Son günlər dağıdıcı müxalifətin üzləri qara olmuş məxluqları Azərbaycanın əldə etdiyi möhtəşəm uğurlara qarşı geniş qarayaxma kampaniyası təşkil edirlər. Hər gün eyni qərəzli sayıqlama, hər gün eyni şər və böhtanlar. Bu kimi fəaliyyət dağıdıcı müxalifətin başlıca hədəfi və fəaliyyətidir. Sanki onlar bunun üçün doğulublar və buna görə siyasətə gəliblər. Usanmaq, yorulmaq bilmirlər. Müasir dövrün yenilikləri, xüsusilə də internet resurslarının imkanları onların daha geniş şəkildə əl-qol açmalarına şərait yaradıb. Hər gün səhərdən axşama qədər sosial şəbəkələrdə veyillənir və xalqını sevən, dövlətinə bağlı olan insanlar haqqında böhtanlar paylaşırlar. Heç biri də nə yaşından, nə başından utanmırlar. Necə deyərlər, hamısı bir bezin qırağıdılar. Yəni “Əlisi dəli, Vəlisi dəli, qırılmışın hamısı dəli”. Əli Kərimli trolluq edib, milli varlığımıza şər atırsa, müavinləri və kollegial orqanların üzvləri də eyni tezisi təkrarlayırlar. Bunun üçün AXCP-də vatçap qrupu da yaradılıb. Əli Kərimli qrupda kimi təhqir etmək, söymək, ittihamlar səsləndirmək lazım olduğunu yazırsa, dərhal qrup üzvləri hərəkətə keçib tapşırığı yerinə yetirməlidirlər. Əks halda həmin qrup üzvü partiyadan xaric edilməsi təhlükəsi ilə üzləşə bilər. Bu baxımdan cəbhəçilər azad şəkildə fikirlərini ifadə etməkdən çəkinirlər. Ehtiyat edirlər ki, tapşırıqları icra etməsələr partiyadan qovula bilərlər. Belə bir durumla AXCP-nin MNTK sədri Aydın Əliyev üzləşib. Biçarə uzun müddətdir ki, Ə.Kərimlinin qanunsuz şəkildə partiyadan xaric edilməsinə qarşı mücadilə aparsa da, hələ ki, istəyinə nail ola bilməyib. Daha doğrusu, məhkəmə qaydasında partiya üzvlüyünə bərpa olunmağa nail olsa da, Ə.Kərimli məhkəmə qərarını icra etmir. Bu da daxildə böyük söz-söhbətlərə səbəb olub. Əksər cəbhəçilər bir-birləri ilə Ə.Kərimlini daxili demoratiyanı pozmaqda, hüququn aliliyinə qarşı çıxmada ittiham edirlər.
AXCP-də müstəqil fikir söyləyənlər partiyadan xaric olunur
Daxili narazılıqları nəzərə almayan Ə.Kərimli öz qara-qura işlərini sosial şəbəkələr üzərindən davam etdirir. Fakt ondan ibarətdir ki, sosial şəbəkələrdə Əli Kərimli baş trol olaraq çıxış etsə də, onun tapşırıqlarına İlham Hüseyn, Məmməd İbrahim, Fuad Qəhrəmanlı və Emil Səlimov nəzarət edirlər. Hədəfə alınan şəxs və ya şəxslər haqqında məlumatlar toplanılır və iyrənc üsullardan istifadə etməklə onu tirajlayırlar. Bu zaman öz əqidə dostları da hədəfə alına bilər. Dəfələrlə Müsavat başqanı Arif Hacılının, Real partiyasının sədri İlqar Məmmədovun və digərlərinin Ə.Kərimlinin trollarının basqısına məruz qalmalarını göstərmək olar. Bir qədər əvvəl Milli Şuranın keçmiş üzvü Ənnağı Hacıbəyli özünün “Facebook” səhifəsində paylaşımında qeyd etmişdir ki, son günlər AXCP üzvləri tərəfindən təhqir olunur. Ə.Hacıbəyli məsələni aydınlaşdırmaq üçün Ə.Kərimli ilə əlaqə saxlamağa cəhd etsə də, F.Qəhrəmanlının müdaxiləsi ilə əlaqə baş tutmamışdı. Ə.Hacıbəylinin qənaətincə, ona qarşı yönələn təhqirlərin hazırlanmasında və paylaşılmasında F.Qəhrəmanlı xüsusi fəallıq göstərib. Ümumiyyətlə görünən ondan ibarətdir ki, F.Qəhrəmanlı diribaş trol olaraq Ə.Kərimlinin yanında müəyyən hörmətə malikdir. Yəni sözü, təklifləri AXCP-də keçərlidir. Düzdür, ailə biabırçılığından sonra Ə.Kərimli F.Qəhrəmanlını müavinlikdən uzaqlaşdırmışdı, lakin sonradan ondan yaxşı trol tapmayacağını anladığından yenidən onu trollarının sırasına qatdı. Hətta müavinlik statusunu bərpa etməklə, şəxsli istək və tapşırıqlarını yerinə yetirən trol görəvinə layiq gördü. Bu baxımdan da F.Qəhrəmanlı etimadı doğrultmaq üçün dəridən- qabıqdan çıxır. Biçarə sanki sosial şəbəkələrin ştatlı əməkdaşıdır, nə zaman nəzər yetirilsə, onun orada lövbər saldığını görmək olar. İnsanları təhqir etməklə yanaşı, bu bədbəxt aradabir mənəviyyatdan, əxlaqdan danışır, düzlükdən, ədalətdən söhbət açır. Yəni özündə olmayanları dilə gətirir. Halbuki, onun ailəsinə qarşı etdiyi qəddar əməli hələ də mətbuatın qınanılan mövzusu olaraq müzakirə olunmaqdadır. Bu baxımdan sual olunur, bu məxluq hansı üzlə cəmiyyət içinə çıxır?
