İyunun 12-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz regional məşğulluq filialı tərəfindən Xaçmaz şəhərində təşkil olunan əmək yarmarkasında 16 işəgötürən tərəfindən işsiz və işaxtaran şəxslərə 137 boş iş yeri təqdim edilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, işaxtaranlara təklif edilən əməkhaqqı 400-3000 manat aralığında olub. İqtisadi fəaliyyət növünə görə vakansiyalar daha çox regionun əmək bazarının tələbatına uyğun olaraq turizm, istehsal, ticarət, bankçılıq və kənd təsərrüfatı sahələri əhatə edib. Yarmarkada turizm sahəsi üzrə 1, istehsal üzrə 2, satışı üzrə 6, bankçılıq üzrə 2 və aqrar sahə üzrə 4 işəgötürən iştirak edib.
Təklif edilən iş yerlərinin 31-i ali və orta ixtisas tələb edən vakansiyalardır. Yarmarkaya çıxarılan vakansiyaların 1-i icraçı direktor, 1-i satış meneceri, 1-i elektrik mühəndisi, 1-i maliyyə nəzarətçisi, 13-ü traktorçu, sürücü və mexanizator, 16-sı bağban, 22-si fəhlə, 18-i satıcı-kassir, satıcı və satış məsləhətçisi, 5-i kredit məsləhətçisi, 1-müştəri xidmətləri üzrə mütəxəssis, 1-i zootexnik, 3-ü çörəkçi və şirniyyatçı və sair peşələr üzrə olub.
İşəgötürənlərin nümayəndələri tərəfindən müvafiq vakansiyalara dair tələblər barədə iştirakçılara ətraflı məlumat verilib.
Tədbirin təşkil edilməsində məqsəd işəgötürənlərlə işsiz və işaxtaranların birbaşa görüşünü təşkil etməklə, vətəndaşların məşğulluğunun və əmək bazarına çıxışının təmin olunmasıdır.
Filial tərəfindən təqdim olunmuş vakansiyalara dair tələblər təhlil edilərək, işsiz və işaxtaran şəxs kimi qeydiyyatda olan 700-dən çox vətəndaşla iş aparılıb. Dəvət edilmiş şəxslər arasında müharibə iştirakçıları, qazilər və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər də yer alıblar. Tədbir zamanı 255 nəfər vətəndaşın müraciəti qeydə alınıb.
İşəgötürən tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.