Bu mərhələdə həmkarlar ittifaqlarının hüquqlarının ölkə qanunvericiliyinə və beynəlxalq hüquq normalarına uyğun olaraq təmin edilməsi və məhdudlaşdırılmaması ən vacib məsələlərdən biridir.
İlham Əliyev
Birinci növbədə respublikamızın həmkarlar ittifaqı hərəkatına yer verdiyinə görə “Səs” qəzetinin redaksiyasına öz təşəkkürümü bildirirəm. “Səs” qəzeti öz missiyasını şərəflə davam etdirir, “Əkinçi” nin prinsiplərinə tam sadiqdir: “Qəzetin ümdə muradı mübahisədir, aqil şəxslər bir-birilə mübahisə edib işləri xalqa bəyan etsinlər” (1876-cı il 6-cı nömrə). Bu mənada həqiqətən “Səs” qəzeti çox böyük işlər görür.
Son zamanlar həmkarlar ittifaqı hərəkatı haqqında “Səs” qəzetində çap edilmiş məqalələr oxucularda geniş marağa səbəb olmuşdur. Oxucular bu mövzuda yazıların davam etdirilməsini istəyirlər.
Bunu nəzərə alaraq Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin “Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır” fikrini rəhbər tutaraq Azərbaycan həmkarlar ittifaqlarının keçmişi və bu günü haqqında qeydlərimi davam etdirirəm.
Azərbaycanda ilk dəfə 1905-ci il oktyabr ayının 17-də Bakı şəhəri atla sürülən dəmir yolu fəhlələri və qulluqçularının həmkarlar ittifaqı yaradılmışdır. Bundan sonra başqa sahələrdə də həmkarlar ittifaqlarının yaradılması üçün müzakirələr gedirdi. 1906-cı ilin oktyabr ayının 1-də “Neft sənayesi fəhlələrinin ittifaqı yaradıldı. Çar höküməti hər vəchlə çalışırdı ki, həmkarlar ittifaqının genişlənməsinin qarşısını alsın. Lakin buna müvəffəq ola bilmədi. 1908-ci ildə kontor, zavod və mədən qulluqçuları, ağac emalı fəhlələri həmkarlar ittifaqları fəaliyyətə başladı. 1910-cu ildə Astarada dəniz və sahil fəhlələrinin, Lənkəranda isə balıq tutanların həmkarlar ittifaqı yaradılmışdı. 1915-ci ildə nəşriyyatçılar, dərzilər və ticarət-sənaye qulluqçularının həmkarlar ittifaqları fəaliyyətə başlayır.
Birinci dünya müharibəsi ictimai həyatın bütün sahələrində olduğu kimi həmkarlar ittifaqlarının həyatında da durğunluq yaradır. Çətinliklərə baxmayaraq, həmkarlar ittifaqları fəaliyyətlərini davam etdirir. Fevral-burjua demokratik inqilabının qələbəsindən sonra Bakıda həmkarlar ittifaqları təşkilatlarının sayı artmışdı. Təəssüf ki ilk təşkilatlar yaranarkən yerli xüsusiyyətlər nəzərə alınmamışdır. Tarixi imperiya səbəbləri üzündən fəhlələr içərisində qeyri-azərbaycanlılar üstünlük təşkil edirdi. Bolşeviklərin sayəsində yaradılan həmkarlar ittifaqı təşkilatlarında da çoxluğu onlar təşkil edirdi.
Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Cümhuriyyətin həmkarlar ittifaqları təşkilatları yaradılmağa başladı. Bu işdə Cümhuriyyətin banilərindən olan Cavad bəy Rzabəy oğlu Məlik-Yeqanovun xüsusi rolu olmuşdur. O, fəhlə məsələsini bolşevik ideologiyasının inhisarına verənlərdən fərqli olaraq, Azərbaycan Cümhuriyyətinin müstəqilliyi naminə çalışan fəhlələrin təmsilçisi kimi Türk Fəhlə Konfransının yaradıcısı olmuş və Həmkarlar İttifaqları Mərkəzinin sədri seçilmişdi.
Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra həmkarlar ittifaqları yenidən təşkil olunmağa başladı.1920-ci il iyunun 30-da keçirilən həmkarlar ittifaqlarının birinci Ümumbakı konfransında yeni vahid respublika mərkəzi-Azərbaycan Həmkarlar İttifaqları Şurası yaradıldı. Sədrdə Azərbaycan xalqının qatı düşməni, daşnak A.İ.Mikoyan seçildi.
