Batumidə Azərbaycanın üç əlamətdar hadisəsi qeyd edilib


Azərbaycanın Batumidəki Baş Konsulluğunun təşəbbüsü ilə ölkənin müasir tarixində xüsusi önəm daşıyan üç əlamətdar hadisəyə – 15 İyun – Milli Qurtuluş Günü”, 26 İyun – Silahlı Qüvvələr Günü və 2025-ci ilin Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan olunmasına həsr edilmiş dəyirmi masa keçirilib. Baş Konsulluqdan SİA-ya bildirilib ki, tədbirdə konsulluğun əməkdaşları ilə yanaşı, Gürcüstanın Acarıstan bölgəsində təhsil alan azərbaycanlı tələbələr, diaspor təşkilatlarının təmsilçiləri, ictimai xadimlər, Gürcüstanın Beynəlxalq İnvestorlar Assosiasiyasının nümayəndələri, media mənsubları və yerli azərbaycanlı icma üzvləri iştirak ediblər.

Baş konsul Fuad Əzizov tədbiri açaraq, ilk növbədə, 15 İyun – Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti barədə geniş danışıb. O bildirib ki, 1993-cü ilin məhz bu günü xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycan məhv olmaq təhlükəsindən xilas olaraq sabitlik və inkişaf yoluna qədəm qoyub.

Daha sonra 26 İyun – Silahlı Qüvvələr Günü barədə danışan Baş konsul Azərbaycan Ordusunun formalaşma tarixi, inkişaf mərhələləri və 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər barədə məlumat verib. Vurğulanıb ki, bu qələbə Ulu Öndərin “Güclü dövlət üçün güclü ordu” prinsipinin təntənəsidir. Fuad Əzizov qeyd edib ki, Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında Azərbaycan Ordusu təkcə döyüş meydanında deyil, diplomatik müstəvidə də əhəmiyyətli uğurlar qazanıb.

Tədbirdə, həmçinin Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının hüquqi və siyasi önəmi barədə iştirakçılara ətraflı məlumat verilib. Qeyd olunub ki, bu təşəbbüs ölkədə hüquqi dövlət quruculuğu və milli suverenliyin möhkəmləndirilməsi baxımından mühüm addımdır. Konstitusiya Azərbaycanın dövlətçilik əsaslarını və demokratik dəyərlərini qoruyan ali hüquqi sənəd olaraq, artıq Qarabağ və Şərqi Zəngəzur da daxil olmaqla bütün ölkə ərazisində tətbiq olunur.

Çıxışlarda bildirilib ki, bu üç hadisə – qurtuluş, güclü ordu və suverenlik – bir-birini tamamlayaraq müasir Azərbaycan dövlətinin möhkəm təməlini təşkil edir.

Tədbirdə iştirak edən tələbələr, diaspor üzvləri və ictimai fəallar da çıxış edərək hər üç əlamətdar hadisənin Azərbaycan xalqı üçün dərin mənəvi, tarixi və siyasi əhəmiyyət daşıdığını vurğulayıblar.

Sonda iştirakçılara 15 İyun – Milli Qurtuluş Günü, 26 İyun – Silahlı Qüvvələr Günü və “Konstitusiya və Suverenlik İli” ilə bağlı hazırlanmış qısametrajlı filmlər təqdim olunub.

Əlaqəli Xəbərlər