Milli qurtuluşun Zəfər təntənəsi


Azərbaycanın milli təqviminə əzəmət verən 15 İyun – Milli Qurtuluş Günü haqqında bəhs etmək şərəfli olduğu kimi də məsuliyyətlidir. Bəli, bəzi tarixi günlər xalqın gələcəyini müəyyən edən böyük başlanğıcların əsasını yaradır. Milli təqvimimizə Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyun gününün mahiyyətini milli müqəddəratın təyinolunma prinsipi təşkil edir. Nəzəri baxımdan Milli Qurtuluş Günü böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik gündür. Lakin o dövrün tarixi hadisələrinə nəzər yetirdikdə aydın şəkildə izah edə bilərik ki, 15 İyun – Milli Qurtuluş Günü təkcə Azərbaycanın deyil, ümumilikdə Anadolunun, Qafqazın və Orta Asiyanın müqəddəratını həllinin başlanğıc nöqtəsidir. Ötən əsrin ilk illərindən başlayaraq Anadoluda, Qafqazda və Orta Asiyada aparılan milli-azadlıq hərəkatlarının qarşılaşdığı məğlubiyyətin yüz illik fasilədən sonra yeni bir müstəvidə aradan qaldırılması və müasir dövrün tələbələrinə uyğun inkişaf dinamikasına nail olmaq məhz 15 İyun – Milli Qurtuluş Günü ilə əlaqəlidir.

Ümumi mənada tarix kitablardan öyrənilir. Bunla belə tarixi proseslərin iştirakçısı olan milyonlarla insan baş verən milli müqəddərat təyinatlı hadisələrin əsl mahiyyətini canlı olaraq yaşayırlar. Cəmi 32 (1993-2025) il bundan əvvəl milli təqvimimizə daxil olaraq öz yerini əzmlə qoruyan 15 İyun – Milli Qurtuluş Günü baş verənləri obyektiv nəzər nöqtəsindən təhlil etdikdə haqlı olaraq belə bir sual ortaya çıxır: əgər həmin gün müxtəlif səbəblərdən ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətin ağırlığını öz çiyninə götürməsəydi Azərbaycandakı proseslər hansı məcrada inkişaf edəcəkdi? Bu suala cavab tapmaq üçün bəlkə də təkcə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin real risklərini sadalamaq yetər. Bəs, qara bulud kimi dövlətçiliyimizin səmasını zəbt edən digər problemlər? Ölkənin şimal və cənub bölgələrində yaranmış separatizmin işğalçı Ermənistanın təcavüzkar siyasəti ilə eyni mahiyyətdə olduğunu əsaslandırmaqla yığcam bir cavab tapırıq: 1993-cü ildə Azərbaycan yenidən xanlıqlara parçalanırdı. Bu ssenarinin müəllifləri, onu ortaya atan “beyin mərkəzləri”, bu layihənin xarici və daxili icraçıları bir yumruq kimi eyni nöqtəyə döyürdülər.

NƏDƏN QURTULMUŞUQ?

Beləliklə, müstəqilliyin ilk illərində Azərbaycanın xarici siyasəti iflas etmişdi. Yeni formalaşmalı olan diplomatik korpusun qarşılaşdığı böhranı aradan qaldırmaq üçün vahid mexanizm və kadr potensialı çatışmırdı. Məsuliyyətsiz bəyanatlar nəticəsində BMT TŞ-nin üzvləri başda olmaqla qonşu dövlətlərlə münasibətlər durmadan pozulurdu. Orta Asiyadan qardaş ölkələr, qonşu İran və Rusiya, dünya nəhənglərindən olan Çin durmadan Azərbaycana etiraz edirdilər. Bu etiraz səsləri çoxsaylı dostlara ehtiyac olduğu bir vəziyyətdə çoxsaylı düşmənlər qazandırırdı. Azərbaycan Xarici İşlər Nazirliyi xarici siyasət strategiyası olmadığı bir məqamda bu problemlərin məngənəsində boğulurdu.

Daxili siyasətə gəldikdə iqtisadi tənəzzül durmadan ağırlaşırdı. Zavod və fabriklərdə işin ahəngi tam pozulmuşdur. Əməkhaqqı yerinə işçilərə sabun, yuyucu toz, ən yaxşı halda günəbaxan yağı və yaxud Bolqarıstandan idxal olunan toyuq budu verirdilər. AXC-Müsavat hakimiyyətini meydanlarda alqışlayan insan seli indi kütləvi şəkildə bu zümrəyə nifrət edirdi. İnsanların etiraz səsini boğmaq üçün “milli diktatura” adı altında təzyiqlər göstərilirdi. Jurnalistlər döyülür, təqib edilir, nazirlər televiziya verilişlərində canlı yayına basqın etməkdən çəkinmirdilər. Günboyunu əhatə edən çörək və qənd növbələri əhalidə sarsıntı yaratmışdır.

Azərbaycandakı siyasi-idarəetmə xaosu təcavüzkar Ermənistanı işğala daha da həvəsləndirmişdi. Rəsmi İrəvanın əsasız ərazi iddiaları ilə ortaya çıxan Ermənistan-Azərbaycan münaqişəsi artıq iki ölkə arasında müharibəyə çevrilmişdi. Bu müharibədə Ermənistanın bir vasitə olduğu hər kəsə bəlli olsa da, təcavüzkarın sahibi ilə anlaşmaq səriştəsi AXC-Müsavat hakimiyyətinin iqtidarında deyildi.

