Azərbaycan və Özbəkistan kadastr sahəsində əməkdaşlığı genişləndirir


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndə heyəti Özbəkistanın Kadastr Agentliyində görüşlər keçiriblər. SİA xəbər verir ki, bu barədə Azərbaycan tərəfi məlumat yayıb.

Məlumata görə, məqsəd kadastr və daşınmaz əmlakın qeydiyyatı sahələrində təcrübə mübadiləsi aparmaq, qarşılıqlı əməkdaşlığı genişləndirməkdir.

Nümayəndə heyəti Agentliyin fəaliyyəti, informasiya sistemləri, xüsusilə Torpaq Nəzarəti İnformasiya Sistemi ilə tanış olublar. Özbəkistanlı mütəxəssislər tərəfindən daşınmaz əmlakın kadastrı sahəsində aparılan rəqəmsallaşdırma işləri və müasir texnologiyaların tətbiqi istiqamətlərində təqdimatlar edilib.

Görüşdə ölkəmizdə daşınmaz əmlakın dövlət qeydiyyatı və kadastrı sahəsində tətbiq olunan proqram təminatları, informasiya sistemləri barədə məlumat verilib.

Səfər çərçivəsində nümayəndə heyəti Özbəkistan Kadastr Agentliyinin Dövlət Kadastr Palatasının fəaliyyəti ilə tanış olublar. Daşınmaz əmlakın qeydiyyatı prosesləri, kadastr xidmətlərinin göstərilməsi, onların hüquqi-texniki əsasları, müasir texnologiyalar əsasında təşkil olunmuş iş sistemi barədə ətraflı məlumat verilib.

Səfər zamanı ikitərəfli əməkdaşlığı daha da dərinləşdirmək, rəqəmsal kadastr və daşınmaz əmlakın qeydiyyatı sistemləri üzrə təcrübə mübadiləsini davam etdirmək barədə razılıq əldə olunub.

Əlaqəli Xəbərlər