“Rusiya Azərbaycan təyyarələrinin uçuşuna icazə vermişdisə, təhlükəsizliyinə zəmanət verməli idi”


“Rusiya Federasiyası bizim əzəli və əbədi qonşumuzdur. Rusiya gün çıxandan gün batana qədər uzanan geniş əraziyə malikdir. Eyni zamanda, Rusiya saysız-hesabsız yerüstü və yeraltı təbii sərvətlərlə zəngindir. Rusiya nüvə arsenalına sahib olmaqla yanaşı, qlobal güc mərkəzlərindən biri kimi çıxış edir. Onun hərbi-siyasi və iqtisadi potensialı, başda Birləşmiş Ştatlar olmaqla, NATO hərbi-siyasi blokunu daim narahat etmişdir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Azad Məsiyev deyib.

Onun sözlərinə görə, NATO bloku, xüsusilə ABŞ-ın rəhbərliyi ilə, Rusiyanı geosiyasi rəqib və təhlükə kimi qiymətləndirərək onu açıq şəkildə düşmən elan etmişdir: “Bu siyasətin məqsədləri sırasında Rusiyanı parçalamaq, onu beynəlxalq siyasi xəritədən silmək, zəiflətmək və ölkənin zəngin təbii ehtiyatlarına nəzarət etmək arzusu dayanır. Bunun üçün Rusiya ətrafında müxtəlif qaynar nöqtələrin yaradılması strategiyası müşahidə olunmaqdadır.

Təbii olaraq, bu şəraitdə Rusiya Federasiyasının özünü müdafiə etmək hüququ mövcuddur. Rusiya Prezidenti dəfələrlə açıq bəyan etmişdir ki, NATO-nun Rusiya sərhədlərinə doğru irəliləməsi birbaşa təhlükə kimi qiymətləndirilir və bu, ölkənin milli təhlükəsizlik maraqlarına ziddir.

Təəssüf ki, Rusiya Federasiyası Prezidentinin etdiyi çağırışlar, bəyanatlar və müraciətlər Birləşmiş Ştatlar rəhbərliyi və NATO bloku tərəfindən soyuq, qeyri-ciddi qarşılanmışdır. Nəticə etibarilə, məlum olduğu kimi, Rusiya-Ukrayna münaqişəsi başlamışdır. Bu münaqişə Rusiya tərəfindən birbaşa özünü müdafiə məqsədilə aparılan hərbi əməliyyat kimi xarakterizə olunur. Çünki Ukraynanın NATO-ya daxil edilməsi Rusiya üçün strateji baxımdan ciddi təhlükə hesab olunurdu.

Ümumiyyətlə, zaman-zaman Rusiya ətrafında müxtəlif ölkələrdə, guya demokratik təşəbbüslər adı altında, Birləşmiş Ştatların müdaxiləsi ilə hakimiyyət çevrilişlərinin təşkil olunduğu müşahidə olunmaqdadır. Bu proseslər nəticəsində hakimiyyətə gətirilən liderlərin Rusiya əleyhinə fəaliyyət göstərməsi məqsəd güdür. Belə hadisələrə tarixdə müxtəlif coğrafi məkanlarda, o cümlədən, Cənubi Qafqaz və Şərqi Avropa regionlarında rast gəlinmişdir. Hazırkı mərhələdə bu meyil Ukraynada Prezident Volodimir Zelenski kimi avantürist siyasətçilərin simasında müşahidə olunmaqdadır”.

Politoloq bildirib ki, eyni zamanda, Birləşmiş Ştatlar və Qərb koalisiyası tərəfindən Belarusiyada da hakimiyyətin dəyişdirilməsi və öz maraqlarına uyğun siyasi fiqurların, o cümlədən müxalif liderlərdən biri olan Svetlana Tixanovskayanın hakimiyyətə gətirilməsi cəhdləri qeyd olunur: “Bu cəhdlərin məqsədi Rusiyanın ətrafında strateji nəzarəti gücləndirmək və geosiyasi mühasirə yaratmaqdır.

