Levon Mnatsakanyan Aprel döyüşləri zamanı Ermənistan silahlı qüvvələrindən aldığı tapşırıqları məhkəmədə açıqlayıb
Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Levon Mnatsakanyan 2016-cı ildə baş vermiş Aprel döyüşləri ilə bağlı dövlət ittihamını müdafiə edən prokurorun suallarını cavablandırıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, o, həmin vaxt qondarma rejimin “müdafiə naziri” olduğunu, hadisə ilə bağlı Ermənistan silahlı qüvələrinin əməliyyat idarəsinin rəisi Artak Davtyana və baş qərargah rəisi Yuri Xaçaturova məruzə etdiyini bildirib. “Mən məruzə edəndən sonra baş qərargah rəisi göstəriş verdi ki, hətta rezervləri də cəmlənmə rayonlarına çıxarım”, – deyə o əlavə edib.
Təqsirləndirilən şəxs Aprel döyüşləri zamanı Ermənistan silahlı qüvvələrindən aldığı tapşırıqları da sadalayıb. Bu taşırıqlara ön xətti gücləndirmək, rezervləri müvafiq rayonlara çıxarmaq, əlavə komplektləşdirmə həyata keçirmək və rəqibin hücumunun qarşısını almaq üçün bütün vasitələrdən istifadə etmək daxil imiş.
Levon Mnatsakanyan Aprel döyüşləri zamanı “D-20”, “D-30” silahlarından, qrad raketlərindən, atıcı silahlardan istifadə etdiklərini bildirib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi iyunun 12-də davam etdiriləcək.