“Ümumiyyətlə, azad bazar prinsipi bir çox ölkələrin sürətli iqtisadi inkişafına səbəb olmuşdur. Bu prinsipin əsas mahiyyəti iqtisadi azadlığın təmin edilməsidir. Azad bazar şəraitində iqtisadi subyektlərin fəaliyyəti dövlət tərəfindən tam şəkildə tənzimlənmir; əksinə, dövlət minimal müdaxilə prinsipi ilə əsasən tənzimləyici (regulyator) rolunu oynayır”. Bu sözləri SİA-ya açıqlamasında biznes üzrə ekspert İlkin Mirzəzadə deyib.
Onun sözlərinə görə, bu iqtisadi sistemdə dövlətin rolu daha çox hüquqi çərçivələrin müəyyən edilməsi, rəqabət mühitinin qorunması və bazar münasibətlərinin şəffaf şəkildə fəaliyyət göstərməsini təmin etməklə məhdudlaşır: “Azad bazar iqtisadiyyatının üstünlükləri arasında aşağı vergi dərəcələrinin tətbiqi, sərbəst sahibkarlıq fəaliyyətinin təşviqi və istehlak bazarının genişlənməsi xüsusi yer tutur. Bu amillər yeni bizneslərin yaranmasına, daha çox iş yerlərinin açılmasına və nəticə etibarilə əhalinin rifah səviyyəsinin yüksəlməsinə səbəb olur.
Əldə edilən iqtisadi dinamizm “domino effekti” adlandırılan zəncirvari təsir vasitəsilə digər sahələrin də inkişafına təkan verir. Məsələn, turizm sahəsinə azad bazar prinsipləri tətbiq olunduqda, ölkəyə yeni investisiyalar cəlb olunur, investorların və şirkətlərin sayı artır. Bu proses nəticəsində yalnız əsas iqtisadi sahələr deyil, həmçinin restoranlar, ticarət obyektləri, xidmət sektoru və digər yardımçı sahələr də mühüm inkişaf mərhələsinə qədəm qoyur”.
Ekspert bildirib ki, azad bazar mühitində iqtisadi aktivlik yüksəlir, insanlar daha çox gəlir əldə edir və nəticə olaraq daha çox istehlak etməyə meyilli olurlar: “Bu da öz növbəsində ümumi iqtisadi dövriyyənin və bazar genişlənməsinin artmasına səbəb olur.
Digər tərəfdən, azad bazar olmayan mühitlərdə yüksək vergi dərəcələri, sərt dövlət tənzimləmələri və inzibati maneələr sahibkarlıq fəallığını azaldır. Belə şəraitdə şirkətlər yeni təşəbbüslər həyata keçirməkdə tərəddüd edir, risk almaqdan çəkinir və inkişaf strategiyalarını həyata keçirməkdə çətinliklərlə üzləşirlər. Azad bazar iqtisadiyyatına malik bəzi ölkələrdə mənfəət vergisi dərəcəsi 0-5% intervalında dəyişir. Bu cür vergi güzəştləri sahibkarlığın təşviqinə, ticarətin sürətli inkişafına və ümumi biznes mühitinin sağlamlaşmasına səbəb olur. Eyni zamanda, bəzi azad bazar modellərində sosial proqramlar yalnız müəyyən kateqoriyadan olan şəxsləri əhatə edir və iştirak könüllülük prinsipi əsasında həyata keçirilir”- deyə ekspert əlavə edib.