Bütün bunlar fonunda, Rusiya Federasiyası beynəlxalq hüquq çərçivəsində öz təhlükəsizliyini təmin etmək və milli maraqlarını qorumaq hüququna və gücünə sahibdir.

Rusiya Federasiyası nüvə doktrinasına malik olan bir dövlətdir. Artıq uzun müddətdir ki, Rusiya ilə Ukrayna arasında silahlı münaqişə davam etməkdədir. Lakin bu münaqişə təkcə Rusiya-Ukrayna müharibəsi kimi deyil, eyni zamanda NATO ilə Rusiya arasında geosiyasi qarşıdurmanın təzahürü kimi də qiymətləndirilir. Bu kontekstdə, təqribən əlli dövlətin daxil olduğu genişmiqyaslı bir beynəlxalq koalisiya Rusiya əleyhinə fəaliyyət göstərir.

Bütün bunlara baxmayaraq, mövcud müharibə şəraitində Ukrayna ərazisinin təxminən 22–25 faizinin nəzarətdən çıxması müşahidə olunur. Bu isə müəyyən mənada NATO-nun Ukrayna ərazisindəki strategiyasının uğursuzluğu kimi dəyərləndirilə bilər.

Yuxarıda qeyd edildiyi kimi, Rusiya həm nüvə silahlarına malik olması, həm də ümumi hərbi potensial baxımından özünü müdafiə etmək hüququna və imkanına sahibdir. Müharibə şəraitində isə, təbii olaraq, silahlı qüvvələrin formalaşdırılması üçün insan resurslarına ehtiyac yaranır.

Bu baxımdan, Rusiya daxilində, vətəndaşların dilindən, dinindən, irqindən və cinsindən asılı olmayaraq, ordu sıralarına çağırış prosesi həyata keçirilir. Qeyd edilməlidir ki, bu çağırışlar ümumi hərbi səfərbərlik formatında deyil, daha çox hərbi xidmət yaşına çatan şəxslərin tədricən orduya cəlb edilməsi formasında icra olunur.

Əlbəttə, müəyyən sayda fərdlər bu çağırışdan yayınmağa çalışır. Bu isə müxtəlif sosial və psixoloji səbəblərlə izah olunur və fərqli maraqlara malik insanların cəmiyyət daxilində təmsil olunması ilə əlaqədardır.

Rusiya Federasiyasının vətəndaşı olan hər bir şəxs ölkənin mövcud qanunvericiliyinə tabe olmalıdır. Qanunlara tabe olmayan şəxslərə isə zəruri hallarda hüquqi çərçivədə dövlətin güc tətbiq etmə hüququ mövcuddur. Bu prinsip istər hərbi sahədə fəaliyyət göstərən şəxslərə, istərsə də mülki sahədə olan vətəndaşlara şamil edilir. Rusiya vətəndaşı olan hər kəsin dövlətin hüquqi-normativ bazasına uyğun davranması hüquqi baxımdan zəruri və vətəndaş məsuliyyətidir.

Xüsusilə hərbi çağırış yaşına çatan şəxslər üçün dövlətin müdafiəsi və təhlükəsizliyinin təmin olunmasında iştirak vətəndaşlıq borcu sayılır. Bu borcun yerinə yetirilməsi milli və dövlət maraqlarının qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Bununla belə, bəzi hallarda hərbi çağırışdan yayınan şəxslərin mövcudluğu qeyd edilir. Qərb mediasında bu hallar bəzən psixoloji müharibə vasitəsinə çevrilərək Rusiya daxilində guya narazılıq və parçalanma meyillərinin mövcudluğu kimi təqdim olunur. Bu isə informasiya müharibəsinin bir forması kimi dəyərləndirilə bilər.

Beləliklə, Birləşmiş Ştatlar və NATO blokunun rəhbərlik etdiyi Qərb koalisiyası Rusiya ilə yalnız hərbi deyil, eyni zamanda informasiya və iqtisadi sahələrdə də qarşıdurma aparmaqdadır.

