Ukraynanın gələcəyi açıq şəkildə NATO ilə bağlıdır.
SİA-nın məlumatına görə, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransında deyib.
Pistorius vurğulayıb ki, Ukraynanın Alyansa daxil olmaq istiqamətində geridönməz hərəkəti ilə bağlı daha əvvəl NATO sammitlərində qəbul edilmiş qərarlar qüvvədə qalır.
…Biz artıq Vaşinqtonda və Brüsseldə keçirilən sammitlərdə Ukraynanın gələcəyinin NATO-da olduğunu müzakirə etmişik. “Düşünmürəm ki, bununla bağlı başqa proseslər gedir”, – nazir qeyd edib.
İyunun 24-25-də Haaqada keçiriləcək NATO-nun qarşıdan gələn sammitinin yekun bəyannaməsinə gəlincə, Pistorius əlavə edib ki, orada Ukrayna ilə bağlı hansı konkret düsturların əks olunacağı ilə bağlı hələlik şərh verə bilməz. Almaniya Müdafiə Nazirliyinin rəhbəri həmçinin bildirib ki, Almaniya 2025-ci ildə Ukraynaya dəstək üçün əlavə 1,9 milyard avro ayırmağı planlaşdırır.
Vəsaitlər, xüsusən də Ukraynanın uzaqmənzilli silahlarının istehsalının inkişafına yönəldiləcək. Yekun qərar hələ verilməsə də, Pistorius onun təsdiqlənəcəyinə əmin olduğunu bildirib.
Eyni zamanda, nazirin sözlərinə görə, kansler Fridrix Mersin başçılıq etdiyi yeni Almaniya hökuməti Ukraynaya uzaqmənzilli “Taurus” qanadlı raketlərinin tədarükü imkanlarını nəzərdən keçirmir.
Əli Babayev