“Silahlı Qüvvələr Azərbaycan xalqı üçün ümid yeridir”


“26 iyun Azərbaycan tarixinin ən şanlı günlərindən biridir”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.

O bildirib ki, bu bayram tariximizin ən qürurverici və ən dəyərli bayramlarından sayılır: “Çünki bu, bizim ordumuzun, silahlı qüvvələrimizin bayramıdır. Silahlı Qüvvələr Azərbaycan xalqı üçün ümid yeridir və onlar bunu 44 günlük Vətən müharibəsində bütün dünyaya göstərdilər. Bu gün isə ordumuz daha da güclüdür. Son araşdırmalara əsasən, Azərbaycan Silahlı Qüvvələri dünya orduları sırasında öncül yerlərdən birini tutur. Hər gün Azərbaycan ordusunun döyüş qabiliyyəti, maddi-texniki bazası və inkişafı ilə bağlı xəbərlər eşidir və oxuyuruq. Bütün bunlar, təbii ki, bizə qürur verir.

Bütün bunlar bizdə böyük fəxr və qürur hissi yaradır. Çünki bizim Silahlı Qüvvələrimiz, xüsusilə də bu bayram ərəfəsində, öz gücünü və imkanlarını bir daha nümayiş etdirir. Məsələn, Azərbaycan Silahlı Qüvvələrinin Pakistan İslam Respublikasından aldığı JF-17 qırıcı təyyarələri ilə bağlı xəbərlər böyük maraq doğurur. Bu təyyarələrin sayı artırılır, bu da ordumuzun hava hücumundan müdafiə qabiliyyətinin gücləndirilməsi baxımından mühüm addımdır. Eyni zamanda, Silahlı Qüvvələrimizin yüksək rütbəli nümayəndəsi, general-polkovnik Namiq İslamzadənin Özbəkistana səfəri və digər beynəlxalq hərbi əməkdaşlıqlar da diqqət çəkir. Elə bu gün Naxçıvanda başlayan Azərbaycan və Pakistan Silahlı Qüvvələrinin birgə təlimləri ilə bağlı yayılan məlumatlar da bunu təsdiqləyir. Əlbəttə, bütün bu hadisələr hər birimizdə böyük qürur və iftixar hissi doğurur”.

“Azərbaycan Ordusu günü-gündən daha da möhkəmlənir və bu da hər birimizdə sabaha daha böyük inam yaradır. Ordumuzun keçirdiyi təlimlər, onun daha yüksək hədəflərə çatmasına şərait yaradır və Silahlı Qüvvələrimizin qarşıya qoyulan tapşırıqları bundan sonra da uğurla yerinə yetirəcəyinə olan inamı möhkəmləndirir. Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyəti isə ildən-ilə artır.

Biz Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və digər hərbi strukturların şəxsi heyətinin peşəkar və layiqli hazırlığı barədə mütəmadi olaraq məlumatlar əldə edirik. Hər il Azərbaycan Ordusunun imkanları və gücü daha da artır. Keçirilən hərbi təlimlər təkcə Azərbaycan-Türkiyə əməkdaşlığı ilə məhdudlaşmır. Bununla yanaşı, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Qazaxıstan və Azərbaycan ilə NATO arasında Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində də müxtəlif təlimlər və tədbirlər həyata keçirilir. Bütün bu fəaliyyətlər Azərbaycan Ordusunun gücünün və nüfuzunun artdığını bir daha sübut edir. Ordumuz hər keçən gün daha da güclənir və möhkəmlənir.

Azərbaycan Ordusu bundan sonra da Cənubi Qafqazda ən ön sırada yer alacaq, ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin qarantı olacaqdır” – deyə o, əlavə edib.

Əlaqəli Xəbərlər