ABLAVA

Təcavüzkar tərəf hərbi işğalı genişləndirdikcə ölkədə xaos daha da artırdı. Hakimiyyət hətta əsgərlikdən möhlət hüququ olan tələbələri belə ictimai nəqliyyat dayanacaqlardan, metro stansiyalarından yığıb təlim görmədən savaş meydanlarına aparırdı. Nəticə bəllidir!

AXC-Müsavat hakimiyyətinin Azərbaycana gətirdiyi yeniliklərdən biri də “avlava” oldu. Bu sadəcə olaraq 6 hərfdən ibarət alınma söz kimi leksikonumuza daxil olmadı. Hakimiyyətə bağlı silahlı qruplaşmalar bazarlarda, əhalinin sıx olduğu məkanlarda, ali təhsil müəssisələrinin qarşısındakı qanunsuz əməllərini “Ablava” adlandırıb əhalidə xof yaradırdılar. İnsan ovu mənasını verən “ablava” o dövrün ictimai-siyasi vəziyyətinin güzgüsü idi. Evə gec gələn əzizini, doğmasını axtaran ailə üzvləri “yəqin avlavaya düşüb”, – ifadəsi ilə özlərinə müvəqqəti təskinlik veroirdilər.

1993-cü il iyunun ilk günlərində ikinci böyük şəhərimiz olan Gəncədə baş verənlər Azərbaycan xalqının inamsızlığını daha da artırdı. Bu qanlı hadisələrə müxtəlif adlar verib onun əsl mahiyyətini gizlətməyə çalışsalar da ortadakı acı həqiqət belə idi: Azərbaycanda vətəndaş müharibəsi başlamış, qardaş qanı axıdılmışdı. Gəncədə qardaş qanının axıdılması AXC-Müsavat hakimiyyətinin birbaşa daxili qarşıdurması idi. Bəli, bu qırğında üçüncü tərəf görünmürdü. Sürət Hüseynov məhz AXC-Müsavat hakimiyyətinin yetirməsi və mühüm səlahiyyətli nümayəndəsi olaraq özünü müdafiə etmək istədiyini deyirdi.

Beləliklə, 1993-cü ilin iyununda Azərbaycan faktiki olaraq parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Ölkənin anarxiya və xaos bürümüşdü. Azərbaycan xalqı ümidsizlik, inamsızlıq, sahibsizlik (lidersizlik, rəhbərsizlik) bəlasına düçar olmuşdu. Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdışı ümidsizlikdən ölən gözlərə nur verdi. Əhalidə sabaha olan inam yarandı ki, bu da ilk olaraq düşmənə qarşı milli müqavimətin təməli idi.

MİLLİ QURTULUŞ GÜNÜN ƏZƏMƏTİ

Ötən illərdə Ümummilli Liderimizin həyata keçirdiyi şərəfli xilaskarlıq missiyası xalqımızın və bütün dünyanın gözü qarşısında cərəyan etdi, Azərbaycan məhv olmaq təhlükəsindən qurtularaq güclü bir dövlətə çevrildi. Bu illərdə Heydər Əliyevin gərgin zəhmət, əzm və siyasi iradəsi sayəsində reallaşdırdığı nəhəng işlər öz miqyasına görə insanı heyrətə gətirir.

Ümummilli lider Heydər Əliyev ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaratdı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesinə başladı. Ulu Öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami ordunun yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu. “Neft müqaviləsi” başda olmaqla beynəlxalq əhəmiyyətli iqtisadi layihələr Orta Asiya, Qafqaz, Anadolu və Yaxın şərqin bir sıra ölkələri üçün kompleks inkişaf modeli ortaya çıxardı. Avropanın enerji təhlükəsizliyi üçün yeni stimul yaradıldı.

Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik quruculuğu istiqamətində həyata keçirdiyi çoxşaxəli yeniliklər Azərbaycanın dövlətçilik dəyərlərinə yeni nəfəs gətirdi, özünəməxsus canlanma yaratdı. Milli dövlətçilik tarixinin öyrənilməsindən tutmuş ənənələrin sahib çıxmaq, yeni istiqamətlər formalaşdırmaq dövlət strategiyası olaraq qəbul edildi. Ulu Öndərimizin böyük dühası və zəngin dövlətçilik təcrübəsi Azərbaycanda müasir dövlət modelinin təməl prinsiplərini formalaşdırdı və inkişaf istiqamətləri müəyyən olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı rəşadətli Zəfər və sonrakı uğurlar Ulu Öndərin müəyyən etdiyi dövlətçilik prinsiplərinin real nəticəsidir. Bəli, fəxrlə deyə bilərik ki, ümummilli lider Heydər Əliyev dövlətçilik prosesində milli ordu quruculuğuna xüsusi diqqət vermişdi. Prezident İlham Əliyevin bu strategiyanın böyük müdrikliklə davam etdirərək Azərbaycan Ordusunun modern səviyyəyə yüksəlişini təmin etdi. 15 İyun – Milli Qurtuluş Günü Azərbaycanın milli dövlətçilik tarixində yeni başlanğıcın şərəf nöqtəsi olması məhz 44 günlük Vətən savaşında qazanılan əzəmətli Zəfərlə bir daha özünü təsdiq etdi.

Sabir Şahtaxtı, müstəqil jurnalist, xüsusi olaraq SİA üçün.

Əlaqəli Xəbərlər