ABŞ prezidenti Donald Tramp İrana “yekun ultimatum” verdiyini bildirib. O, İran səmasının tamamilə ABŞ-ın nəzarətində olduğunu qeyd edərək, Yaxın Şərqdə bir çox pis hadisələrin baş verə biləcəyini vurğulayıb.
Tramp Ağ Evdə jurnalistlərə İranın qeyd-şərtsiz təslim olması ilə bağlı mövqeyinin ultimatum kimi qəbul edilib-edilməməsi ilə bağlı sualı cavablandırarkən deyib ki, “…Bunu deyə bilərsiniz. Hətta bunun son ultimatum olduğunu da deyə bilərsiniz”. “Bu, sadəcə iki çox sadə sözdür – qeyd-şərtsiz təslim olmaq”, – deyə Tramp izah edib və əlavə edib ki, bu, sadə dillə desək, “bitirdim, təslim oldum, daha heç nə olmayacaq” deməkdir.
Amerika lideri etiraf edib ki, İran bu təklifi rədd edərsə, ABŞ İranın hərbi və nüvə infrastrukturunu vura bilər. O bildirib ki, Yaxın Şərqdə baş verənlər fonunda gələn həftə “böyük həftə olacaq”.
Tramp vurğulayıb ki, müharibə çox mürəkkəb bir şeydir və hələ də çox pis şeylər ola bilər.
O, İran qeyd-şərtsiz təslim olmağı qəbul etməsə nələrin baş verəcəyini bir daha izah edib: “O zaman biz bütün nüvə şeylərini partladacağıq, hamısı oradadır”.
Əli Babayev