Milli Qurtuluş Günü münasibətilə Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Göyçaydakı dayaq məntəqəsində yeni tinglik təsərrüfatının təməli qoyulub. SİA xəbər verir ki, bu gün – Azərbaycanın ən mühüm dövlət bayramlarından biri olan Milli Qurtuluş Günündə Göyçayda yeni tinglik təsərrüfatının rəsmi açılış mərasimi keçirilib. Bu tədbir Xəzəryanı Regionun Aqrar Tədqiqatları Mərkəzi (CARCAS) ilə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu arasında strateji əməkdaşlığın ilk əhəmiyyətli mərhələsi oldu.
Mərasim çərçivəsində tərəflər arasında bağçılıq sektorunun davamlı inkişafına xidmət edən əməkdaşlıq sazişi də imzalanıb. Xüsusi diqqət müasir meyvəçilik və dekorativ yaşıllaşdırma sahəsində yüksək tələbat olan virusdan azad tinglərin istehsalına yönəldilib.
CARCAS-ın Müşahidə Şurasının sədri Rifat Sultanzadə tədbirdə çıxış edərək tingliyin təməlqoyma tarixinin rəmzi məna daşıdığını vurğulayıb:
“Biz bu yola Milli Qurtuluş Günündə çıxdıq — bu bayram Azərbaycanın tarixi və gələcəyi üçün böyük əhəmiyyət daşıyır. Bu gün baş tutan hadisə sadəcə yeni bir layihənin başlanğıcı deyil, həm də ölkəmizin ərzaq təhlükəsizliyinə, davamlı kənd təsərrüfatına və ixrac potensialına töhfədir.”
O bildirib ki, proqramın ilkin mərhələsi çərçivəsində artıq 400 000 virusdan azad ting əkilib. Gələcəkdə proqramın Azərbaycan ərazisində mövcud olan bütün meyvə bağlarını — təxminən 230 000 hektarı — əhatə edəcək miqyasda genişləndirilməsi planlaşdırılır.
Sultanzadənin sözlərinə görə, növbəti mərhələdə əsas prioritetlər arasında ting ixracının inkişafı, dekorativ istiqamətin genişləndirilməsi və ixrac potensialına malik dekorativ ağacların yetişdirilməsi üzrə tədqiqatların başlanması yer almalıdır. Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun direktoru İlham Qaraqurbanlı layihənin bağçılıqda əkin materiallarının idxalından asılılığın azaldılması baxımından əhəmiyyətini xüsusi qeyd edib:
“Özümüzə məxsus ting istehsalı bazası Azərbaycana yalnız daxili tələbatı ödəmək deyil, eyni zamanda regional bazarlarda ixracatçı kimi çıxış etmək imkanı da verəcək.” Tədbir rəmzi lentkəsmə mərasimi ilə davam edib. Daha sonra iştirakçılar təcrübə stansiyasının infrastrukturu ilə — o cümlədən suvarma və irriqasiya sistemləri ilə — tanış olub və yeni tingliyin ərazisində xatirə ağacları əkiblər.
Sonda tərəflər seleksiya sahəsində elmi-tədqiqat və təcrübə proqramları, ixrac strategiyaları və bağçılıq üzrə kadr hazırlığı istiqamətində gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib, yeni tingliyin fonunda xatirə şəkilləri çəkdiriblər.