“Kazinoların fəaliyyəti turizm sənayesinə əlavə dinamika qazandıra bilər”


“Dünya praktikasına nəzər yetirdikdə görmək olur ki, Avropa, Amerika, Asiya və digər inkişaf etmiş regionların iri şəhərlərində kazinolar qanuni şəkildə fəaliyyət göstərir. Bu kazinoların fəaliyyət prinsipi və ümumi konsepsiyası ölkələrin daxili qanunvericiliyinə və mədəni-sosial dəyərlərinə uyğun olaraq dəyişə bilir. Lakin ümumi tendensiya ondan ibarətdir ki, kazinolar turizmin inkişafında mühüm rol oynayan vasitələrdən biri hesab olunur. Bu obyektlər həm turistlərin ölkəyə marağını artırır, həm də əhəmiyyətli dərəcədə valyuta vəsaitinin daxil olmasına səbəb olur”. Bu sözləri SİA-ya açıqlamasında turizm üzrə ekspert Rəhman Quliyev deyib.

Onun sözlərinə görə, bu baxımdan kazinoların fəaliyyəti turizm sənayesinə əlavə dinamika qazandıra bilər: “Azərbaycanda kazinoların nə səbəbdən bağlandığı dəqiq bilinməsə də, onların yenidən fəaliyyətə başlaması zəruri hesab olunur. Çünki ölkəyə gələn turistlərin əksəriyyəti əyləncə imkanları ilə maraqlanır və bu kontekstdə kazinolar əsas suallardan birinə çevrilir.

Paytaxtdan kənar ərazilərdə – yəni şəhərdən uzaq, xüsusi ayrılmış zonalarda kazinoların açılması daha məqsədəuyğundur. Belə obyektlər Azərbaycana yüksək gəlirli, lüks seqmentə aid olan turistlərin cəlb olunmasına səbəb ola bilər. Çünki həmin kateqoriyadan olan turistlərin xərclədiyi vəsait, bəzən yüzlərlə orta səviyyəli turistin xərclədiyindən daha çox olur. Bu isə birbaşa olaraq ölkənin turizm gəlirlərinin və valyuta dövriyyəsinin artmasına təsir göstərə bilər.

Kazinoların fəaliyyətə başlaması yalnız iqtisadi yox, eyni zamanda sosial baxımdan da müsbət nəticələr doğura bilər. Bu sahənin nəzarətli və qanuni şəkildə təşkili ilə Azərbaycan yeni bir turist portfeli qazanmış olar. Onun fikrincə, düzgün qaydalarla fəaliyyət göstərəcək kazinolar cəmiyyətə mənfi təsir göstərməyəcək, əksinə ölkəyə əlavə gəlir və iqtisadi fayda gətirəcək”- deyə ekspert əlavə edib.

Əlaqəli Xəbərlər