Valideyn və uşaq arasında münasibət necə olmalıdır?


Valideyn və uşaq arasındakı münasibətlərdə problemlər getdikcə artmaqdadır. Uşaqların tərbiyəsində çətinliklər, qarşılıqlı anlaşmazlıqlar və hörmətsizlik halları ailə mühitində gərginlik yaradır. Bu vəziyyət həm valideynlərin, həm də uşaqların həyatına mənfi təsir göstərir. Bəs vətəndaşlar bu barədə nə düşünürlər? SİA mövzu ilə bağlı sorğu edib.

Şəhər sakini Ülviyyə İmanova: “Mən həmişə düşünürəm ki, uşaqla münasibət sadəcə nəzarət, qayda-qanun qoymaqla olmur. Uşağın qəlbinə yol tapmaq, onu dinləmək, hisslərini anlamaq daha önəmlidir. İndi elə bir dövrdə yaşayırıq ki, uşaqlar əvvəlki kimi deyil. Onlar daha çox məlumatlı, daha açıq fikirlidirlər. Biz isə çox vaxt öz bildiyimizi onlara zorla qəbul etdirməyə çalışırıq. Bu da münasibətləri pozur.

Uşaq böyüdükcə onun fikirlərinə hörmət etmək lazımdır. Mənim fikrimcə, valideyn uşağın dostu olmalıdır. Təbii ki, sərhədlər də olmalıdır, amma hər şey qadağa üzərində qurulsa, uşaq ya gizli həyat yaşayır, ya da üsyankar olur. Mən öz övladıma çalışıram ki, sözümü izah edim, səbəbini deyim. Sadəcə “olmaz” demirəm, niyə olmadığını başa salıram. Çünki biz özümüz də gənc olmuşuq, bizim də səhvlərimiz olub, bizə də başa salan olmayıb.

Bəzən görürəm ki, valideyn uşağı ilə saatlarla danışmır, amma sonra da deyir ki, “niyə bu uşaq məni dinləmir?”. Əgər biz uşağın bizə qulaq asmasını istəyiriksə, əvvəlcə biz ona qulaq asmalıyıq. Uşağın hisslərini, düşüncələrini saymaq çox önəmlidir. Məncə, valideyn və uşaq arasında inam varsa, hər şey yolunda gedəcək”.

Şəhər sakini Nigar Rüstəmova: “Əvvəllər valideynlər uşaqlara qarşı daha anlayışlı, mehriban olurdular, amma indi vəziyyət dəyişib. Bir tərəfdən valideynlər iş yükündən yorğun olur, günün çox hissəsini işdə keçirirlər, evə gələndə isə uşaqlarla ünsiyyətə vaxt ayırmaqda çətinlik çəkirlər. Nəticədə, az vaxtın içində uşaqlarla münasibət təkcə nəzarət və tənbeh üzərində qurulur. “Bu belə olmaz”, “sən belə etməlisən” kimi sərt və bir tərəfli göstərişlər uşaqların ruhunda təzyiq yaradır.

Valideynlər çox vaxt uşaqların fikirlərini dinləmək istəmir, onların nə hiss etdiyini anlamırlar. Bu isə uşaqlarda özlərini ifadə etməkdən çəkindirməyə, etimadsızlıq hissi yaratmağa gətirib çıxarır. Uşaqlar valideynlərinin sevgi və diqqətini hiss etmədikdə, içindəki narahatlıq və tənhaq hissləri artır. Onlar belə münasibətlərdə ruhən incidir, bəzən ailədən uzaqlaşırlar, özlərini başa düşülməmiş və tənqid olunmuş kimi hiss edirlər.

Müasir texnologiyalar da vəziyyəti daha da çətinləşdirir. Uşaqlar artıq əksər vaxtlarını telefon və kompüterlə keçirirlər. Valideynlər isə ya buna qarşı sərt reaksiya verir, ya da özləri də çox vaxtlarını sosial şəbəkələrdə keçirirlər. Bu ikili standart uşaqlarda qarışıqlıq və narazılıq yaradır. Onlar valideynlərinin nə istədiyini anlamaqda çətinlik çəkirlər, bu da ailə içi ünsiyyətin zəifləməsinə səbəb olur”.

Şəhər sakini Xətai Mahmudov: ” Təəssüf ki, ailə içindəki münasibətlər çox vaxt soyuq, uzaq və anlaşılmaz olur. Kişi kimi deyim ki, biz kişilər bəzən bu məsələdə daha sərt və uzaq oluruq. Valideynlik rolunu sadəcə ailənin maddi təminatçısı kimi qəbul edirik və uşaqlarla emosional bağlılıq qurmaqda çətinlik çəkirik.

Digər tərəfdən, müasir dövrdə ailələrdə ata və uşaqlar arasındakı məsafə daha da artır. İndi həyat o qədər sürətlidir ki, işdə çox vaxt keçirmək, evdə yorğunluq və stress uşaqlara vaxt ayırmağı çətinləşdirir. Biz kişilər çox zaman evə gələndə uşaqlarla vaxt keçirmək, onlarla ünsiyyət qurmaq əvəzinə, özümüzü televizorun qarşısına atırıq və ya telefonla məşğul oluruq. Bu isə uşaqlarda atanın onlara qayğı göstərmədiyi hissini gücləndirir.

Həmçinin, bəzən ata kimi uşaqlarımıza qarşı sərt və tənqidçi oluruq. “Düzgün davran”, “belə olmaz” kimi ifadələr uşaqların ruhunda qorxu və narahatlıq yaradır. Bu münasibət uşaqlarda ata ilə açıq danışmaq istəyi əvəzinə, gizlətmək, susmaq kimi reaksiyalar doğurur. Nəticədə, valideyn və uşaq arasında münasibətlər soyuyur, arada anlayış çatışmazlığı yaranır.

