Marnelidə gənc soydaşlarımız üçün yeni mərkəz yaradılıb


Gürcüstanın Marneuli rayonunun Keşəli kəndində gənc və yeniyetmə soydaşlarımız üçün yeni mərkəz – “Kür Tədris və İnkişaf Mərkəzi” yaradılıb. Bu mərkəz həm də “Gələcəyə açılan elm qapısı” adlandırılır.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Mərkəzin təsisçisi Savalan Osmanlı deyib ki, mərkəzin adında Kür çayının adının olması təsadüfi deyil. “Kür çayının sahilində yerləşən kəndlərin elmi, mədəni, mənəvi və sosial inkişafı üçün qurulan bu mərkəz adı kimi axıb, gələcək nəsillərə həyat verməyi hədəfləyir. Elmə sahib olan yeni nəslin yetişməsi qürur yerimizin olması deməkdir. Biz bu yola geri dönməmək üçün çıxmışıq. Yolumuz aydındır: yeni nəslin daha savadlı, düşüncəli və vətənpərvər yetişməsi. Bu yol, sadəcə, bir tədris yolu deyil. Bu, millətin gələcəyini işıqlandırmaq üçün atılan cəsarətli bir addımdır”, – deyə o vurğulayıb.

Savalan Osmanlının sözlərinə görə, mərkəzin əsas məqsədi yalnız dərs keçmək deyil, həm də gənc və yeniyetmələrə insanlıq dəyərlərini, Vətən sevgisini, öz milli kimliyini və dilini sevdirməkdir. Mərkəzdə milli ruhumuzu yaşadan saz kursları da faliyyət göstərir:”Müəllimlərin missiyası dövlətimizin və xalqımızın rifahı naminə düşünən, yaşatmağı bacaran yeni nəsil yetişdirməkdir. Mərkəzdə müəllimlər yalnız dərs öyrətmirlər, eyni zamanda, gənc və yeniyetmə soydaşlarmıza motivasiya verir, onları gələcəyə ruhlandırırlar. Dərslərdən əlavə əyləncəli dərs metodları, komanda fəaliyyətləri və yeni yaradılmış “Kür” Futbol Komandası da bunun bariz nümunəsidir”.

Keşəli kəndinin sakinləri də təhsil ocağı kimi fəaliyyət göstərən mərkəzin həm də dostluq, sevgi və birlik məkanı olduğunu bildiriblər.

Əlaqəli Xəbərlər