Kurıkdan Ələtə bərə reysləri açılacaq


Manqistau vilayətinin akimi Nurdaulet Kilıbay və “Georgian Industrial Group”un Direktorlar Şurasının sədri David Bejuaşvili arasında keçirilən görüşdə Xəzər dənizi üzərindən bərə daşımalarının inkişafına yönəlmiş investisiya layihəsi müzakirə olunub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki Gürcüstandan olan investor Xəzər dənizi ilə müntəzəm yükdaşımalarının təmin olunması üçün xüsusi gəmilər inşa edib. 2025-ci ilin sentyabr ayından etibarən bu gəmilər ilk dəfə olaraq Qazaxıstan bayrağı altında Kurık–Ələt–Kurık marşrutu üzrə müntəzəm reyslər həyata keçirəcək. Onlar Qazaxıstanın “MSC Middle Corridor Maritime” şirkətinin idarəçiliyinə veriləcək. Marşrut üzrə ayda 8-9 reysin təşkili planlaşdırılır. Hər bir gəmi eyni vaxtda 54-dək yük avtomobilini daşımaq imkanına malikdir.

Bundan əlavə, şirkətin donanması 2027-ci ilə qədər hər il iki bərə olmaqla daha dörd gəmi ilə genişləndiriləcək. Eyni zamanda, digər bərə operatorları ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində danışıqlar aparılır.

Region rəhbəri Nurdaulet Kilıbay bildirib ki, bu təşəbbüs regional logistikanın inkişafına mühüm töhfə verəcək: “Bu layihə təkcə Manqistau vilayəti üçün deyil, bütövlükdə ölkəmiz üçün strateji əhəmiyyət daşıyır. Biz xarici və yerli investorlarla tərəfdaşlıq əlaqələrinin qurulmasına daim açığıq. Bərə daşımaları yük dövriyyəsini artırır, xarici ticarətin genişlənməsinə imkan yaradır və nəqliyyat axınlarının daha səmərəli idarə olunmasına şərait yaradır”.

Əlaqəli Xəbərlər