Daha çox kişilər üçün çətin olan məsələ budur ki, ata olmaq təkcə evin yükünü daşımaq deyil, həm də uşaqların emosional ehtiyaclarını anlamaqdır. Biz kişilər bu sahədə özümüzü inkişaf etdirməli, uşaqlarla münasibətdə daha həssas və səbrli olmalıyıq. Uşaqların duyğularını dinləmək, onlarla vaxt keçirmək, onların düşüncələrinə hörmətlə yanaşmaq lazımdır”.

Şəhər sakini Tərifə Maqsudova: “Mən ana kimi düşünürəm ki, uşaqlarla valideyn münasibətlərində çox ciddi çatışmazlıqlar mövcuddur və bu, ailələrin içində böyük gərginlik yaradır. Təəssüf ki, çox vaxt valideynlər, xüsusilə də biz analar, uşaqlara qarşı olduqca sərt, bəzən isə çox tələskən və əsəbi yanaşırıq. Uşaqların duyğularını anlamaq və onların dünyasına daxil olmaq yerinə, onları yalnız düzgün tərbiyə etmək, nizam-intizam yaratmaq məqsədi ilə sərt davranışlar sərgiləyirik. Bu isə uşaqlarda özlərini dəyərsiz və sevgi görməyən kimi hiss etmələrinə səbəb olur.

Mən düşünürəm ki, ana olmaq yalnız uşağı təmin etməkdən, onun fiziki ehtiyaclarını qarşılamaqdan ibarət deyil. Uşaqlar bizim sevgi dolu sözlərimizə, anlayışımıza, səbrimizə, diqqətimizə ehtiyac duyurlar. Onların hər kiçik uğurunu sevinclə qarşılayıb, səhvlərində isə yumşaq və səbirli olmaq lazımdır. Təəssüf ki, biz analar çox vaxt yorgunluq, stress və sosial təzyiqlər altında uşaqlara qarşı daha sərt oluruq, bu da münasibətlərin korlanmasına gətirib çıxarır”.

Şəhər sakini Zeynəb Feyzullayeva: “Məncə, sağlam münasibətlərin əsası qarşılıqlı hörmət və anlayışdır. Valideynlər uşaqları dinləməli, onların fikirlərinə qiymət verməli, onları yönləndirərkən zorakı və sərt üsullardan uzaq durmalıdırlar. Eyni zamanda uşaqlar da valideynlərin təcrübəsini və qayğısını qəbul etməyi öyrənməlidirlər. Ailə daxilində açıq dialoq, səbr və empatiya münasibətləri möhkəmləndirir.

Bununla yanaşı, sosial mühit və təhsil də valideyn-uşaq münasibətlərinə təsir göstərir. Cəmiyyətin, məktəbin, dostların rolu böyükdür və valideynlərin bu təsirləri anlamaq və idarə etmək bacarığı inkişaf etməlidir. Uşaqların inkişafı yalnız valideynlərin deyil, bütöv cəmiyyətin məsuliyyətidir.

Ümumiyyətlə, valideyn və uşaq münasibətləri yalnız şəxsi əlaqələr deyil, həm də sosial dayaqdır. Bu münasibətlərin sağlam qurulması cəmiyyətin sabitliyi, gələcəyin formalaşması üçün çox vacibdir. Biz, valideynlər, uşaqlarımıza həm sevgi, həm də düzgün istiqamət verməliyik ki, onlar sağlam, məsuliyyətli və dəyərlərə sahib fərdlər olaraq böyüsünlər.

Nəticədə, valideyn-uşaq münasibətləri ömür boyu davam edən, daim inkişaf edən, bəzən çətinliklər yaradan, lakin eyni zamanda həyatı zənginləşdirən bir prosesdir. Bu münasibətlərdə qarşılıqlı hörmət və anlayışın hakim olması isə hər bir ailənin ən əsas məqsədi olmalıdır”.

Şəhər sakini Tamella Ağayeva: ” Valideynlərlə münasibətlər çox vaxt uşaqlar üçün ağır və mənfi təcrübə olur. Onlar bəzən çox sərt, tələbkar və anlaşılmaz olurlar. Uşaqların arzularını, hisslərini və düşüncələrini heç vaxt düzgün anlamırlar. Valideynlər çox vaxt uşaqları öz istəyinə uyğun formalaşdırmaq istəyir, onların fərdi istəklərinə, maraqlarına hörmət göstərmirlər.

Müasir dövrdə valideynlər çox vaxt iş və gündəlik qayğılarla o qədər məşğul olurlar ki, uşaqlara lazım olan diqqət və qayğını göstərə bilmirlər. Bu isə uşaqlarda tənhalıq və anlayışsızlıq hissi yaradır. Uşaqlar valideynlərinin sərt tənqidlərinə, məhdudiyyətlərinə və təzyiqinə dözərkən özlərini ifadə etməkdən çəkinsələr də, daxildə narazılıq və üsyan hissləri yaranır.

Çox vaxt valideynlər uşaqları dinləməkdən, onların fikirlərini anlamaqdan uzaq durur. Onların sözlərini əhəmiyyətsiz hesab edir, yalnız öz qaydalarını diktə etməyə çalışırlar. Bu da uşaqlarda güvənsizlik və dəyərsizləşmə hissi yaradır. Onlar valideynlərdən qorxur, onlarla açıq danışmaqdan çəkinirlər”.

Əlaqəli Xəbərlər