Təəssüf olsunki bütün mənbələrdə respublikamızın həmkarlar ittifaqlarının vahid mərkəzinin yaranma tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaranan vahid mərkəzdən deyil, Mikoyanların, Mirzoyan ların, Anaşkinlərin, Konuşkinlərin yaratdığı mərkəzin tarixi göstərilir…
Sovet dönəmində həmkarlar ittifaqları kommunist partiyasının bir əlavəsi kimi fəaliyyət göstərirdi.
Vətəndaş Cəmiyyəti quruculuğunda Həmkarlar ittifaqlarının rolunu yüksək qiymətləndirən Ulu öndər Heydər Əliyev prezidentliyinin ilk yarım ilində-24 fevral 1994-cü ildə cəmiyyətdə həmkarlar ittifaqlarının statusunu müəyyənləşdirən “Həmkarlar ittifaqları haqqında” Qanunu imzalamışdır.
Qanunda göstərilir ki, həmkarlar ittifaqları müstəqil ictimai, qeyri-siyasi təşkilatdır. ”Dövlət orqanlarının və vəzifəli şəxslərin həmkarlar ittifaqlarının hüquqlarının məhdudlaşdırılmasına səbəb olan və ya onların nizamnamələri çərçivəsində qanuni fəaliyyətlərinə maneçilik törədən hər cür müdaxiləsi qadağandır.”
Obyektivlik naminə deməliyəm ki, Qanunda göstərilən hüquq və vəzifələri həyata keçirməkdə həmkarlar ittifaqları nə dünən, nə də bugün müasir tələblərə cavab verməkdə mübariz mövqe nümayiş etdirməyiblər. Əsas diqqət həmişə sovet dövründəki ənənələrə yönəlib.
Ölkə başçısı cənab İlham Əliyev bununla əlaqədar demişdir: “Müasir inkişafın reallıqları və bu günün çağırışları Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətində əsaslı dəyişikliklərin aparılmasını, dünya təcrübəsindən faydalanaraq işlərin yenidən qurulmasını labüd edir.”
Leninlə trotickiçilərin çəkişmələri nəticəsində yaranan həmkarlar ittifaqının prinsiplərini unudub, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin imzaladığı “Həmkarlar ittifaqları haqqında” Qanunun tələbləri ilə işlərin yenidən qurulması yeganə yoldur.
Bunun üçün də mövcud qlobal sosial-iqtisadi dəyişiklikləri nəzərə alaraq həmkarlar ittifaqlarında yeni metodologiyaya əsaslanaraq innovasion tələblərə cavab verən yeniliklərə başlanmasına ciddi ehtiyac vardır.
Hazırda respublikamızın həmkarlar ittifaqlarında struktur dəyişiklikləri gedir, zəif təşkliatlar birləşib güclü təşkilat yaradırlar. Güclü təşkilata inam da yaranır. Onun maliyyə gücü, lazımi strukturlarının mövcudluğu, üzvlərinin fəallığı yalnız nüfuz qazandırır. Bu çox düzgündür, uğurlar arzulayıram. Belə hallar Azərbaycan həmkarlar ittifaqlarının tarixində olub. Olub ki, 32 respublika komitəsindən 20 respublika komitəsi saxlanılıb. Lakin həmin dövrlər həmkarlar ittifaqlarının müstəqilliyi haqqında qanuni təminat olmadığına görə bir səmərə verməmişdir.
Aparılan dəyişikliklər zamanı birləşən həmkarlar ittifaqlarının mənşəcə yaxınlıq prinsipi əsas götürülsə çox səmərəli və dayanıqlı olar.
İnkişaf etmiş qərb ölkələrinin həmkarlar ittifaqları bu prinsipə əməl edir və müvəffəqiyyətlə vəzifələrini yerinə yetirirlər.
İndi bizdə həmkarlar ittifaqlarının müstəqilliyi üçün tam hüquqi təminat mövcuddur. İnanıram ki, özünütəşkil və özünüidarə institutu kimi təşkilatlanma öz bəhrəsini verəcək. Bu hərəkat inkişaf etmiş ölkələrdə də özünü doğruldub, məsələn, Belçikada həmkarlar ittifaqları Federasiyası “Birləş və özünütəşkilatlandır” devizi altında yaradılmışdır.
Təcrübə göstərir ki, həmkarlar ittifaqlarının nüfuzu ilk təşkilatların güclü olmasından asılıdır. Onlar öz həmkarlar ittifaqları təşkilatını yaratmasalar, həmkarlar ittifaqı da olmaz. Yuxarı orqanlar unutmamalıdır ki, həmkarlar ittifaqının əsasını ilk təşkilatlar təşkil edir. Etiraf edək ki, bəzən unudulur.
Ona görə də çalışmaq lazımdır ki, ilk təşkilatlarda işin yüksək səviyyədə qurulmasını təşkil etmək üçün obyektiv seçkilər keçirilsin.
