“Mingəçevir uzun illərdir ki, Azərbaycanın energetika paytaxtı hesab olunur. Ötən əsrdə bu şəhər bir neçə mərhələdə ölkənin enerji təhlükəsizliyi baxımından mühüm hadisələrin mərkəzinə çevrilib. Burada inşa edilən su elektrik stansiyası və onun sonradan istismara verilən yeni blokları ölkəmizin enerji istehsal gücünü əhəmiyyətli dərəcədə artırıb”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.
O bildirib ki, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə Mingəçevirin energetika potensialı daha da genişləndirildi: “Bu inkişaf sayəsində ölkənin iqtisadi böyüməsinə və sənaye sahələrinin genişlənməsinə real zəmin yaradıldı. Çünki hər bir güclü iqtisadiyyatın əsasında dayanıqlı enerji təminatı dayanır. Enerji generasiyası müasir dövrün qaçılmaz və zəruri tələbidir. Bu baxımdan Azərbaycanın atdığı strateji addımlar ölkənin gələcək inkişafının əsas dayaqlarından biri kimi dəyərləndirilə bilər. Azərbaycanın energetika sahəsində atdığı addımlar həm daxili tələbatı ödəməyə, həm də ixrac potensialını artırmağa xidmət edir. Mingəçevir isə bu sahədəki irəliləyişlərin və uğurların simvoluna çevrilib. Bu gün Azərbaycanın enerji siyasəti çoxşaxəli və balanslı yanaşma ilə həyata keçirilir. Bir tərəfdən rəqəmsallaşma sürətlə aparılır, digər tərəfdən isə alternativ və bərpa olunan enerji mənbələrinin – xüsusən günəş və külək enerjisinin istehsalı və nəqli istiqamətində mühüm addımlar atılır.
Bu sahədə qonşu ölkələrlə əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. Regional enerji kooperasiyası sayəsində Azərbaycan yalnız öz enerji təhlükəsizliyini deyil, eyni zamanda Avropa ölkələrinin enerji təminatında da mühüm rol oynayır. Xüsusilə elektrik enerjisinin ixracı baxımından ölkəmiz mühüm tranzit və istehsal mərkəzinə çevrilib. Azərbaycan bu gün elektrik enerjisini Türkiyə, Gürcüstan, İran, hətta Rusiya kimi ölkələrə ixrac edir. Azərbaycanın bu istiqamətdə yeritdiyi siyasət strateji cəhətdən həm daxili ehtiyacları qarşılayır, həm də ölkəmizə iqtisadi dividentlər qazandırır. Eyni zamanda bu siyasət beynəlxalq enerji təhlükəsizliyinə töhfə verir. Gələcəyə baxdıqda isə görünür ki, ölkəmizin seçdiyi bu məram, yəni bərpa olunan enerjilərin inkişafı, regional inteqrasiya və ixrac yönümlü enerji siyasəti vaxtında və düzgün verilmiş qərarlar nəticəsində daha da əhəmiyyətli nəticələr doğuracaq.
Azərbaycanın enerji siyasəti təsadüfi və ya kortəbi şəkildə deyil, əksinə, dərindən işlənmiş proqramlara əsaslanaraq mərhələli şəkildə həyata keçirilir. Bu sahədə dövlət başçısının birbaşa nəzarəti və təşəbbüsləri prosesin effektivliyini təmin edir. İstər yeni enerji bloklarının inşası, istərsə də mövcud blokların istehsal gücünün artırılması müasir texnoloji həllər əsasında icra olunur. Eyni zamanda Azərbaycan bu sahədə bir sıra beynəlxalq tərəfdaşlarla, o cümlədən İtaliya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və digər ölkələrlə sıx və məhsuldar əməkdaşlıq edir. Bu əməkdaşlıqlar nəticəsində ölkəyə müasir texnologiyalar gətirilir və onların tətbiqi genişlənir. Enerji sahəsinin modernləşdirilməsi həm də yeni texnoloji trendlərin ölkə daxilində sürətli tətbiqini təşviq edir. Bu strateji yanaşmanın ayrılmaz hissəsi kimi, Mingəçevirdə və digər regionlarda enerji sahəsinə yönəlik ixtisaslaşmış təhsil müəssisələri fəaliyyət göstərir. Bu müəssisələrdə gənc mütəxəssislər yeni bilik və bacarıqlarla silahlandırılır, onlara müasir enerji texnologiyaları öyrədilir. Beləliklə, Azərbaycanda yalnız enerji istehsalı deyil, eyni zamanda bu sahədə peşəkar kadr bazasının formalaşdırılması da təmin olunur. Bu gün Azərbaycan enerji sahəsində yalnız istehsalçı yox, eyni zamanda elmi-texniki bilikləri tətbiq edən və ixrac edən bir mərkəzə çevrilməkdədir. Bütün bu proseslər ölkədə enerji zəncirinin – istehsaldan insan kapitalının formalaşmasına qədər vahid bir sistem olaraq uğurla işlədiyini göstərir”.
