Avstraliya Avropa İttifaqı ilə yeni təhlükəsizlik və müdafiə sazişinə qoşulmaq üçün rəsmi danışıqlara hazırlaşır. Bunu “G7” sammitində iştirak etmək üçün Kanadaya gələn baş nazir Entoni Albanese deyib.
SİA-nın məlumatına görə, bu barədə “The Guardian” yazır. Tərəflər hərbi təlimlər, kibertəhlükəsizlik, terrorizmlə mübarizə, xarici müdaxilələrə qarşı mübarizə, həmçinin müdafiə sənayesi və mühüm texnologiyalar sahələrində mümkün əməkdaşlığı müzakirə etməyi planlaşdırır.
AB-nin keçən ay Romada keçirilən mərasimdə elan etdiyi təşəbbüsə Avstraliya daha əvvəl şübhə ilə yanaşırdı.
Bununla belə, Albanese görə, hökumət indi “danışıqlara konstruktiv şəkildə daxil olur” və vurğulayır ki, münasibətlərin möhkəmləndirilməsi təkcə strateji deyil, həm də iqtisadi fayda gətirə bilər.
Aİ-nin artıq Yaponiya, Cənubi Koreya və Böyük Britaniya ilə oxşar sazişləri var. Avropa Komissiyasının sədri Ursula fon der Leyen Avstraliya və Aİ-nin “ortaq dəyərləri paylaşdığını” söyləyib.
Eyni zamanda Kanada ilə müdafiə layihələri müzakirə olunur. Albanese Kanadanın qabaqcıl hərbi texnoloji əməkdaşlıqda iştirakını müzakirə etmək üçün Baş nazir Mark Karni ilə görüşüb.
Şimali Amerikada radar sistemi də daxil olmaqla, birgə layihələr də nəzərdən keçirilib. Danışıqlar dünyada gərginliyin artması, xüsusən də İsrail və İran arasındakı münaqişə ilə bağlı gedir.
Səfər zamanı Albanese Yaponiya, Cənubi Koreya, Almaniya, Fransa və ABŞ liderləri ilə də görüşlər keçirəcək. Onun ABŞ prezidenti Donald Trampla danışıqlarda Avstraliya polad və alüminiumuna tariflərin qaldırılması məsələsini qaldıracağı gözlənilir.
Əli Babayev