“Qurtuluş Günü — 1993-cü il iyunun 15-i — Azərbaycan tarixində təkcə bir siyasi dönüş nöqtəsi deyil, eyni zamanda müstəqil dövlətçiliyin yeni mərhələsinin başlanğıcıdır. Bu tarixdən etibarən Azərbaycanın inkişaf tarixində keyfiyyətcə yeni bir səhifə açıldı. 1991-ci ildə bərpa olunmuş müstəqillik ilk mərhələdə məzmunsuz və strukturlaşmamış bir müstəqillik idi. Dövlət idarəçiliyi zəif idi, iqtisadi sistem dağınıq, sosial-siyasi sabitlik isə pozulmuş vəziyyətdə idi”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.
Onun sözlərinə görə, lakin 1993-cü ilin iyununda baş vermiş tarixi dönüşlə — Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə — bu vəziyyət dəyişməyə başladı: “Azərbaycanın dövlət strukturları formalaşdı, sabitlik təmin edildi, iqtisadiyyatın əsaslı islahatlara cəlb olunması üçün vacib mexanizmlər quruldu. Ölkənin təbii sərvətlərinin dünya bazarına çıxarılması üçün neft strategiyası formalaşdı və reallaşdırıldı. İnfrastruktur layihələri həyata keçirildi, milli valyuta ehtiyatları yaradıldı və ən önəmlisi — güclü və peşəkar ordu quruculuğu başlanıldı.
Bu dövrdən sonra Azərbaycanın inkişaf modeli müəyyən olundu: sabitlik, iqtisadi yüksəliş, beynəlxalq tərəfdaşlıqlar və milli maraqların qorunması əsasında formalaşan müstəqil dövlətçilik fəlsəfəsi”.
Siyasi ekspert qeyd edib ki, bu gün tam əminliklə demək olar ki, 1993-cü ilin iyununda başlanan prosesin ən böyük və strateji uğurlarından biri — Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa edilməsidir: “2020-ci il Vətən Müharibəsində əldə edilən tarixi Qələbə və işğal altındakı torpaqların azad olunması da məhz o təməl üzərində mümkün oldu.
Əslində bizim suverenliyimiz uğrunda real və nəticəverici mübarizə 1993-cü ilin iyunundan sonra başlandı. Bu mübarizə Azərbaycanın yalnız siyasi sabitliyini deyil, həm də coğrafi bütövlüyünü təmin etdi. Bu gün Azərbaycan artıq öz taleyini özü müəyyən edən, müstəqil qərarlar qəbul edən, regionda söz sahibi olan güclü dövlətdir.
Qurtuluş Günü — təkcə keçmişin deyil, həm də bu günümüzün və gələcəyimizin əsasını təşkil edən dönüş nöqtəsidir”- deyə o əlavə edib.