“Əhalinin böyük sosial qruplarının gəlirlərinin müəyyən həddə artması müşahidə olunur”


“Əhalinin böyük sosial qruplarının gəlirlərinin müəyyən həddə artması müşahidə olunur”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib.

Onun sözlərinə görə, son açıqlamalara əsasən, minimum əməkhaqqının artırılması dövlət sektorunda təxminən 500 min, özəl sektorda isə 400 minə yaxın şəxsin əməkhaqqının birbaşa və ya dolayı şəkildə artmasına səbəb olmuşdur: “Təbii ki, bu qərarın tətbiqi zamanı büdcə təşkilatlarında çalışan şəxslərin vəzifə cədvəllərinə uyğun olaraq əməkhaqqının müəyyən olunması metodologiyası da nəzərə alınmışdır.

Başqa sözlə, bu addım əhalinin aşağı gəlirli təbəqələrinin gəlir səviyyəsinin yüksəlməsinə və xüsusilə zəruri tələbat malları, gündəlik istehlak məhsulları və qida məhsullarına olan tələbin artmasına gətirib çıxarır. Beləliklə, daxili tələbin artması iqtisadi aktivliyi stimullaşdırır və istehlak bazarında canlanmanı təmin etməklə, ümumilikdə iqtisadi inkişaf tendensiyalarını dəstəkləyən mühüm amillərdən birinə çevrilir”.

Ekspert qeyd edib ki, qiymət artımları ilə bağlı müəyyən təzyiqlər formalaşsa da, hökumət bu istiqamətdə müvafiq alternativ alətlərdən istifadə etməklə bu təzyiqləri tam və ya qismən aradan qaldırmağa çalışır: “Əhalinin gəlir səviyyəsinin yüksəlməsi və əməkhaqqı fondunun artması istehsal və xidmət sektorunda məhsulun maya dəyərinə təsir göstərir. Bu isə öz növbəsində qiymətlərin müəyyən səviyyədə artmasına səbəb olan əlavə iqtisadi təzyiqlər yaradır.

Lakin hökumət iqtisadi proseslərə müdaxilə etməklə və konkret siyasət alətlərini tətbiq etməklə bu təzyiqlərin mənfi təsirini yumşaltmağa çalışır. Belə ki, iqtisadi mühitin liberallaşdırılması, bazara çıxış imkanlarının sadələşdirilməsi, sahibkarlığın təşviqi, rəqabət mühitinin gücləndirilməsi və iqtisadi təşviq mexanizmlərinin genişləndirilməsi vasitəsilə istehlak bazarında təklifin artırılması hədəflənir. Bu isə həm qiymətlərin süni şəkildə artmasının qarşısının alınması, həm də maya dəyərinin sabit saxlanması baxımından mühüm rol oynayır”.

İqtisadçı həmçinin əlavə edib ki, minimum əməkhaqqının artırılması, eyni zamanda, ölkədə orta aylıq əməkhaqqının və ümumi əməkhaqqı fondunun artımı istiqamətində müəyyən çağırışlar yaradır: “Belə ki, minimum əməkhaqqının yüksəldilməsi əmək bazarında digər əməkhaqqı səviyyələrinin də tədricən artırılmasına dair iqtisadi əsaslar formalaşdırır. Bu isə orta və uzunmüddətli dövrdə əmək bazarında balansın saxlanılması və sosial bərabərliyin təmin edilməsi baxımından vacibdir.

Əlavə olaraq, minimum əməkhaqqı ilə bağlı qəbul edilən qərar əmək bazarında əməkhaqqı səviyyəsinin müəyyən olunması sahəsində məcburi xarakter daşıyan yeganə normativ qərardır. Xüsusilə, bu qərar yalnız dövlət sektorunu deyil, eyni zamanda özəl sektoru da əhatə edir. Beləliklə, minimum əməkhaqqının yüksəldilməsi nəticəsində özəl sektorda bu həddə maaş alan işçilərin də əməkhaqqılarının artırılması zərurəti yaranır. Bu proses həm də əmək bazarında ümumi əməkhaqqı dinamikasına təsir göstərərək, iqtisadi aktivliyin və sosial rifahın yüksəldilməsinə xidmət edir”.

Əlaqəli Xəbərlər