İyunun 18-də Bakıda Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” adlı beynəlxalq konfransın açılış mərasimi keçirilib. SİA xəbər verir ki, açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra məhkəmə-hüquq islahatlarının tarixi inkişaf yolunu əks etdirən videoçarx nümayiş etdirilib.
Beynəlxalq konfransın açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov, Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, Konstitusiya Məhkəməsinin hakimi, Məhkəmə-Hüquq Şurasının sabiq sədri Fikrət Məmmədov, Gürcüstan Ali Məhkəməsinin sədri Nino Kadagidze çıxış ediblər. Açılış mərasimində daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və Baş prokuror Kamran Əliyev də iştirak ediblər.
Açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının və Ali Məhkəməsinin sədri İnam Kərimov bildirib ki, məhkəmə islahatlarının davamlılığı, hakimlərin peşəkarlığının artırılması, rəqəmsal transformasiyanın genişləndirilməsi və ictimai etimadın qorunması gələcək fəaliyyətin əsas prioritetlərini təşkil edir: “Bu, davamlı və mərhələli şəkildə aparılmalı olan prosesdir. Dünya inkişaf etdikcə qarşımıza yeni çağırış və tələblər çıxır. Bu baxımdan gələcəyin məhkəmə sistemi yalnız hüquqi islahatlarla deyil, həm də texnoloji inkişafla güclənəcək. Süni intellekt, rəqəmsal texnologiyalar və avtomatlaşdırma sahələrindəki yeniliklər məhkəmə proseslərini daha sürətli, şəffaf və ədalətli aparmaq üçün böyük imkanlar yaradacaq. Virtual məhkəmələr, videokonfranslar və elektron imzalar vasitəsilə hüquqi xidmətlərə daha geniş çıxış təmin ediləcək və nəticədə daha əlçatan bir məhkəmə sistemi qurulacaq. Bu imkanlar məhkəmələrin daha effektiv olmasına, hakimlərin iş yükünün azalmasına, qərarların daha çevik qəbuluna şərait yaradacaq və məhkəmə sisteminin fəaliyyətini daha da təkmilləşdirəcək. Davamlı islahatlar, atılan addımlar vətəndaş məmnunluğunun artmasına hesablanıb. Çünki Azərbaycan Respublikasının dövlət siyasətinin mərkəzində məhz vətəndaş dayanır, yəni dövlətin bütün fəaliyyəti vətəndaşların rifahını, hüquqlarını və həyat şəraitini yaxşılaşdırmağa yönəlib”.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov çıxışında bildirib ki, bu il Azərbaycanda məhkəmə hakimiyyətinin idarəedici funksiyalarını həyata keçirən Məhkəmə-Hüquq Şurasının yaradılmasının 20 illiyi qeyd olunur: “2005-ci ildə bu qurumun formalaşdırılması ilə ölkəmizdə məhkəmə hakimiyyətinin inkişafı, onun idarəolunmasının institusional əsaslar üzərində qurulması yeni mərhələyə qədəm qoyub. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin davam etdirdiyi geniş hüquq islahatları çərçivəsində Məhkəmə-Hüquq Şurasının fəaliyyəti daha da gücləndirilib, məhkəmə sistemində səmərəli tənzimləmə mexanizmləri tətbiq olunub. Eyni zamanda, müasir dövrdə məhkəmə idarəçiliyi artıq yalnız inzibati funksiyaların icrası ilə məhdudlaşmır, əksinə, ədalət mühakiməsinin keyfiyyəti, şəffaflığı və ictimai etimadın formalaşdırılmasında mühüm vasitə kimi çıxış edir. Bildiyiniz kimi, 2025-ci il Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunub. Bu kontekstdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dövlət təsisatlarının, o cümlədən məhkəmə hakimiyyəti orqanlarının fəaliyyətinin bərpası prosesini xüsusi vurğulamaq istərdim. Bu proses Azərbaycanın suverenliyinin real təcəssümüdür və əminəm ki, bu sahədə görülən işlər də uğurla başa çatdırılacaq. Azərbaycan Respublikası məhkəmə-hüquq sistemini daha da təkmilləşdirmək əzmindədir. Bu yolda əsas hədəf ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin hərtərəfli artırılmasıdır. İnanıram ki, bugünkü beynəlxalq tədbir məhkəmə idarəçiliyində qabaqcıl təcrübənin paylaşılması, fikir mübadiləsinin aparılması və gələcək əməkdaşlıq üçün məhsuldar zəmin yaradacaq”, – deyə Fuad Ələsgərov vurğulayıb.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov bildirib ki, son illərdə Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra islahatlar keçirilib: “Qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən, 2023-cü ildən etibarən Məhkəmə-Hüquq Şurası əsasən hakimlər tərəfindən formalaşır və şura hazırda hakimliyin yeganə özünüidarəetmə orqanıdır. Eyni zamanda, məhkəmə-hüquq sistemində növbəti islahatların keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin 3 aprel 2019-cu il tarixli Fərmanı öz aktuallığını saxlamaqdadır. Fərmanın preambulasında deyilir ki, müasir dövrün tələblərinə cavab verən, yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları genişləndirilməli, məhkəmə fəaliyyətində şəffaflıq artırılmalı, icraatın effektivliyi yüksəldilməli, qərarların tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün əlavə tədbirlər gücləndirilməlidir. Bu çağırışlar hazırda da Məhkəmə-Hüquq Şurası üçün aktualdır”.
Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov qeyd edib ki, Azərbaycanda məhkəmə sistemində çox işlər görülüb. “Bütün dünyada qəbul olunmuş pospulatdır ki, məhkəmə sistemi insan hüquq və azadlıqlarının qorunmasının ən mühüm müxanizmlərindən biridir. Bu, bütün dünyada qəbul olunub. Azərbaycanda məhkəmə sisteminin formalaşması, təşkili və fəaliyyət prinsipləri Konstitusiyamızda təsbit olunub. Hesab edirəm ki, ötən illər ərzində bu sahədə çox işlər görülüb, proseslər bu gün də davam edir. Mən vaxtilə Məhkəmə-Hüquq Şurasının üzvü olmuşam. Deyə bilərəm ki, məhkəmələrdə qərarlar qanunun tam ciddiyyəti ilə qəbul olunur. Bununla yanaşı, Azərbaycanda məhkəmə fəaliyyətinin tam yüksək səviyyədə həyata keçirilməsi üçün normal şəraitin yaradılması da olduqca vacib məsələdir. Məsələn, bu gün heç kimə sirr deyil ki, məhkəmələrin yükü həddindən artıq çoxdur. Bu baxımdan hakim korpusunun artırılması normal fəaliyyət göstərilməsinə təsir edəcək. Bu proseslərin şəffaf olması qanunçuluq prinsiplərinə əməl edilməsində əhəmiyyətli rol oynaya bilər”, – deyə Ziyafət Əsgərov bildirib.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, Məhkəmə-Hüquq Şurasının sabiq sədri Fikrət Məmmədov diqqətə çatdırıb ki, ölkəmizdə məhkəmə islahatlarının uğurla inkişafı, o cümlədən məhkəmə hakimiyyətinin müstəqilliyinin artırılması, xüsusilə Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin genişləndirilməsi hər birimizi sevindirir: “Məhkəmə-Hüquq Şurasının tərkibində hakimlərin rolunun daha da genişləndirilməsi, onların demokratik yolla Hakimlərin Konfransı tərəfindən seçilməsi, bütün instansiya məhkəmələri hakimlərinin təmsil olunduğu Hakimlərin Qiymətləndirilməsi Komitəsinin yaradılması, hakimlərin seçimi prosesinin daha da təkmilləşdirilməsi xüsusi məmnuniyyət doğurur. Əminəm ki, Məhkəmə-Hüquq Şurası İnam Kərimovun rəhbərliyi ilə qarşıda duran mühüm vəzifələrin öhdəsindən layiqincə gələcək, ölkəmizdə məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi və daha da inkişafına layiqli töhfəsini verəcək”.
Gürcüstan Ali Məhkəməsinin sədri Nino Kadagidze vurğulayıb ki, məhkəmə şuraları məhkəmə sisteminin idarəedilməsinə cavabdeh olan müstəqil orqan kimi mühüm rol oynayır. Bu şuraların vəzifəsi yalnız təyinatlara, karyera yüksəlişlərinə və digər məsələlərə nəzarət etmək deyil, həm də məhkəmə sistemini kənar təsirlərdən qorumaqdadır. “Məhkəmə şuraları məhkəmələrin gərəksiz təzyiqlərdən asılı olmadan müstəqil fəaliyyət göstərmələrinə təkan verir. Müasir dünyada məhkəmə sisteminin müstəqilliyi ilə bağlı tələblər artır. Siyasi və texnoloji inkişaf məhkəmə institutlarına təzyiq göstərə bilər. Bu kimi hallar isə məhkəmə şuralarının rolunu daha da artırır və aktuallaşdırır”, – deyə o bildirib.
Açılış mərasiminin sonunda Konstitusiya Məhkəməsinin hakimi, Məhkəmə-Hüquq Şurasının sabiq sədri Fikrət Məmmədov “Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.