Tərbiyə hardan başlayır ailədən yoxsa cəmiyyətdən?


“Tərbiyə, şübhəsiz ki, hər bir insanın həyatında ən vacib amillərdən biridir və bu proses ilk olaraq ailədən başlayır. Uşağın ilk davranış modelləri, ilk sözləri, ilk münasibətləri və dəyərləri ailədə formalaşır. Ailə — insanın ilk məktəbidir. Oğlumuz və ya qızımız burada ilk qaydaları öyrənir, nəyin doğru, nəyin yanlış olduğunu dərk etməyə başlayır. Valideynlər uşağın ilk müəllimi, ilk yol göstərəni olur. Bu səbəbdən ailədə alınan tərbiyə insanın gələcək həyatına ciddi təsir göstərir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, tərbiyə yalnız ailə ilə bitmir. İnsan cəmiyyət içərisində də formalaşır, ətraf mühit, dostlar, məktəb, müəllimlər və ümumilikdə ictimai mühit də bu prosesdə mühüm rol oynayır. Cəmiyyətin özü də bir tərbiyə mühitidir. Lakin ailədə verilən tərbiyə təməl xarakter daşıdığı üçün bu baza möhkəm olduqda, insan cəmiyyətin mənfi təsirlərinə qarşı daha dözümlü və müqavimətli olur: “Təəssüf ki, bəzən uşaqlar yeniyetməlik dövründə və ya yetkinlik yaşına çatanda müəyyən səbəblərdən dolayı yenidən tərbiyəyə ehtiyac duyurlar. Bu isə daha çətin və ağrılı bir prosesdir. Yenidən tərbiyə insanın öz daxili aləmi ilə üz-üzə gəlməsi, etdiyi səhvləri etiraf etməsi və dəyişməyə qərar verməsi ilə müşayiət olunur. Bu mərhələdə bəzən insanlar özlərini tərbiyə etməyə çalışırlar — yəni öz üzərində işləyir, davranışlarını düzəltməyə, daha kamil insan olmağa səy göstərirlər. Bu isə yalnız yüksək özünüdərk və daxili motivasiya ilə mümkündür.

Son zamanlar cəmiyyətin tərbiyə prosesindəki rolu daha da artmışdır. Xüsusilə də sosial şəbəkələrin, internet platformalarının təsiri danılmazdır. Bu platformalarda yayılan məzmunlar, paylaşılan fikirlər və nümunə göstərilən həyat tərzləri uşaqlara və gənclərə müxtəlif istiqamətlərdə təsir edir. Bu təsirlər müsbət ola biləcəyi kimi, bəzən də mənfi nəticələrə səbəb ola bilər. Buna görə də hər bir ailənin üzərinə böyük məsuliyyət düşür. Valideynlər ailə dəyərlərini uşaqlara aşılamalı, onlara düzgün həyat prinsiplərini öyrətməlidirlər. Ailə mühiti o qədər sağlam, möhkəm və sevgi dolu olmalıdır ki, uşaqlar kənardan gələn mənfi təsirlərə qarşı dayana bilsinlər və daxili güclərini itirməsinlər. Sonda qeyd etmək istərdim ki, cəmiyyətin, məktəbin, medianın və texnologiyanın təsirinə baxmayaraq, əsas tərbiyə ailədə verilir. Bu təməlin sağlam və güclü olması isə gələcəyimizin – yəni yeni nəsillərin sağlam düşüncəli, vicdanlı və məsuliyyətli fərdlər kimi formalaşmasına zəmin yaradır”.

Əlaqəli Xəbərlər