, şəhidlərin unudulmaması, onların adlarının əbədiləşməsi, göstərdiyi şücaətlər barəsində cəmiyyətdə dolğun məlumatın olması üçün vətədnaş cəmiyyəti institutları ilə yanaşı hər bir vətəndaş bu işdə səfərbər olmalıdırlar.

Digər natiq Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin İdarə Heyətinin sədri Fuad Rəsul şəhidlərin təbliği baxımından rəhbərlik etdiyi təşkilat tərəfindən atılan addımlardan danışdı. Bildirdi ki, QDA-nın təşkil etdiyi qan vermə aksiyalarından iştirak edən hər bir şəxsə şəhidlər, onların göstərdikləri şücətlər barəsində məlumat veriləcək ki, burada məqsəd hər bir vətəndaşda şəhidlərimiz barəsində ətraflı məlumatın formalaşdırılmasıdır.

Sonda şəhid ailələrinə çərçivələr təqdim olundu və xatirə şəkili çəkdirildi.

Əlaqəli Xəbərlər