Sankt-Peterburqda OANA-nın 19-cu Baş Assambleyası keçirilir


Rusiyanın Sankt-Peterburq şəhərində Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) 19-cu Baş Assambleyası keçirilir.

AZƏRTAC xəbər verir ki, 33 ölkədən 41 xəbər agentliyinin birləşdiyi təşkilatın toplantısı TASS xəbər agentliyinin ev sahibliyi ilə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində təşkil olunub.

İclasda AZƏRTAC-ı agentliyin İdarə Heyətinin üzvü, Qlobal kommunikasiya və informasiya idarəsinin müdiri Elşən Şahbalayev təmsil edib.

Baş Assambleyanın birinci plenar iclasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Prezident Vladimir Putinin iştirakçılara müraciətini oxuyub.

Görüşdə, həmçinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun və BMT-nin Baş katibinin qlobal kommunikasiya üzrə müavini Melissa Fleminqin müraciətləri dinlənilib.

İclasda TASS agentliyinin baş direktoru Andrey Kondraşov, agentliyin baş direktorunun birinci müavini Mixail Qusman, Çinin Sinxua agentliyinin prezidenti Fu Hua, Malayziyanın Bernama agentliyinin baş direktoru xanım Nur-ul Afida Kamaludin və digərləri “İnformasiya agentlikləri və müasir dünyada çağırışlar” mövzusunda çıxış ediblər.

Baş Assambleya çəçrivəsində OANA agentliklərinin fotolarından ibarət sərginin açılışı olub. Tədbirdə Rusiya XİN-in informasiya departamentinin direktoru Mariya Zaxarova da iştirak edib.

SİA-nın məlumatına görə, aərgidə, həmçinin AZƏRTAC-ın fotoları təqdim olunub.

Bundan əlavə, toplantıda OANA-nın foto və yazı müsabiqələrinin qalibləri mükafatlandırılıb.

Baş Assambleya çərçivəsində, eyni zamanda, Təşkilatın İcraiyyə Komitəsinin iclası keçirilib. Görüşdə səsverməyə çıxarılacaq məsələlərə baxılıb və qərarlar qəbul edilib.

İclas işini iyunun 20-də davam etdirəcək.

Əlaqəli Xəbərlər