“Azərbaycanın müasir ordu quruculuğu prosesi keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur”


“Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli ordunun təşkili dövlət quruculuğunun mühüm istiqamətlərindən biri olmuşdur. 1918-ci ildə, Osmanlı İmperatorluğunun sərkərdəsi Nuri Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun dəstəyi ilə Bakı şəhəri erməni-bolşevik birləşmələrindən azad edilmişdir. Bu hadisə Azərbaycan xalqının dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəsinin mühüm mərhələlərindən biri kimi tarixə düşmüşdür”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.

Onun sözlərinə görə, 1918-ci ilin 15 sentyabrında Bakı şəhərinə daxil olan Qafqaz İslam Ordusu və Azərbaycan Milli Ordusu, xalqın böyük ruh yüksəkliyi və sevinci ilə qarşılanmışdır: “Lakin Azərbaycan Xalq Cümhuriyyəti uzunömürlü ola bilməmiş, 1920-ci ilin 27 aprelində sovetləşdirilmişdir.

Buna baxmayaraq, 350 nəfərlik Azərbaycan Milli Ordusu Şimal-Təpə istiqamətində sayca qat-qat üstün olan – təqribən 70.000 nəfərlik bolşevik ordusuna qarşı böyük qəhrəmanlıq göstərmiş, müqavimət göstərərək vətənin müdafiəsində şəhid olmuşdur. Bu hadisə dünya hərb tarixində misli nadir görülən vətənpərvərlik və fədakarlıq nümunələrindən biri kimi qiymətləndirilir.

Bu tarixi faktlar Azərbaycan hərb tarixinin və milli müstəqillik uğrunda mübarizəsinin elmi tədqiqi üçün mühüm əhəmiyyət kəsb edir və gələcək nəsillərə çatdırılmalı olan mənəvi irsin əsas tərkib hissələrindəndir”.

Ekspert bildirib ki, Azərbaycan Ordusunun formalaşması və inkişafı mürəkkəb tarixi mərhələlərdən keçmişdir: “Müstəqillik dövründə ordu quruculuğunun əsasının qoyulmasında Ümummilli Lider Heydər Əliyevin xüsusi rolu olmuşdur. 1971-ci ildə onun təşəbbüsü ilə Naxçıvan şəhərində Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması, gələcəkdə milli zabit kadrlarının hazırlanmasına yönəlmiş strateji addım kimi qiymətləndirilməlidir. Ulu Öndər, gələcəkdə Azərbaycanın müstəqillik qazanacağını və milli orduya ehtiyac yaranacağını dərin uzaqgörənliklə öncədən dərk edərək bu liseyin fəaliyyətini təmin etmişdir.

Cəmşid Naxçıvanski adına Hərbi Lisey, təkcə gənclərin orta təhsil alması üçün deyil, həm də onların hərbi biliklərə yiyələnməsi və ordu sıralarında xidmətə hazırlanması baxımından mühüm rol oynamışdır. Bu təhsil ocağı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin formalaşmasında mühüm kadr bazası kimi çıxış etmişdir.

Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda nizami ordu quruculuğu istiqamətində sistemli və ardıcıl tədbirlər həyata keçirmişdir. Könüllü silahlı dəstələr tədricən ləğv edilmiş, vahid komandanlığa tabe olan milli ordu yaradılmış, Hərbi Akademiya təsis olunmuş, hərbi qanunvericilik bazası formalaşdırılmış və Silahlı Qüvvələrin maddi-texniki təminatı əhəmiyyətli dərəcədə gücləndirilmişdir.

Bu proseslər Azərbaycan Respublikasının hərbi təhlükəsizliyinin təmin olunmasında, eləcə də peşəkar ordu modelinə keçidin reallaşdırılmasında fundamental əhəmiyyətə malikdir. Ordu quruculuğunda əldə olunan nailiyyətlər müasir dövrdə də davam etdirilərək, ölkənin müdafiə qabiliyyətinin yüksəldilməsinə xidmət edir.

Azərbaycan Respublikasının müasir ordu quruculuğu prosesi keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu mərhələ xüsusilə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində ordunun maddi-texniki bazasının gücləndirilməsi, müasir hərbi rabitə və idarəetmə sistemlərinin tətbiqi, eləcə də qabaqcıl beynəlxalq standartlara cavab verən hərbi təhsil müəssisələrinin yaradılması ilə xarakterizə olunur.

Azərbaycan Silahlı Qüvvələri bu gün təkcə qardaş Türkiyə ilə deyil, dünyanın müxtəlif ölkələri ilə hərbi-texniki əməkdaşlıq əlaqələri quraraq, yüksək səviyyəli hərbi texnologiyalarla təchiz olunmuşdur. Ordunun silah-sursat təminatı, texniki avadanlıqları və rabitə sistemləri ən müasir tələblərə cavab verir. Bununla yanaşı, hərbi qulluqçuların peşəkar hazırlığı üçün zəruri infrastruktur yaradılmış, müasir təlim mərkəzləri istifadəyə verilmişdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan Ordusu nizamlı ordudan peşəkar ordu modelinə keçidi uğurla reallaşdırmışdır. Əgər Ümummilli Lider Heydər Əliyev tərəfindən nizami ordunun əsasları qoyulmuşdursa, Prezident İlham Əliyev bu əsası daha da inkişaf etdirərək peşəkar və döyüş qabiliyyətli ordu modelini formalaşdırmışdır.

Bu ordu, Afrin əməliyyatlarında, 2020-ci ilin 44 günlük Vətən müharibəsində və 2023-cü ilin lokal antiterror tədbirlərində yüksək peşəkarlıq nümayiş etdirərək, qısa müddətdə düşmənə sarsıdıcı zərbələr endirmiş və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında həlledici rol oynamışdır. Müasir döyüş taktikasının və qabaqcıl hərbi texnologiyaların tətbiqi nəticəsində Azərbaycan Ordusu regionun ən güclü və çevik hərbi qüvvələrindən birinə çevrilmişdir.

Bu uğurlar ölkənin milli təhlükəsizlik strategiyasının effektivliyini və ordu quruculuğunda məqsədyönlü dövlət siyasətinin uğurla həyata keçirildiyini bir daha sübut edir” – deyə o əlavə edib.

Əlaqəli Xəbərlər