Azərbaycan multilateralizm prinsipinə əsaslanan yeni dünya düzəninə transformasiya prosesinə töhfələr verir


Milli maraqlara hörmət və ədalət prinsiplərinə əsaslanan yeni çoxtərəfli əməkdaşlıq mühitinin yaradılması məqsədilə Azərbaycan Qlobal Cənub ilə Qlobal Şimal arasında dialoq və konstruktiv əməkdaşlıq mühitinin təmin olunmasının tərəfdarı kimi bu prosesdə fəal rol oynamaq niyyətini nümayiş etdirir. SİA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransda çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini Tahir Budaqov deyib.

T.Budaqov bildirib ki, ölkəmiz dayanıqlı sülh, təhlükəsizlik və tərəfdaşlıq naminə hərbi-siyasi təhdidlərin qarşısının alınması, iqtisadi, ekoloji, humanitar və digər sahələrdə təhlükəsizliyin təmin olunması istiqamətində mühüm təşəbbüslərlə çıxış edir. Eyni zamanda, Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı – D8-ə üzv olması, Şanxay Əməkdaşlıq Təşkilatı, BRICS kimi nüfuzlu platformalarda tərəfdaş ölkə kimi işbirliyini diqqət mərkəzində saxlaması, eləcə də neokolonializmin bütün təzahürlərinin aradan qaldırılması istiqamətindəki fəaliyyəti olduqca mühüm əhəmiyyətə malikdir.

“Həm yerləşdiyi Cənubi Qafqazın, həm də bütövlükdə Avrasiyanın uzunmüddətli və səmərəli əməkdaşlıq məkanına çevrilməsində maraqlı olduğunu nümayiş etdirən Azərbaycan multilateralizm prinsipinə əsaslanan yeni dünya düzəninə transformasiya prosesinə töhfələrini verməkdədir”, – deyə o bildirib.

Əlaqəli Xəbərlər