Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri Bakıda yerləşən Müqəddəs Məryəm Katolik Kilsəsini ziyarət edib, dini icmanın fəaliyyəti ilə tanış olublar. SİA xəbər verir ki, görüşdə Katolik kilsəsinin Apostol Prefekturasının yepiskopu Vladimir Fekete, qurumun mətbuat katibi Toral Ağayev, İctimai Şuranın sədri Elnur Mustafayev və sədr müavini Səadət Məmmədova, üzvləri Nigar Axundova, Tural Əhmədov, eyni zamanda Komitənin əməkdaşı Vüsalə Hüseynova iştirak edib.
Katolik kilsəsinin Apostol Prefekturasının yepiskopu Vladimir Fekete ölkəmizdə katolikliyin tarixi və fəaliyyəti haqqında geniş məlumat verib, dövlətin icmaya göstərdiyi qayğıdan məmnunluğunu ifadə edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs II İoann Pavelin şərəfinə katolik kilsəsinin inşasına başlanılmasının yerli katoliklər üçün mühüm hadisə olduğunu qeyd edib.
Azərbaycanda mövcud olan dini tolerantlıq mühiti və multikultural ənənələrin əhəmiyyətinə toxunan İctimai Şura üzvləri ölkədə dini müxtəlifliyin qorunması və dinlərarası həmrəyliyin möhkəmləndirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndiriblər. Bildiriblər ki, bu cür görüşlərin keçirilməsində əsas məqsəd dövlət tərəfindən qeydiyyata alınan dini konfessiyaların fəaliyyəti, dini qurumlar arasındakı əməkdaşlıq mühiti ilə daha yaxından tanış olmaqdır.