“Çox təəssüf ki, Rusiya getdikcə daha təhlükəli bir dövlətə çevrilir. Artıq bu ölkədə, hətta öz vətəndaşlarının belə normal və təhlükəsiz yaşaması üçün lazımi şərait yoxdur. Başqa sözlə, Rusiya vətəndaşı olan heç bir insanın həyatı tam güvən altında deyil. İnsanlar öz evlərinin içində belə rahat yaşaya bilmirlər”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
O bildirib ki, xüsusilə də, rus olmayan millətlərin nümayəndələri — məsələn, azərbaycanlılar, özbəklər, qırğızlar, qazaxlar, türkmənlər, taciklər və digərləri daim bir narahatlıq, təhlükə hissi ilə yaşayırlar: “Onların cibində Rusiya Federasiyasının şəxsiyyət vəsiqəsi olsa da, on illərlə bu ölkənin vətəndaşı olub, burada doğulub, burada çalışıb və xidmət göstərsələr də, yenə də onların həyatları qorunmur. Ən acınacaqlısı isə odur ki, bütün bu insanlar bu dövlətin vətəndaşı kimi tanınsalar da, onlara qarşı münasibət çox zaman ayrı-seçkilik, laqeydlik və hətta düşmənçilik səviyyəsində olur.
Rusiya getdikcə daha aqressiv bir dövlətə çevrilir, xüsusilə də azərbaycanlılar üçün yaşanmaz bir ölkəyə dönür. Bu gün orada nəinki başqa millətlərdən olanlar, hətta öz vətəndaşları belə rahat və təhlükəsiz şəkildə yaşaya bilmir. Ona görə də düşünürəm ki, artıq Rusiya ilə bağlı dünya ciddi və qətiyyətli qərar verməlidir. Belə təcavüzkar və istibdadçı bir dövlət bundan sonra mövcud ola bilməz, davam etməməlidir. Dünyanın bütün ölkələri bu məsələdə bir araya gəlib, BMT səviyyəsində qərarlar qəbul etməlidirlər. Rusiya Federasiyası adlı dövlətin bu formada varlığına son qoyulmalıdır. Onun təzyiqi altında olan bütün xalqlar azadlığa qovuşmalıdır”.
“Heç bir xalqın — istər rus olsun, istər qeyri-rus bu istibdadın altında yaşamasına nə göz yumulmalı, nə də buna dözülməlidir. Bu səbəbdən də düşünürəm ki, artıq Rusiyanın bir dövlət kimi ləğv olunmasının və onun SSRİ-nin arxasınca göndərilməsinin vaxtı çoxdan çatıb. Yəqin ki, dünya xalqları bizim bu çağırışlarımızı eşidəcək. Çünki biz bu cür çağırışları durduğumuz yerdə etmirik. Demək olar ki, hər gün Rusiyadan azərbaycanlılarla bağlı acı xəbərlər gəlir. İnsanların evlərinə polis və ya ordu qüvvələri hücum edir. Evinin içində, ailəsinin gözü qarşısında adamlara işgəncə verilir, bəzən isə yerindəcə qətlə yetirilirlər. Belə bir dövlət, əlbəttə ki, yaşamamalıdır. Çünki bu cür bir rejimin mövcudluğu təkcə həmin ölkənin vətəndaşları üçün deyil, bütövlükdə dünya üçün təhlükə yaradır. Bu tip dövlətlər beynəlxalq sülhə və sabitliyə birbaşa təhdiddir” – deyə o, əlavə edib.