“”İnsanın xarakterini formalaşdıran əsas amil nədir – təbiət, yoxsa tərbiyə?” sualı əsrlər boyu fəlsəfə və psixologiya tarixində müzakirə olunan əsas mövzulardan biri olub. Məşhur “nature vs. nurture” (təbiət və ya tərbiyə) mübahisəsi bu gün də aktuallığını qoruyur”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq, Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov deyib.
O bildirib ki, insan xarakteri yəni onun emosional reaksiyaları, davranış tərzi, dəyərləri və qərarvermə üsulu həm genetik (təbiət), həm də mühit və sosial öyrənmə (tərbiyə) faktorlarının qarşılıqlı təsiri nəticəsində formalaşır: “Təbiət anlayışı insanın doğuşdan gətirdiyi genetik xüsusiyyətləri, temperamentini, nevroloji strukturlarını və bəzi psixoloji meyllərini əhatə edir. Araşdırmalar göstərir ki, introvertlik, emosional reaktivlik, impulsivlik kimi temperament xüsusiyyətləri böyük ölçüdə irsi xarakter daşıyır. Beynin neyrokimyəvi strukturu, hormonal sistem və irsi psixoloji meyillər insanın ilk davranış nümunələrinə təsir edir. Məsələn, bəziləri doğuşdan daha sakit, digərləri daha enerjili və risk almağa meylli olur.
Onu da qeyd edim ki, təbiət bir başlanğıcdır, amma tərbiyə o başlanğıcı yönləndirən qüvvədir. İnsan körpəlikdən etibarən ailədə aldığı sevgi, təhlükəsizlik hissi, sərhədlər və qaydalar, cəmiyyətin dəyərləri və məktəb sistemində aldığı təhsil onun xarakterini ciddi şəkildə formalaşdırır. Məsələn, uşaqda liderlik potensialı ola bilər (təbiət), amma əgər onu daim sıxışdıran, təşviq etməyən mühitdə böyüyərsə, bu potensialın inkişafı mümkünsüz ola bilər.
Ona görə də bunların qarşılıqlı əlaqəsi vacibdir. Ən doğru yanaşma da bu iki faktorun bir-birini tamamladığını qəbul etməkdir. Təbiət insana müəyyən qabiliyyətlər və meyllər verir, tərbiyə isə onları yönləndirir, formalaşdırır və inkişaf etdirir. Məsələn, doğuşdan yüksək emosional həssaslığa malik bir uşaq, əgər empatiya və emosional tənzimləmə bacarıqlarının öyrədildiyi mühitdə böyüsə, bu həssaslıq onun üçün gücə çevrilə bilər. Əks halda, bu həssaslıq onun psixoloji sağlamlığına zərər vura bilər.
İnsan xarakteri sabit deyil, dəyişkəndir və zamanla, xüsusilə də həyat hadisələri, sosial təcrübələr və psixoloji dəstək nəticəsində formalaşır və inkişaf edir. İnsanın şəxsiyyətini formalaşdıran əsas amil nə yalnız təbiət, nə də yalnız tərbiyədir bu, onların kompleks və dinamik qarşılıqlı təsirinin məhsuludur”.