Hazırda müharibə vəziyyəti davam edir və bu kontekstdə səfərbərlik tədbirləri çərçivəsində guya insanların məcburi şəkildə orduya cəlb edildiyinə dair fikirlər irəli sürülür. Lakin hüquqi baxımdan məcburiyyət yalnız vətəndaşın qanunlara tabe olmaması halında meydana çıxır. Belə vəziyyətdə isə dövlətin güc tətbiq etmək hüququ mövcuddur. Əks halda, vətəndaşın dövlətin qanunlarına riayət etməsi hüquqi və vətəndaşlıq borcu sayılır.

Rusiya Federasiyası Azərbaycan Respublikasının əzəli və əbədi qonşusudur. 2020-ci ilin 24 fevral tarixində Azərbaycan və Rusiya prezidentləri arasında 43 maddədən ibarət olan “Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanmışdır. Bu sənəd iki dövlət arasında münasibətlərin dərinləşdirilməsi və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədini daşıyır. Bəyannamənin müddəalarına uyğun olaraq, müxtəlif sahələr üzrə dövlət strukturları arasında sıx əlaqələr qurulmuş və qarşılıqlı fəaliyyət gücləndirilmişdir”.

Siyasi şərhçinin sözlərinə görə, bununla yanaşı, dövlətlərarası münasibətlərdə zaman-zaman bəzi arzuolunmaz hadisələr baş verə bilər: “Belə hallardan biri də Azala Hava Yollarına məxsus sərnişin təyyarəsi vurulması ilə bağlı insident olmuşdur. Müəyyən ekspertlər bu hadisəni qərəzli şəkildə şərh etsələr də, baş verən olayın texniki qəza nəticəsində meydana çıxdığı da vurğulanmışdır. Bununla belə, Rusiya tərəfi beynəlxalq konvensiyaların müddəalarına əsasən, məsuliyyət daşıyırdı. Belə ki, əgər Rusiya hava məkanında Azərbaycan təyyarələrinin uçuşuna icazə verilmişdisə, onların təhlükəsizliyinə zəmanət verilməli idi. Bu zəmanət pozulduğu halda, beynəlxalq hüquqi öhdəliklər çərçivəsində məsuliyyətin daşıyıcısı qarşı tərəf hesab olunur.

Baş vermiş insidentlə bağlı məsuliyyət məsələsi də hüquqi müstəvidə dəyərləndirilməlidir. Belə hallarda zərər çəkmiş şəxslərə, o cümlədən təyyarəyə və digər maddi-mənəvi zərərlərə görə kompensasiyanın verilməsi dövlətlərarası hüququn prinsiplərinə əsasən təmin edilməlidir. Şübhəsiz ki, bu hadisə xoşagəlməz xarakter daşıyır. Lakin qeyd olunmalıdır ki, bəzi xarici qüvvələr bu insidentdən manipulyativ şəkildə istifadə etməyə cəhd göstərmişdir.

Buna baxmayaraq, Azərbaycan və Rusiya arasında münasibətlər 2020-ci ildə imzalanmış müttəfiqlik bəyannaməsinin müddəalarına uyğun şəkildə inkişaf etməkdə davam edir. Son illər ərzində iki ölkənin prezidentləri arasında mütəmadi olaraq təbrik məktubları mübadilə olunmuş, bu isə qarşılıqlı hörmət və strateji tərəfdaşlıq münasibətlərinin göstəricisi olmuşdur.

Bununla yanaşı, İran İslam Respublikasında baş vermiş son hadisələrlə əlaqədar olaraq, Rusiya vətəndaşlarının Azərbaycan ərazisi vasitəsilə təhlükəsiz şəkildə ölkələrinə yola salınması da dövlətlərarası münasibətlərin yüksək səviyyədə olduğunu göstərir. Azərbaycan tərəfi bu prosesdə həm humanitar, həm də diplomatik baxımdan üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir.

Ümumilikdə, bu hallar bir daha təsdiq edir ki, Azərbaycan balanslaşdırılmış xarici siyasət yürüdür. O, regionda qonşu dövlətlərlə dinc yanaşı yaşama prinsipinə sadiq qalmaqla, bu prinsipi beynəlxalq hüquq çərçivəsində davam etdirir və inkişaf etdirir”- deyə o əlavə edib.

Əlaqəli Xəbərlər