“Hazırda regionlarda əsas gəlir mənbəyi kənd təsərrüfatıdır”


“Azərbaycanın regionlarında iqtisadi inkişaf səviyyəsi ərazi üzrə fərqli xüsusiyyətlərə malikdir və bu fərqliliklər əsasən coğrafi mövqe, iqlim şəraiti, torpaq məhsuldarlığı və əhalinin məşğulluq sahələri ilə müəyyən olunur. Bəzi rayonlar quraq, şoran və şaxtalı iqlimə malik olduqları üçün kənd təsərrüfatında məhsuldarlıq aşağı olur. Bununla belə, bəzi rayonlarda sosial-iqtisadi inkişaf səviyyəsi, hətta bəzi şəhər statusuna malik inzibati vahidlərdən daha yüksəkdir. Bu baxımdan, regionlarda iqtisadi vəziyyətin ümumilikdə zəif olduğunu demək düzgün olmaz. Çox vaxt bu müqayisə Bakı şəhəri ilə aparıldığı üçün regionların iqtisadi potensialı kölgədə qala bilir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Günay Hüseynova deyib.

Onun sözlərinə görə, hazırda regionlarda əsas gəlir mənbəyi kənd təsərrüfatıdır ki, bu sahədə də xüsusilə əkinçilik üstünlük təşkil edir: “Əkinçiliyin heyvandarlıqdan daha önə çıxmasının əsas səbəbləri arasında kənd təsərrüfatının vergidən azad olunması və məhsulların ixrac potensialı qeyd edilə bilər. Ənənəvi məhsul növlərinin əkini azalıb və hal-hazırda fermerlər daha çox bazar tələbinə və ixrac imkanlarına əsaslanaraq məhsul seçimi edirlər. Yəni, bazarda və ya ixracda hansı məhsula tələbat və qiymət yüksəkdirsə, həmin məhsul üstünlük təşkil edir. Bu yanaşma isə uzunmüddətli perspektivdə bazarda digər məhsullar üzrə təklifin azalmasına, qiymət artımına və ərzaq balansında pozulmalara səbəb ola bilər.

Regionlarda digər gəlirli sahələrdən biri də dənli bitkilərin əkini hesab olunur. Bu məhsulların topdansatış qiyməti nisbətən aşağı olsa da (təxminən 25-35 qəpik/kq), dövlət tərəfindən verilən subsidiya və geniş əkin sahələri hesabına bu sahə kənd təsərrüfatı subyektləri üçün gəlirli olaraq qalır”.

Ekspert qeyd edib ki, istixana təsərrüfatı da regionlarda gəlir gətirən vacib sahələrdən biridir: “Mövsümdən asılı olmayaraq məhsul istehsalının mümkünlüyü və əsas alıcıların restoranlar və ixracatçı şirkətlər olması bu sahənin rentabelliyini artırır. Eyni zamanda, iqlim şəraiti və torpaq resurslarının düzgün idarə olunması kontekstində meyvəçilik və istixana təsərrüfatı hal-hazırda ən yüksək gəlir gətirən sahələr sırasındadır.

Qeyd etmək lazımdır ki, bu sahələrin ölkə üzrə ümumi iqtisadi gəlirlərdə payı statistik baxımdan nisbətən az görünür. Bu, əsasən dövlət büdcəsinin əsas hissəsinin neft-qaz sektorundan formalaşması ilə bağlıdır. Buna baxmayaraq, regionların iqtisadi inkişafı üçün kənd təsərrüfatının rolu əhəmiyyətlidir və bu sahənin stimullaşdırılması uzunmüddətli iqtisadi sabitliyin təminatçısı ola bilər.

Ümumilikdə, regionların iqtisadi vəziyyəti nisbətən sabit qiymətləndirilə bilər. Lakin müəyyən problemlər və çağırışlar mövcuddur. Bunlara əhalinin paytaxt Bakı şəhərinə miqrasiyası, innovativ texnologiyaların tətbiqinin aşağı səviyyədə olması, əl əməyinə üstünlük verilməsi və iqlim dəyişikliklərinin məhsuldarlığa təsiri kimi amillər daxildir. Bu faktorlar regionlarda kənd təsərrüfatı sahələrinin inkişafına birbaşa və dolayı təsir göstərməkdədir”- deyə o əlavə edib.

Əlaqəli Xəbərlər