İyunun 18-də Bakıda Qara Dəniz İqtisadi ƏməkdaşlıqTəşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci Baş Assambleyası keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Milli Məclisin sədri, QDİƏTPA-nın fəaliyyətdə olan sədri Sahibə Qafarova Assambleyada çıxış edib.
Azərbaycan parlamentinin sədri deyib ki, belə görüşlər xalqların bir-birinə daha da yaxınlaşmasına, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə təkan verir.
O, Azərbaycanın dövlət səviyyəsində dialoqa, dinc birgə yaşayışa və beynəlxalq əməkdaşlığa hər zaman böyük əhəmiyyət verdiyini bildirib. Onun sözlərinə görə, bu gün Bakı, ideyaların yarandığı, təcrübə mübadiləsininaparıldığı, birlikdə regionumuzu yaxşılığa doğru dəyişəbiləcək həll yollarının axtarıldığı yerə çevrilir.
Sahibə Qafarova xüsusilə qeyd edib ki, Azərbaycanın bu mühüm beynəlxalq forumu uğurla təşkili Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən və strateji cəhətdən uğurlu siyasi kurs sayəsində mümkün olub. Vurğulanıb ki, məhz dövlət başçısının rəhbərliyi sayəsində Azərbaycan daxili sabitliyi qoruyu-saxlaya bilib, ədaləti bərpa edib, davamlı inkişafı təmin edib, dinamik, özünə inamlı və nüfuzlu ölkəyə çevrilib. Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan bu gün həm müasir çağırışların öhdəsindən gələn, həm də regional və qlobal gündəmi fəal şəkildə formalaşdıran, sülh, inkişaf və bərabərhüquqlu əməkdaşlığı müdafiə və təşviq edən dövlətdir.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, QDİƏT-in regionumuzdakı rolu həqiqətən unikaldır.
S.Qafarova parlamentlər arasında əməkdaşlığın gücləndirilməsinin, davamlı inkişafa töhfə verəcək qanunvericilik aktlarının uyğunlaşdırılmasının təşviqinin və qanunun aliliyinin gücləndirilməsinin vacibliyini ifadə edib. Vurğulanıb ki, sözdən konkret səmərəli, şəffaf və uzunmüddətli əməkdaşlıq mexanizmlərinə keçilməli, davamlı inkişafa xüsusi diqqət yetirilməlidir.
Parlamentin sədri, həmçinin insan hüquqlarını qorumağın və xalqın təmsilçiliyinin əsas formalarından biri kimi parlamentarizmi təbliğ etməyin də əhəmiyyətini diqqətə çatdırıb.
Sonra iclasda Bolqarıstan Milli Assambleyasının sədri Nataliya Kiselova çıxış edib. O, Bakıda təşkil olunmuş bu tədbirin QDİƏT PA-nın regionda iqtisadi əməkdaşlığın gücləndirilməsinə, parlamentlərarası dialoqun təşviqinə yönəldiyini söyləyib. Üzv ölkələr arasında əlaqələrin möhkəmləndirilməsinin Qara Dəniz regionunda davamlı inkişafın və rifahın təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyini deyib. Mehriban qonşuluq münasibətlərinin qurulmasının regional və beynəlxalq əməkdaşlığın inkişafı üçün önəmli olduğunu qeyd edib, bu istiqamətdə birgə səylərin artırılmasının Qara Dəniz regionunda sabitliyin və təhlükəsizliyin təmin edilməsi baxımından vacibliyindən danışıb.
Bolqarıstan spikeri tədbirin mövzusunun aktuallığını qeyd edərək, nəqliyyat infrastrukturunun səmərəliliyin artırılmasının üzv dövlətlərin davamlı iqtisadi inkişafına nail olunması, ticarət sahəsində regional inteqrasiya üçün geniş imkanlar yaratdığını bildirib. O, eyni zamanda, ekoloji cəhətdən daha təmiz nəqliyyat növlərindən istifadəedilməsinin vacibliyindən söhbət açaraq, bunun regionda dayanıqlı və təhlükəsiz inkişaf prinsiplərinə uyğun olduğunu deyib.
Şimali Makedoniya Assambleyasının sədri Afrim Qaşi isə çıxışında bildirib ki, firavan gələcəyin, sabitlik və təhlükəsizliyin təmin edilməsində, iqtisadi inkişafın sürətləndirilməsində, iqlim dəyişiklikləri ilə mübarizədə çoxtərəfli əməkdaşlığın gücləndirilməsi, demokratik dəyərlərin qorunması, qanunun aliliyinin təmin edilməsi, xalqlar arasında dialoqun təşviqi, parlament diplomatiyasının rolunun gücləndirilməsi önəmli amillər hesab olunur.
Afrim Qaşi müasir və dayanıqlı nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi üçün region ölkələri arasında qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətindən danışıb. O, regional nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində potensial imkanlardan istifadənin vacibliyini qeyd edib və bunun quruma üzv dövlətlər arasında münasibətlərin gücləndirilməsinə, ölkələrin iqtisadiyyatının daha da yüksəlməsinə xidmət etdiyini bildirib.
Tədbirdə çıxış edən QDİƏT PA-nın Baş katibi Asəf Hacıyev Qara Dəniz bölgəsində müxtəlif mədəniyyətlərə, dinlərə, adət-ənənələrə mənsub millətlərin birgəyaşayışı üçün sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq mühitinin formalaşmasının vacibliyindən bəhs edib. Təşkilata üzv ölkələr arasında iqtisadi, siyasi, sosial, humanitar, təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi, habelə milli maraqların qorunması ilə bağlı fikirlərini bölüşüb. Gələcək inkişaf üçün sülh, barışıq və əməkdaşlığın önəmli amillər olduğunu vurğulayıb.
