Somalidə silahlı qruplaşmanın 13 üzvü zərərsizləşdirilib


Somalinin cənubunda yerləşən Hiran vilayətində keçirilən hərbi əməliyyat zamanı “Əl-Qaidə” terror təşkilatı ilə əlaqəli olan “Əş-Şəbab” silahlı qruplaşmasının 13 üzvü öldürülüb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Somali Ordusunun bu gün yaydığı rəsmi bəyanatda bildirilir.

Qeyd olunur ki, əməliyyat Hiran bölgəsində yerləşən Qeyəd məntəqəsində keçirilib. “Əş-Şəbab” üzvləri silahlı hücumlar planlaşdırarkən hədəfə alınıb, onların istifadə etdikləri silahlar və nəqliyyat vasitələri isə məhv edilib.

Somali ordusu silahlı qruplaşma ilə mübarizənin qətiyyətlə davam etdiriləcəyini vurğulayıb.

Bundan başqa, Aşağı Şabelli vilayətində yerləşən Səbid və Anuli yaşayış məntəqələrinin azad edilməsi ilə nəticələnmiş üçgünlük əməliyyatda Uqanda Xalq Müdafiə Qüvvələrinin azı 7 əsgəri öldürülüb. Uqanda Müdafiə Nazirliyinin yaydığı bəyanatda hərbçilərin Somalidə Afrika İttifaqının Missiyası çərçivəsində sözügedən silahlı qruplaşmaya qarşı mübarizədə iştirak etdiyi bildirilib. Həmin döyüşlərdə 30 silahlı öldürülüb.

Qeyd edək ki, Somali qüvvələri on ildən artıqdır çox sayda mülki şəxsin və təhlükəsizlik qüvvələri əməkdaşının həyatına son qoymuş hücumlara görə məsuliyyət daşıyan “Əş-Şəbab” qruplaşması ilə mübarizə aparır. Son aylarda ordu qruplaşmanın nəzarətində olan bir sıra əraziləri geri almağa müvəffəq olub.

Əlaqəli Xəbərlər