Narkotiklər üzrə Vyana QHT Komitəsinin üzvü, “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin sədri Büllur Məmmədovanın SİA-ya müsahibəsini təqdim edirik:
– Büllur xanım, ilk olaraq soruşmaq istərdik: Sizcə günümüzdə uşaqlar rəqəmsal mühitdə hansı əsas təhlükələrlə qarşılaşırlar?
– Əvvəllər uşaqların təhlükələrlə qarşılaşması əsasən real mühitdə baş verirdi. Amma bu gün texnologiyanın sürətli inkişafı ilə onlar həm də rəqəmsal mühitin risklərinə məruz qalırlar. Kibercinayətlər, zorakılıq, yalnış məlumatlar, fırıldaqçılıq, psixoloji təzyiqlər və təəssüf ki, narkotik maddələrin dolayısı və ya bilavasitə təbliği bu risklər arasındadır. Uşaqlar bəzən fərqinə varmadan bu təhlükələrin içində olur və bu, onların psixoloji və fiziki sağlamlığına ciddi təsir edir.
– Rəqəmsal mühitdə narkomaniya necə təbliğ olunur? Bu necə baş verir?
– Bu çox incə və gizli bir prosesdir. Sosial şəbəkələrdə bəzi “influencer”lər və ya məxfi hesablar narkotik maddələri “əyləncə”, “azadlıq”, “stressdən çıxış” kimi təqdim edirlər. Bəzən bu mesajlar musiqi videoları, komik səhnələr və ya motivasiya kontenti içində gizlədilir. Uşaqlar isə bu mesajları təhlükə kimi deyil, “trend” kimi qəbul edirlər. Həmçinin “dark web” vasitəsilə narkotik maddələrin satışına dair gizli linklər, forumlar və şəbəkələr mövcuddur ki, buraya çıxış bəzən sadəcə bir klik qədər asandır.
– Valideynlər və müəllimlər bu risklərin qarşısını almaqda necə rol oynaya bilərlər?
– Ən vacib məsələ informasiyalı olmaq və uşaqlarla düzgün ünsiyyət qurmaqdır. Valideynlər təkcə texniki nəzarətlə kifayətlənməməlidirlər. Uşağın kimlərlə yazışdığını, nə izlədiyini bilmək vacibdir, amma daha önəmlisi ona güvənli və açıq bir mühit təqdim etməkdir ki, o, problem yaşasa, çəkinmədən valideyninə və ya müəlliminə müraciət etsin. Məktəblər isə rəqəmsal savadlılıq dərslərini tədris etməli, internet təhlükəsizliyi ilə bağlı interaktiv tədbirlər təşkil etməlidir.
– Bəs qeyri-hökumət təşkilatları bu prosesdə necə dəstək verə bilər? GANİB bu sahədə hansı təşəbbüslərlə çıxış edir?
– GANİB olaraq, biz daim bu istiqamətdə maarifləndirici layihələr həyata keçiririk. Məktəblərdə və gənclər mərkəzlərində “rəqəmsal təhlükəsizlik”, “narkomaniyaya yox!”, “təhlükəsiz internet – sağlam gələcək” kimi təlim və seminarlar keçiririk. Bundan əlavə, sosial mediada uşaq və yeniyetmələrə yönəlmiş pozitiv kampaniyalar aparırıq. Məqsədimiz odur ki, gənclər özləri də bu mübarizəyə qoşulsun və həmyaşıdlarına nümunə olsunlar. Çünki bəzən bir gəncin “mən narkotikə yox deyirəm” mesajı yüzlərlə insanın düşüncəsini dəyişə bilər.
– Gələcəkdə bu təhlükələri azaltmaq üçün hansı tədbirlər görülməlidir?
– Gələcəyə baxaraq bir neçə istiqaməti qeyd etmək istərdim:
1. Milli səviyyədə rəqəmsal təhlükəsizlik strategiyası hazırlanmalı və məktəblərdə tətbiq olunmalıdır.
2. Valideynlər üçün maarifləndirici platformalar və təlimlər təşkil olunmalıdır.
3. Uşaqlar üçün rəqəmsal təhlükələri öyrədən oyunlar və tətbiqlər hazırlanmalıdır.
4. Hüquq-mühafizə orqanları rəqəmsal narkotik şəbəkələrinə qarşı monitorinq sistemlərini gücləndirməlidir.
5. Beynəlxalq əməkdaşlıq qurulmalıdır, çünki rəqəmsal təhlükələr sərhəd tanımır.
– Çox təşəkkür edirik, Büllur xanım. Uşaqların təhlükəsiz gələcəyi naminə etdiyiniz işlər və bölüşdüyünüz fikirlər üçün minnətdarıq.
– Mən təşəkkür edirəm. Unutmayaq ki, rəqəmsal mühitdə uşaqların müdafiəsi bütöv cəmiyyətin məsuliyyətidir. Gəlin birgə şəkildə onları qorumağa davam edək!