Sirr deyil ki, bir çox hallarda həmkarlar ittifaqı təşkilatına rəhbər “müdiriyyətə xidmət göstərənlər” seçilir. Burada ciddi prinsipiallıq göstərmək lazımdır ki, həmkarlar ittifaqı üzvləri təşkilata rəhbər mənəvi keyfiyyəti ilə fərqlənən, işinə vicdanla yanaşan, həmkarlar ittifaqları ideologiyasına sadiq olan yoldaşlarını seçsinlər.
Seçkinin saxtakarlıq olmadan keçirilməsi həmkarlar ittifaqının təşkilatçılıq funksiyasında əxlaq, ədalət sipəridir.
Əvvəlki, məqalələr də qeyd olunduğu kimi razılaşdırılmış qərarla yuxarı orqana köçürmədən sonra, büdcəsində qalan maliyyə vəsaitini ilk təşkilat şəffaflıqla və tam sərbəst şəkildə istifadə etməlidir.
İlk təşkilatda toplanan üzvlük haqqının çox hissəsi onun büdcəsində qalmalıdır.
Qanunda nəzərdə tutulmuş funksiyaların yerinə yetirilməsi üçün büdcəsində lazımınca maliyyə vəsaiti olmalıdır. Belə olduqda ilk təşkilat güclü olur, siravi üzvlərin öz təşkilatlarına inamı artır.
İlk təşkilata inamı olmayan həmkarlar ittifaqı üzvləri hər bir məsələ üçün rayon, şəhər, respublika komitələrinə deyil, birbaşa Konfederasiyaya müraciət edirlər. Belə hallar həmkarlar ittifaqlarında işin düzgün qurulmamasının nəticəsidir.
Konfederasiyanın formalaşmış aparatı Nizamnaməyə müvafiq surətdə fəaliyyət göstərir, vergi qanunvericiliyinin dəyişməsinə, büdcələrin formalaşmasına, qiymətlərə, kommunal xidmətlərinə dair tariflərə, aylıq məvacibin vaxtında ödənilməsinə, işçilərin ixtisara salınması hallarına və “öz arzuları ilə”işdən azad olunmalarına və s. qanunda nəzərdə tutulmuş məsələlərə prinsipial nəzarət və bilavasitə bu proseslərdə iştirak etməlidir.
Götürək 2023-2025-ci illər üçün imzalanmış Baş Kollektiv Sazişə əsasən “Sosial tərəfdaşlıq haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi üçün görüləcək işləri.
Həmkarlar ittifaqları hərəkatında sosial tərəfdaşlığın genişlənməsi üçün bu qanunun qəbuluna ciddi ehtiyac vardır.
Göründüyü kimi Konfederasiyanın görəcəyi işlər çoxdur.
Ona görə də həmkarlar ittifaqlarının hər bir təşkilat qurumu öz vəzifəsini yerinə yetirməlidir.
Hər hansı təşkilati və struktur dəyişikliklərin aparılmasında mütləq ilk təşkilatların rəyi nəzərə alınmalıdır. Əks halda həmkarlar ittifaqlarının işində nüfuz motivi olmaz.
Son zamanlar həmkarlar ittifaqı təşkilatlarının loqoları dəyişdirilib. Loqo hazırlamaqda məqsəd təşkilatın fəaliyyət istiqamətini düzgün şəkildə təsvir etməkdir.
Loqo o halda dəyişir ki, fəaliyyət növündə, istiqamətində dəyişiklik olsun. Bunlar olmadığı halda loqo dəyişilməz qalır.
Burada maliyyə israfçılığı (yeni bayraqların, adların yazıldığı lövhələrin hazırlanması və s.) ilə bərabər ciddiyyət məsələsi də narahatçılıq doğurur. Təşkilatın, müəssisənin rəhbərinin dəyişməsinin loqoya heç bir aidiyyəti yoxdur!
Sanki, həmkarlar ittifaqlarında olan nöqsanların günahkarı loqolar imiş.
Axı hər bir təşkilat əhatə etdikləri sahələrin həmkarlar ittifaqlarının beynəlxalq birliklərinin üzvü olmaqla onlarla sıx əlaqələr qurmuşlar. Loqolar artıq simvollaşmışdır.
Bununla əlaqədar bir nəfəri günahlandırmaq düzgün olmaz. Hər bir həmkarlar ittifaqı lideri cavabdeh olduğu sahədə məsuliyyət daşıyır.
Vaxtilə Ulu öndər Heydər Əliyev belə hallarla əlaqədar demişdir: “Bəzi həmkarlar ittifaqı komitələri öz funksiyalarını, hüquqlarını, fəaliyyət dairələrini aydın təsəvvür etmirlər.”
