Krımın hərbi aerodromuna hava zərbələri endirilib…



…3 helikopter, bir zenit-raket sistemi məhv edilib



Ukraynanın Təhlükəsizlik Xidməti iyunun 28-nə keçən gecə Krımdakı Kirovskoye hərbi aerodromuna hava zərbələri endirib, Rusiyanın 3 helikopteri və “Pantsir-S1” sistemi məhv edilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd edilir ki, aviasiya komponentinin, hava hücumundan müdafiə sistemlərinin, silah-sursat anbarlarının, eləcə də düşmənin kəşfiyyat və pilotsuz hücum təyyarələrinin yerləşdirilmə sahələrinə hava zərbələri endirilib.

Mövcud məlumatlara görə, əməliyyat nəticəsində UTX Rusiyanın Mi-8, Mi-26 və Mi-28 tipli üç çoxməqsədli və hücum helikopterini, həmçinin “Pantsir-S1” özüyeriyən zenit-raket və silah sistemini məhv edib.

Gecə saatlarında Krım hərbi aerodromunda ikinci dərəcəli partlayış baş verib.

“UTX sistemli şəkildə Rusiya Federasiyasının Ukrayna ərazisinə hava zərbələri endirmək imkanlarını azaltmağa çalışır. İşğalçılar başa düşməlidirlər ki, onların bahalı hərbi texnikası və sursatları heç bir yerdə mühafizə olunmur: nə döyüş təmas xəttində, nə müvəqqəti işğal olunmuş ərazilərdə, nə də düşmən xəttinin dərinliklərində”, – deyə Ukrayna Təhlükəsizlik Xidmətinin bəyanatında deyilir.

Əlaqəli Xəbərlər