“Günah İsrailin deyil, Amerikanındır!”


“İran-İsrail güc qarşıdurmasında fasilə mütləq olmalıdır. Çünki faktiki olaraq İsrail İrana hücum edib, ciddi beynəlxalq qanun pozuntularına imza atdıqdan sonra cavabını aldı”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, burada günah İsrailin yox, Amerikanındır: “Onlar İranı aldatmaq üçün bir quruluş qurdular. Məsələ burasındadır ki, guya Benjamin Netanyahunun özbaşınalığından Donald Trampın xəbəri olmayıb. Amma nəticə göstərdi ki, bu əməliyyat əvvəlcədən razılaşdırılmışdır. Netanyahu Trampı inandıra bilmişdi ki, “siz qarışmayın, mən məsələni həll edəcəm”. Amma Netanyahu İranın gücünü düzgün hesablamayıb, çox böyük bir avantüraya getdi.

Benjamin Netanyahu öz xalqını və ölkəsini çox pis vəziyyətə saldı. Hər iki tərəfdən dağıntılar var, böyük fəlakət yaşanır. Bunun ardınca humanitar problemlər çıxacaq ortaya. Amma İsrailin gücü maksimum 1 həftə, ya da 10 günə qədər çatacaq. İsrail heç vaxt təkbaşına İranla bacara bilməyəcək”.

Politoloq qeyd edib ki, Netanyahu istəyir ki, Amerikanın özü müdaxilə etsin: “Tramp isə həm öz xalqını, həm də İranı danışıqlarda iştirak edən tərəf kimi aldadıb. İran da buna cavabsız qalmayıb. İndiki halda təşəbbüs artıq İranın əlindədir, və cavabı İran verməlidir. Çünki Tramp deyir ki, İran təslim olsun, amma İran heç vaxt təslim olmayacaq. Hələ bu hadisələrdən 2 həftə əvvəl İranın dini lideri Ruhullah Xomeyni demişdi ki, “Biz Amerikanın dediyi ilə getməyəcəyik. Onlar bizim nüvə sənayemizi əlimizdən almaq istəyirlər, raket planımızı dayandırmaq istəyirlər. Bunlar mümkün deyil, buna görə də danışıqların heç bir mənası yoxdur”.

Hazırda isə pis vəziyyətdə qalan təkcə Netanyahu deyil, Trampın özü də çətin duruma düşüb. İsrailin daxilində ciddi ziddiyyətlər var. Ölkənin quru sərhədləri və hava yolları bağlanıb. Hadisə nəticəsində neçə nəfər yaralanıb, ya da ölüb – bilinmir. İsraildən də informasiya almaq çətindir. Amma peyklər vasitəsilə ümumi vəziyyətdən xəbər tutmaq mümkündür”-deyə politoloq bildirib.

Əlaqəli Xəbərlər