Onun sözlərinə görə, Azərbaycanın enerji siyasətində müşahidə edilən uğurlar təsadüfi deyil: “Bu, ilk növbədə ölkə başçısının məsələni kompleks və strateji yanaşma ilə idarə etməsinin nəticəsidir. Prezident İlham Əliyevin şəxsi təşəbbüsü və liderliyi nəticəsində enerji sahəsində bütün zəncirvari proseslər planlaşdırmadan icraya, istehsaldan ixraca qədər vahid bir sistemə çevrilib. Bu yanaşma təkcə daxili siyasət üçün deyil, həm də Azərbaycanın xarici siyasət strategiyasında əhəmiyyətli rol oynayır. Azərbaycan heç bir ölkənin enerji modelini olduğu kimi təkrarlamır. Əksinə, ölkə öz müstəqil enerji modelini formalaşdıraraq regional və qlobal enerji xəritəsində fərqlənməyi bacarıb. Əlbəttə, müəyyən sahələrdə dünya təcrübəsindən, müxtəlif ölkələrin uğurlu praktikasından yararlanılır. Lakin bütövlükdə, Azərbaycanın enerji siyasəti milli maraqlar üzərində qurulan və yerli reallıqlara uyğunlaşdırılmış özünəməxsus bir yanaşmadır. Bu strategiyanın əsasında Ümummilli Lider Heydər Əliyevin qoyduğu təməl dayanır. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, ölkəni beynəlxalq enerji əməkdaşlığında etibarlı tərəfdaşa çevirmişdir. Nəticədə, artıq bir sıra ölkələr Azərbaycanın enerji sahəsində tətbiq etdiyi model və təcrübə ilə maraqlanır, onu öyrənir və bəzi hallarda öz enerji sistemlərində tətbiq edirlər. Azərbaycanın bu sahədə qazandığı nüfuz və təcrübə ölkəmizi təkcə resurs ixrac edən deyil, həm də enerji siyasəti ixrac edən dövlətə çevirir. Bu isə müasir dövrdə strateji üstünlüyün və milli gücün vacib göstəricilərindən biridir. Mövcud enerji strategiyamızın davam etdirilməsi və inkişaf etdirilməsi Azərbaycanın qarşısında duran başlıca vəzifələrdən biridir. Artıq bu istiqamətdə müəyyən edilmiş strateji xətt uğurla tətbiq olunur və ölkəmizin malik olduğu potensial bu siyasətin həm dərinləşdirilməsinə, həm də daha geniş miqyasda reallaşdırılmasına imkan yaradır. Bu prosesdə öncə təhlükəsizlik təmin olunur, daha sonra isə planlaşdırılmış enerji layihələrinin ardıcıl şəkildə həyata keçirilməsi gəlir. Xüsusilə, nəzərə almaq lazımdır ki, enerji təhlükəsizliyi yalnız texniki və iqtisadi məsələlərlə məhdudlaşmır, burada fiziki təhlükəsizliyin də rolu olduqca böyükdür. Bunu 44 günlük Vətən müharibəsi bir daha sübut etdi. Həmin dövrdə düşmən qüvvələri Mingəçevirə – ölkəmizin strateji enerji mərkəzinə raket zərbələri endirməyə cəhd etdilər. Lakin bu obyekt yüksək səviyyədə mühafizə olundu və heç bir zərər görmədi. Bu, həm dövlətimizin müdafiə gücünün, həm də enerji sahəsinə verilən önəmin bariz göstəricisidir.
Azərbaycanın enerji infrastrukturu həm texniki, həm siyasi, həm də hərbi cəhətdən qorunur. Bu sahədə Prezident Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində enerji təhlükəsizliyi yalnız nəzəri strategiya deyil, həm də real və praktiki təminat formasında özünü göstərir. Əgər dost ölkələr Azərbaycanın uğurlarına sevinir və bu təcrübədən faydalanmağa çalışırlarsa, bəzi düşmən qüvvələr isə bu inkişafı dayandırmağa, ölkəmizi geri salmağa çalışırlar. Lakin bu cəhdlərin uğursuzluğa düçar olması artıq zamanın və reallığın təsdiq etdiyi həqiqətdir. Ona görə də, əminliklə demək olar ki, Azərbaycanın enerji strategiyası həm texnoloji baxımdan, həm siyasi baxımdan, həm də təhlükəsizlik müstəvisində davamlı və dayanıqlıdır. Bu da gələcəyə olan ümidlərimizi daha da gücləndirir”.