“Sosial mediada “bəyənilmək” sadəcə xoş hiss deyil, psixoloji ehtiyacdır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq, psixoterapevt Orxan Şəfizadə deyib.
O bildirib ki, müasir dövrdə insanlar sosial mediada paylaşdıqları şəkil və statusların bəyənilməsinə xüsusi həssaslıqla yanaşırlar: “Bəs bu “like” ehtiyacı haradan qaynaqlanır? Bu sadəcə özünü göstərmək istəyidir, yoxsa daha dərinə enən psixoloji bir ehtiyac?
Əslində, sosial mediada bəyənilmək istəyi insanın təməl psixoloji ehtiyaclarından biri olan qəbul edilmə və təsdiqlənmə arzusuna söykənir. Uşaq yaşlarımızdan etibarən gördüyümüz diqqət, aldığımız tərif və ya laqeydlik bizdə bir sual yaradır: “Mən dəyərliyəmmi?” Bu sualın cavabını isə çox zaman başqalarının reaksiyası ilə axtarırıq. Sosial media bu ehtiyacı sanki “rəqəmlərlə” cavablandırır:
– çox bəyənildimsə, deməli qəbul olunuram,
– az bəyənildimsə, deməli yetərli deyiləm.
Beyin bu rəqəmsal təsdiqi “dopamin” mükafatı ilə əlaqələndirir, yəni xoşbəxtlik hormonu. Hər bəyənmə bir növ, “səni görürük, sən vacibsən” mesajıdır. Amma təhlükə burdadır: İnsan bəyənilməyə o qədər fokuslana bilər ki, öz “mən”ini yox, başqalarının görmək istədiyini paylaşmağa başlayar. Bu isə uzun müddətdə özünü itirmə, süni həyat tərzi və hətta depressiya ilə nəticələnə bilər.
Sosial mediadan istifadə edərkən unutmamalıyıq: Sən orada kiminsə xoşuna gəlmək üçün yox, özünü ifadə etmək üçün varsan. Bəyənilmə ehtiyacını başqalarının əlindən alma, onu öz içində doldurmağı öyrən”.