İsraillə İran arasında artan gərginlik ilə bağlı Türkiyənin diplomatik və təhlükəsizlik qüvvələrinin rəhbərlərinin birgə iclası keçirilib.
SİA xəbər verir ki, ölkənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Güler, Silahlı Qüvvələrin Baş qərargah rəisi, ordu generalı Metin Gürak və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalının iştirakı ilə keçirilən toplantıda iki ölkə arasındakı gərginliyin mümkün nəticələri müzakirə edilib.
Görüşlə bağlı açıqlama verən Hakan Fidan bildirib ki, Türkiyə Prezidenti ilk andan etibarən hadisələri yaxından izləyir və mütəmadi məlumatlandırılır. Ölkənin aidiyyəti qurumları dövlət başçısının tapşırıqları əsasında Türkiyəni maraqlandıra biləcək ehtimal ssenarilərə uyğun olaraq bütün zəruri tədbirləri görür.
Nazir Hakan Fidan daha sonra əlavə edib: “Hadisələrin əvvəlindən bəri İran, İraq, İordaniya və ABŞ kimi bir çox ölkə ilə sıx təmasdayıq. Bölgəmizdə artan gərginliyə imkan verməməliyik. ABŞ Prezidenti Donald Trampın nüvə danışıqlarına dair başladığı prosesin davam etdirilməsi nüvə mübahisəsinin doğurduğu qarşıdurmanın aradan qaldırılması üçün yeganə yoldur. Diplomatiya müharibənin tək alternatividir”.