Maliyyə naziri büdcə gəlirlərinin və xərclərinin ÜDM-dəki payını şərh edib


Maliyyə naziri Sahil Babayev Milli Məclis üzvlərinin təklifi ilə dövlət büdcəsinin gəlir və xərclərinin ümumi daxili məhsuldakı (ÜDM) payını şərh edib. SİA xəbər verir ki, nazir mövqeyini parlamentin bu gün keçirilən plenar iclasında açıqlayıb.

Onun sözlərinə görə, bu məsələ konseptualdır: “Hər dövlətin və yaxud ekspertin bu məsələdə fərqli yanaşması ola bilər. Yəni, dövlət büdcəsinin gəlir və xərclərinin ÜDM-də optimal və yaxud yaxşı payı necə faiz olmalıdır məsələsi hazırda müzakirə obyektidir. Bir sıra ölkələrdə bu rəqəm 25-26 %, digərlərində 35-36 %, selektiv olaraq baxdıqda isə bəzi dövlətlərdə 40 %-dən çoxdur. Bu yaxşıdırmı? Bunun özü böyük bir sualdır. Dövlət büdcəsinin gəlir və xərclərinin ÜDM-in 40 %-nə bərabər olması həmin dövlətin iqtisadiyyatının kəskin şəkildə dövlət büdcəsindən aslılığı kimi də təfsir oluna bilər. Digər tərəfdən qeyd edilən payın çox az olması dövlətin iqtisadi proseslərə müdaxiləsinin minimum olması və yaxud dövlət dəstəyinin olmaması anlamına da gəlir”.

“Bildirmək istərdim ki, bu məsələdə qızıl ortanı hər bir dövlət özü müəyyən edir. Lakin bir faktı nəzərə almalıyıq ki, belə müqayisələrdə icmal büdcənin rəqəmlərinə üstünlük verilməsi daha məqsədəuyğundur. Belə ki, hesabat dövrü üzrə icmal büdcənin göstəricilərinin ÜDM-də xüsusi çəkisinə nəzər salmış olsaq, xərclərin ÜDM-də xüsusi çəkisinin 34 %, gəlirlərin isə 38 % olduğunu görərik”, – deyə nazir əlavə edib.

Əlaqəli Xəbərlər