AXCP-də yeni qarşıdurma yaranır
F.Qəhrəmanlının düzlükdən, ədalətdən danışması da Ə.Kərimlini və vatçap qrupundakı trolları barmağına dolamaqdan başqa bir şey deyil. Çünki bu məxluqun AXCP-nin siyasi, ideoloji dayaqlarına xəyanət etdiyini əksər cəbhəçilər yaxşı bilir. Xüsusilə də, telefon danışığı zamanı Ə.Kərimlinin başını yeyib, AXCP-dəki durumu öz xeyrinə dəyişməyə hazırlaşması barədə üzə çıxan məlumatlar onun, əslində liderinə xəyanət etdiyinin göstəricisi sayıla bilər. Düzdür, burada təəccüblü bir şey yoxdur. Necə deyərlər, “nə tökərsən aşına o da çıxar qaşığına”. Zamanında Ə.Kərimli öz lideri Əbülfəz Elçibəyə necə xəyanətlər etmişdirsə, indi də F.Qəhramanlı və digərləri tərəfindən eyni aqibəti yaşamaqdadır. Həmin telefon danışığı zamanı F.Qəhrəmanlı Ə.Kərimlini zərərsizləşdirmək üçün geniş plan hazırladığını və yaxın vaxtlarda həmin planı reallaşdıracağını bildirir. “Əgər YAP iqtidarı saxlaya bilmirsə, Əli Kərimli və dəstəsi də hakimiyyətə gələ bilmirsə, onlar optimal variant olaraq mənim namizədliyimin üzərində dayanacaqlar. Çünki hər iki tərəf bilir ki, birinin hakimiyyətdə qalması və ya o birinin hakimiyyətə gəlməsi digəri üçün faciədir. Bu səbəbdən onlar məcbur qalıb, mənim namizədliyimi qəbul edəcəklər. Çünki mən həm iqtidara, həm də AXCP-yə işləyirəm”, – deyən Fuad Qəhrəmanlı qeyd edir ki, o, Ərdoğanın siyasi texnologiyasından istifadə edəcək: “Ərdoğan Nəcməddin Ərbakanı aldatdığı kimi, mən də Əli Kərimlini aldadacam”.Uzun zamandır hakimiyyətə işlədiyini deyən F.Qəhrəmanlı daha sonra ərz edir ki, təkcə Əli Kərimlini deyil, həm də işlədiyi qüvvələri aldadır: “Siyasətlə siyasətçilər məşğul olmalıdır, qazanan hər zaman bacaranlar olur. Yekunda mən iqtidarı 7 il müddətinə götürməyi bacaracağam”.
Bütün bu kimi faktlar təsdiq edir ki, F.Qəhrəmanlı öz məsləyinə və əqidəsinə xəyanət etməyə hazır olan məxluqdur. Əgər siyasi stuasiya yetişsə F.Qəhrəmanlı dərhal Ə.Kərimlini gərəksiz məxluqa çevrilən Milli Şuranın sədri Cəmil Həsənlinin gününə salar. O gün isə mütləq yetişəcək. Lakin sual yaradan məqam ondan ibarətdir ki, tülküdən də hiyləgər olan Ə.Kərimli F.Qəhrəmanlının toruna düşəcəkmi? Təbii ki, onu zaman göstərəcək. Ancaq indidən bir fikri vurğulamaq lazımdır ki, ötən dəfə olduğu kimi yaxın vaxtlarda Ə.Kərimli F.Qəhrəmanlını da dolaşdırıb, arxivlik edəcək. Çünki F.Qəhrəmanlı son günlər onun əlinə-ayağına dolaşır. Tapşırıqlarını könülsüz yerinə yetirir.
İLHAM ƏLİYEV