Məgər Ulu öndərin yaratdığı müasir Azərbaycanın həmkarlar ittifaqlarının fəaliyyətində, statusunda hər hansı dəyişiklik olub? Yox!
Ulu öndərin bir fikrini yada salım: “Hər bir şəxsin, hər bir təşkilatın, qurumun, siyasi partiyanın fəaliyyəti onun şüarları, çağırışları, nəzəri fikirləri ilə yox, onun əməli işləri ilə qiymətləndirilir.”
Təəssüfki çoxluq elə hesab edir ki, həmkarlar ittifaqlarının başlıca vəzifəsi güzəştli yollayışlar və maddi yardımlar verməkdən ibarətdir.Bu sahədə həmişə haqlı-haqsız narazılıqlar yaranır.
Əslində sanatoriya müalicəsi məsələsi həmkarlar ittifaqlarının funksiyalarına daxil olmamalıdır.
1960-cı ildə Sovet İKP MK və SSRİ Nazirlər Sovetinin birgə qərarı ilə zəhmətkeşlərə xidmət üçün sanatoriya-kurort müəssisələrinin idarə edilməsi həmkarlar ittifaqlarına həvalə edilmişdir. Həmin dövr bu məqbul hesab olunurdu, çünki, yuxarıda qeyd etdiyimiz kimi həmkarlar ittifaqları müstəqil deyildir, Kommunist partiyasının bir qolu idi.
Bu kimi məsələlərə görə inkişaf etmiş ölkələrin həmkarlar ittifaqları çox vaxt SSRİ-də həmkarlar ittifaqları ilə əlaqələrdən imtina edirdilər.
Ümumiyyətlə respublikamızda sanatoriya-müalicə işi ilə həkimlər məşğul olur. Ona görə də bu işə ümumilikdə respublikamızın Səhiyyə Nazirliyi rəhbərlik etməsi daha məqsədəuyğundur. Çünki, Səhiyyə Nazirliyi bilavasitə kurort fondunun dövlət uçotunu aparır, kurort amillərindən səmərəli istifadə yollarını araşdırır, üsullar müəyyənləşdirir.
Ona görə hesab edirəm ki, həmkarlar ittifaqına yalançı, “kommunizm məktəbi” kimi baxan SSRİ hökümətinin qərarından imtina edib sanatoriya-müalicə işi Səhiyyə Nazirliyinin tabeliyinə verilməlidir.
Bu məsələ vaxtaşırı Sovet dövrü SSRİ məkanında və müstəqillik illərində bizim respublikamızda da qaldırılmışdır.
Azərbaycan həmkarlar ittifaqı təşkilatlarını daha da mübariz və müasir tələblərə cavab verən təşkilat kimi görmək istəyən Azərbaycan Prezidenti cənab İlham Əliyev də həmkarlar ittifaqlarının dünya təcrübəsindən faydalanaraq işlərin yenidən qurulmasını vacib hesab edir.
Hesab edirəm ki, həmkarlar ittifaqına doğma olan peşəkarlar bu barədə öz fikirlərini bildirməlidirlər.
Qaldı ki, maddi yardım və ərzaq paylamaq məsələsi. Bu da həmkarlar ittifaqının funksiyalarına aid deyil. Aydın məsələdir ki, xeyirxahlıq bizim xalqımıza xas olan keyfiyyətlərdəndir. Lazım gələndə həmkarlar ittifaqları xeyriyyəçilik edir. Amma çox təəssüf olsun ki, çox zaman vətəndaşlar səhv olaraq elə hesab edir ki, bu iş həmkarlar ittifaqlarının borcudur.
Konstitusiyamızda deyildiyi kimi Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.
Həmkarlar ittifaqlarının borcu, vəzifəsi “Həmkarlar ittifaqları haqqında” 24 maddədən ibarət Azərbaycan Respublikasının Qanununda göstərilən hüquq və vəzifələri ciddi şəkildə həyata keçirməkdən ibarətdir.
Bunun üçün respublikamızda həmkarlar ittifaqları zəruri vasitələr və mexanizmlərə malikdir. Burada əsas vəzifə ondadır ki, qanunvericilik məkanında hərəkət etməyi öyrənməli, qanunlardan bacarıqla və səmərəli istifadə etməli, inzibati-amirlik sisteminə xas olan avtoritar idarəetmə üslubuna yol verməməli, nizamnamə qaydaları pozulmamalıdır.
Bu tələblərə ciddi əməl edilsə həmkarlar ittifaqları özünə layiq nüfuza sahib olar.
Hüseyn Qaraşov
sosiologiya elmlər doktoru, professor