Asəf Hacıyev Milli Məclisin sədri Sahibə Qafarovaya QDİƏT PA-nın 65-ci Baş Assambleyasının yüksək səviyyədə təşkilinə görə minnətdarlığını ifadə edib.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova iki il əvvəl QDİƏT PA-nın 30 illik yubileyinin qeyd edildiyini bildirib. O, çoxtərəfli iqtisadi əməkdaşlığın təşviqində qurumun mühüm rol oynadığını, bu sahədə milli nümayəndə heyətlərinin töhfə verdiyini söyləyib. Sahibə Qafarova QDİƏT PA-nın səmərəli fəaliyyətində əməyi olan şəxslərin təşkilatın medalı ilə təltif olunduğunu vurğulayıb.
Tədbirdə Sahibə Qafarova Sofiya Vultepsiyə (Yunanıstan), Blagika Lasovskaya (Şimali Makedoniya), Fatih Dönməzə (Türkiyə), Eldar İbrahimova (Azərbaycan) və Peter Kanevə (Bolqarıstan) medalları təqdim edib.
Sonra S.Qafarova QDİƏT Parlament Assambleyasına növbəti müddət üçün sədrliyin Bolqarıstan Respublikasının Milli Assambleyasına təhvil verildiyini bildirib.
Nataliya Kiselova təşkilatın regional əməkdaşlığın dərinləşməsinə, iqtisadi inkişafın təmin edilməsinə nail olmaq istiqamətində gördüyü işləri yüksək dəyərləndirib. Qara Dəniz bölgəsi ölkələrinin parlamentlərinin bir araya gələrək regionda etimadın və sabitliyin möhkəmlənməsinə töhfə verdiyini deyib. Bolqarıstanın quruma sədrliyi dövründə dayanıqlı inkişafa, mədəni inteqrasiyaya, tolerantlığın təmin edilməsinə, parlamentlərarası əməkdaşlığın gücləndirilməsinə diqqət yetiriləcəyini söyləyib.
Sonra Bolqarıstan Milli Assambleyasının sədri Nataliya Kiselova Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının “Şərəf” medalı ilə təltif olunduğunu bildirib. O, Azərbaycan parlamentinin sədrinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının işinə dəyərli töhfələrini, təşkilatın təşəbbüslərinə sarsılmaz dəstəyini və parlamentlər arasında dialoqun gücləndirilməsi istiqamətində səylərini nəzərə alaraq, bu medala layiq görüldüyünü deyib və təltifi ona təqdim edib.
Sonra xatirə fotosu çəkdirilib.
Fasilədən sonra QDİƏTPA-nın Baş Assambleyası işini sessiyalarda davam etdirib.
Birinci sessiyada bir sıra prosedur məsələlərinə baxılıb, habelə təşkilatı və maliyyə məsələləri nəzərdən keçirilib, müvafiq qərarlar qəbul edilib.
Sonra sessiyada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) fəaliyyəti, Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) fəaliyyəti, Qara Dəniz Araşdırmaları üzrə Beynəlxalq Mərkəzin (QDABM) fəaliyyəti barədə məlumatlar dinlənilib. Tədbir iştirakçıları gündəlikdəki məsələlərə öz münasibətini bildiriblər.
QDİƏT PA-nın Baş Assambleyasının ikinci sessiyasında “Müasir və dayanıqlı nəqliyyat infrastrukturu vasitəsilə QDİƏT regionunda əlaqəliliyin gücləndirilməsi və hərəkətliliyin artırılması” mövzusunda müzakirələr aparılıb. Milli nümayəndə heyətlərinin rəhbərləri mövzu ilə bağlı çıxış edərək öz fikirlərini bölüşüblər.
Sessiya çərçivəsində, həmçinin qurumun İqtisadi və inkişaf siyasəti komitəsinin iclası keçirilib. İclasda “Daha yaşıl bir gələcəyə doğru: Qara Dəniz regionunda texnologiya həlləri üzrə əməkdaşlıq” adlı hesabat və tövsiyə layihəsi müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.
Üçüncü sessiyada qurumun Hüquq məsələləri və beynəlxalq əməkdaşlıq komitəsinin və Sosial və humanitar siyasət komitəsinin iclasları olub. Tədbirlərdə “QDİƏT regionunda mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə beynəlxalq əməkdaşlıq”, “QDİƏT regionunda əlilliyi olan şəxslər üçün təhsilin və məşğulluğun inkişafına dair cari strategiyalar və təcrübələr” adlı hesabat və tövsiyə layihələri nəzərdən keçirilib və müvafiq qərarlar qəbul olunub.
Dördüncü sessiyada QDİƏT PA-nın Baş Assambleyasının 2025-ci il payız sessiyasının tarixi, məkanı və gündəliyi müəyyən edilib.
Bununla Bakıda keçirilən QDİƏTPA-nın 65-ci Baş Assambleyası öz işini başa çatdırıb.
QDİƏTPA-nın 65-ci Baş Assambleyasında Azərbaycan, Albaniya, Bolqarıstan, Gürcüstan, Rumıniya, Serbiya, Şimali Makedoniya, Türkiyə, Ukrayna, Yunanıstan, parlament nümayəndə heyətləri, bir sıra beynəlxalq təşkilatların, o cümlədən TÜRKPA, Cənub-Şərqi Avropada Parlament Əməkdaşlığı üzrə Regional Katibliyi (RSPC SEE), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Daimi Beynəlxalq Katibliyi (BSEC PERMIS), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Beynəlxalq Avtomobil Nəqliyyatı Assosiasiyaları İttifaqı (BSEC-URTA), Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), Marmara Qrupu, MDB PA-nın təmsilçiləri iştirak ediblər.