Azərbaycanlı İlhamə Cəfərli Böyük Britaniyada nüfuzlu Təhsil üzrə Peşəkarlar Cəmiyyətinə (“Worshipful Company of Educators”) üzv qəbul olunub. Cərrahiyyə sahəsindəki beynəlxalq nailiyyətlər və təhsilə verdiyi töhfələr onun bu mötəbər cəmiyyətə üzvlüyünü təmin edib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, təqdimat mərasimində Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov və səfirliyin birinci katibi Rasim Məmmədov iştirak ediblər.
Təhsil üzrə Peşəkarlar Cəmiyyətinə üzv olmaq ciddi meyarlar əsasında həyata keçirilir. Cəmiyyətə müvafiq sahənin inkişafına töhfə verən, xeyriyyəçilik və ictimai fəaliyyətlə fəal məşğul olan şəxslər seçilirlər. Üzvlər əvvəlcə “Freeman”, daha sonra isə tamhüquqlu “Liveryman” statusu əldə edə bilirlər.
Təhsil üzrə Peşəkarlar Cəmiyyəti “livery” şirkətlərinə aiddir. Bu şirkətlər Londonun iqtisadi və ictimai həyatında, xüsusilə təhsil və xeyriyyəçilik sahələrində mühüm rol oynayır.