“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, TABİA Groupun və “Lankaran Springs Wellness Resort” Hotelin birgə tərəfdaşlığı ilə keçirilən 4-cü “YAŞAT” düşərgəsinin 2-ci həftəsində də maraqlı və əyləncəli anlar yaşanıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, uşaqlar parkur yarışlarında qələbə üçün mübarizə aparıblar.
Azərbaycan güləş yığmasının sabiq üzvü, ikiqat olimpiya mükafatçısı, üçqat dünya, dördqat Avropa çempionu, Avropa Oyunlarının qızıl mükafatçısı Hacı Əliyevlə görüş zamanı isə iştirakçılar həmin idman növünün ən maraqlı sirlərinə yaxından bələd olublar.
“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin “İnnovativ ideya: böyük ixtiralar balaca xəyallardan başlayır” mövzusu üzrə, “Bilim Bakı” mərkəzinin isə kompozisiya təlimində uşaqlar bacarıqlarını sınayıb və yeni biliklər əldə ediblər.
ABAD tərəfindən ebru sənəti üzrə təşkil olunan ustad dərsi, eləcə də “Dayaq Xeyriyyə”nin “Sevgi ilə” stomatoloji layihəsi çərçivəsində “Ağız boşluğu gigiyenası” mövzusunda baş tutan təlim marağa səbəb olub.
Düşərgə çərçivəsində iştirakçılar Kənan Zamanov və Eyvaz Cəfərovun doğum günləri də qeyd olunub.
ASAN Radio və TV-nin təşkilati dəstəyi ilə baş tutan konsert proqramında Səbinə Əsgərova müxtəlif ifalarını səsləndirərək uşaqlarla xoş vaxt keçirib.
Həftənin yekunu ilə bağlı təşkil olunan mərasimdə “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynovun iştirakı ilə uşaqlara hədiyyələr təqdim olunub.
Düşərgənin tərəfdaşları TABİA Group və “Lankaran Springs Wellness Resort” Hotel, sponsorları NEQSOL Holding, Bakcell, Norm, AMO Corporate Group, GILTEX MMC, Nar, DTİK, DadHouse, dəstəkçilər Lənkəran Şəhər İcra Hakimiyyəti, “ASAN xidmət”in “İnnovasiyalar Mərkəzi”, “ABAD”, “PAŞA Həyat”, “Badamlı Mineral Suları”, “Bilim Bakı” Mərkəzi, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Milla, “Happy day cake”, Dayaq Xeyriyyə, ‘’Libraff’’ kitab mağazaları şəbəkəsi, media dəstəyi ASAN Radio/TV-dir.